25 C
Bakı
09 Oktyabr 2025 17:58
Cəmiyyətİqtisadiyyat

İslahatlar olmadan su böhranından çıxış yoxdur.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda su ilə bağlı problem artıq 20-25 ildir davam etsə də, bu sahədə əsaslı islahatlar həyata keçirilməyib:

“Halbuki su təsərrüfatı dövlət büdcəsindən və xarici kreditlər hesabına ən çox maliyyə alan sahələrdən biridir. Buna baxmayaraq, hər il həm içməli su təchizatı, həm də suvarma ilə bağlı çətinliklər artır. Nəticədə iki istiqamətdə mənfi təsir yaranır: bir tərəfdən əhalinin içməli su təminatı həm həcm, həm də keyfiyyət baxımından zəifləyir, digər tərəfdən, kənd təsərrüfatında suvarma çatışmazlığı məhsuldarlığın azalmasına, əkinlərin yanmasına və iqtisadi itkilərə səbəb olur.
Azərbaycan su ehtiyatlarına görə dünyada aşağı göstəriciyə malikdir və BMT-nin “su stresi altında olan ölkələr” siyahısına daxildir. Qafqaz regionunda da ən az su ehtiyatı ölkəmizdədir – Gürcüstandan təxminən 6, Ermənistandan isə 2 dəfə azdır. Su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan və başqa yollarla formalaşır, yalnız 30 faizi daxili mənbələr hesabınadır. Buna görə də hər hansı qlobal su böhranı baş verərsə, xarici mənbələrdən asılılıq vəziyyəti daha da ağırlaşdıracaq”.

Sosioloq qeyd edib ki, problemin həlli üçün ölkənin su ehtiyatları elmi əsaslarla yenidən qiymətləndirilməlidir:

“Son belə qiymətləndirmə hələ Sovet dövründə, 1980-ci illərdə aparılıb və 27 milyard kubmetr su ehtiyatı müəyyən edilib. Bu göstəricilər hazırda dəqiqləşdirilməlidir. İkinci məsələ su resurslarının səmərəli idarə olunması və itkilərin azaldılmasıdır. Hazırda Azərbaycanda su itkiləri 35-40 faiz təşkil edir, bu da dünya üzrə qəbul edilən 4-5 faiz göstəricisindən dəfələrlə çoxdur. Bu vəziyyət köhnə infrastruktur, vaxtında betona çevrilməyən torpaq kanallar və az sayda su anbarlarının mövcudluğu ilə bağlıdır. Yeraltı su ehtiyatlarının istismarı üçün artezian quyularının sayı artırılmalı, kiçik çaylar üzərində yeni su anbarları tikilməlidir. Suvarmada qənaətcil texnologiyalar, xüsusilə damcılı və çiləmə sistemləri tətbiq edilməlidir. Dövlət fermerlərin bu texnologiyaları qurması üçün güzəştli kredit mexanizmləri yaratmalıdır.
Eyni zamanda, içməli suyun sənayedə texniki məqsədlərlə istifadəsinə son qoyulmalı, bu məqsədlər üçün alternativ texniki su mənbələri ayrılmalıdır. Torpaq kanallarda su itkisini azaltmaq üçün su xətləri beton və ya boru sistemlərinə keçirilməlidir. Bundan əlavə, sensor kranlar kimi qənaətcil avadanlıqların istifadəsi, yağış sularının toplanması və təkrar emal olunmuş suların sənaye sahələrində istifadəsi genişləndirilməlidir”.

E.Bayramlı xatırladıb ki, qlobal proqnozlara görə, qarşıdakı onillikdə quraqlıq və su qıtlığı daha da artacaq:

“Prezident İlham Əliyev də bir neçə il əvvəl keçirilən müşavirədə bu problemi xüsusi vurğulayıb, 35-40 faizlik su itkisini “yolverilməz” adlandırıb. Dövlət bu sahəyə böyük vəsait ayırsa da, məsul qurumların səmərəsiz fəaliyyəti və nəzarətsizlik nəticəsində gözlənilən nəticə əldə olunmayıb. Suyun əsas hissəsini sənaye müəssisələri və aqrar sektor istifadə edir, əhali isə ümumi sərfiyyatda nisbətən az paya malikdir. Buna görə də əsas diqqət istehsal və suvarma sahələrində itkilərin azaldılmasına yönəldilməlidir. Su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətcil texnologiyaların tətbiqi Azərbaycanın gələcək su təhlükəsizliyinin əsas şərtidir. Əks halda, ölkə həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərlə üzləşəcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tacirin qırmızı şalvarı… – Əli Mirəliyev kükrədi

admin

“Dedi ki, bir həkim tap, 8 min versin, onu sertifikasiya imtahanından keçirim” – Nazirliyə şok ittiham

redaktor

Fazil Mustafa oğlunun vəfatından danışdı: “Çiynimdə aparıb dəfn etdim, amma…” — VİDEO

redaktor