Mərakeş və Madaqaskarda “Z nəsli”nin etirazları baş verir. Artıq bir həftədir ki, hər iki ölkədə kütləvi nümayişlər və təhlükəsizlik qüvvələri ilə toqquşmalar keçirilir. Əsas hərəkətverici qüvvə korrupsiyadan, yoxsulluqdan və hökumətin sui-istifadəsindən narazı olan gənclərdir.
Mərakeşdə etirazçılar hökumətin vətəndaşların sosial ehtiyaclarına deyil, 2030-cu ildə keçiriləcək dünya çempionatına böyük məbləğdə vəsait xərcləməsindən qəzəbləniblər. Polisin camaata atəş açması nəticəsində iki nəfər həlak olub. 400-ə yaxın adam saxlanılıb, 300-dən çox insan yaralanıb. Etirazçılar baş nazir Aziz Axannuşun istefasını və “korrupsiyaya son qoymağı” tələb edirlər.
Madaqaskarda su və elektrik enerjisi çatışmazlığına qarşı etirazlar 2009-cu ildən hakimiyyətdə olan prezident Andri Rajoelinanın istefası tələblərinə çevrilib. Son bir həftə ərzində toqquşmalarda 22 nəfər ölüb, yüzə yaxın insan yaralanıb. Küçələrin təzyiqi altında Rajoelina hökuməti buraxdı, lakin etirazçılar bunun kifayət etmədiyini düşünürlər.
Sentyabr ayında Nepalda gənclərin kütləvi etirazları hökumətin dəyişməsinə səbəb oldu. Etirazlara “Z nəslinin inqilabı” adı verildi – ölkədə korrupsiya, işsizlik və böhrana qarşı etirazların hərəkətverici qüvvəsinə çevrilən tələbələr və gənc fəallar idi.
Dadaş Əhmədli