2017–2018-ci illər mənim həyatımda ən təhlükəli dönəmlərdən biri idi. Mən, bir jurnalist olaraq, SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin və onun “toxunulmaz” sayılan yaxın qohumu Anar Əliyevin korrupsiya əməllərini işıqlandırırdım. Yazdıqlarım sadəcə məqalə deyildi, dövlətin ən yüksək eşelonlarında qurulmuş korrupsiya şəbəkəsinin mərkəzinə atılmış bir güllə idi.
O gündən sonra həyatım dəyişdi. Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun əlaltısı Vüqar Əliyev məni prezident aparatına çağırıb açıq şəkildə təhdid etdilər. Bir gün telefonum çaldı, dəstəyi qaldıranda prezident aparatının ictimai-siyasi şöbəsinin vəzifəli şəxsi Cəmaləddin Quliyev belə qorxmadan məni açıq şəkildə təhdid etdi: “Ya sus, ya da həbs olunacaqsan”. Bu artıq xəbərdarlıq deyildi, açıq şantaj idi. Bir müddət sonra isə hədələr reallığa çevrildi: mən həbs olundum.
Ən dəhşətlisi onların etirafı idi: “Sən cənab prezident İlham Əliyevin siyasətinə zidd gedirsən.” Mən soruşdum: “SOCAR-da baş verən korrupsiyanı ifşa etmək necə olur ki, prezidentin siyasətinə qarşı çıxmaq deməkdir?” Cavab sarsıdıcı dərəcədə sadə idi: bütün bu korrupsiya əməliyyatlarının memarı elə İlham Əliyevin özüdür.
İlk baxışda bunu qəbul etmək çətindir. Heç kim inanmaq istəmir ki, bir ölkənin prezidenti açıq şəkildə korrupsiya imperiyasının başında dayansın. Amma zaman keçdikcə faktlar bir-birini tamamladı. Mənim araşdırmalarım, təhdidlər və həbsim bir həqiqəti təsdiqlədi: Azərbaycanın ən böyük oğrusu elə prezident İlham Əliyevin özüdür.
Bu gün həbs edilən SOCAR vəzifəlilərindən biri, Adnan Əhmədzadə, sadəcə icraçı fiqurdur. Rövnəq Abdullayev, Anar Əliyev və digərləri də eyni şəkildə sadəcə vitrin rollarını oynayırlar. Onlar prezidentin siyasi göstərişlərini icra edən piyada fiqurlardır.
Azərbaycan hakimiyyəti artıq dibinə qədər korrupsiya bataqlığında batıb. Bu rejim xalqın sərvətinin talanması üzərində qurulub. Dövlətin resursları xalq üçün deyil, bir ailənin maraqları üçün istifadə olunur. Və bu sistemin davam etməsi üçün jurnalistlər susdurulur, təhdid olunur, həbs olunur.
Bu gün Azərbaycan mediasında yazılır ki, guya Adnan Əhmədzadənin xarici ölkələrdə 50-60 milyon dəyərində əmlakı var. Amma bunu yazan media heç İlham Əliyevin təkcə Türkiyənin Bodrum şəhərində aldığı 500 milyon avro dəyərində turizm obyektinin adını çəkə bilmir. Adnan sadəcə İlham Əliyev üçün oğurladığı pulun 5-10 faizini oğurlayıb.
Bu Əliyev hakimiyyətinin qanunudur: Əliyev onun üçün çalışan kiçik oğrularına əldə olunan qənimətin 5-10 faizini verir.
Yaxşı, deyək ki, bu gün DTX tərəfindən saxlanılan Adnan Əhmədzadə etiraf etdi ki, “mən bütün bunları İlham Əliyevin göstərişinə əsasən etmişəm”. Bəs onda DTX İlham Əliyevi həbs edə biləcəkmi? Əlbəttə ki, yox. Ona görə də Əliyevin bu mafiya rejimi devrilməyənə qədər Azərbaycan xalqı firavan həyat yaşaya bilməyəcək.
Mənim yaşadıqlarım sadəcə şəxsi bir hekayə deyil. Bu, bütöv bir rejimin mahiyyətini açır. Azərbaycanda korrupsiyanı ifşa etmək sadəcə bir cinayəti açmaq deyil, bütöv bir rejimə meydan oxumaqdır. Və hər kəs bilməlidir ki, bu rejimin baş memarı və icraçısı məhz İlham Əliyevin özüdür.
Bəhruz Əliyev