Uzaq olmayan keçmişdə, təxminən 6-8 ay qabaq, Qərb mətbuatının nəhəng platformalarında ard-arda “Ukrayna uduzur”, “Rusiyanın irəliləməsini dayandırmaq mümkün deyil” və s. başlıqlı məqalələr dərc olunurdu və etiraf etmək lazımdır ki, gerçəkdən təşəbbüs Rusiya ordusunda idi, baxmayaraq ki, hər hansı blitskriq(ildırım sürətli irəliləmə) olmamışdı.
Bu gün durum dəyişir, dəyişib, strateji təşəbbüs Ukrayna ordusundadır: Rusiyanın dərinliklərində yerləşən strateji hədəflərə ağrılı və sistematik zərbələr, döyüş meydanında uğurlu taktiki mühasirələr həyata keçirilir və s.
Dünya bunu görür və Trampın əhvalında dəyişiklik də məhz bununla bağlıdır. Trampın əhvalından əlavə, Qərb mətbuatı da ritorikasını kəskin dəyişdi, kəskin demişkən nə az, nə çox 180 dərəcədə.
“Financial Times”ın bu gün dərc olunan “niyə Ukrayna müharibədə qalib gəlir” adlı məqaləsindən əsas tezisləri nəzərinizə çatdırmaq istəyirəm. Oxuyaq:
Rusiya təbliğatının iddialarına baxmayaraq, Ukrayna müharibədə qalib gəlir.
Hətta 2025-ci ilin fevralında Vladimir Zelenskini sərt tənqid edərək onu Rusiyanın tələblərinə güzəştə getməyə çağıran Donald Tramp belə, bu həftə bəyan etdi ki, “Avropa İttifaqının dəstəyi ilə Ukrayna mübarizə apara və QƏLƏBƏ QAZANA bilər”.
2022-ci il fevralın 24-də başlayan tammiqyaslı müharibədən sonra Rusiya rəhbərliyi və bir çox siyasətçilər Kiyevin işğal olunacağını və Ukrayna ordusunun bir neçə gün ərzində dağıdıcı məğlubiyyətə uğrayacağını gözləyirdilər.
Ukrayna ordusu dünyanı şoka salaraq Rusiyanın Kiyevə hücumunu dəf etdi. 2022-ci ilin son yayında onlar əks-hücuma keçərək Xarkov və Xerson bölgələrində iki böyük qələbə qazandılar və əhəmiyyətli əraziləri azad etdilər.
O vaxtdan bəri cəbhə xətti demək olar ki, dəyişməyib. Ruslar dayanmadan irəliləyiş görüntüsü yaratmağa çalışsalar da, fakt budur ki, 2022-ci ilin yazından bəri Kiyev, Xarkov və ya Xerson kimi strateji obyektlərin heç birini ələ keçirə bilməyiblər.
2025-ci ildə təqribən 200 000-300 000 ölü və yaralı bahasına rus ordusu cəmi Ukrayna ərazisinin 0,6%-ni(!!!) təşkil edən nazik sərhəd zolağını işğal edə bilib.
Əgər 2025-ci ildəki templə davam etsə, nəzəri cəhətdən Rusiyaya Ukraynanın qalan hissəsini işğal etmək üçün təxminən 100 il və on milyonlarla qurban lazım olardı. Əslində isə 2025-ci ilin avqustunda Rusiya 2022-ci ilin avqustu ilə müqayisədə daha az Ukrayna ərazisinə nəzarət edirdi.
Həqiqət budur ki, Ukrayna Rusiyanı çıxılmaz vəziyyətə salmağı bacarıb.
Dənizdə Ukraynanın uğurları da çox təsirli olub. Rusiyanın Qara dəniz donanmasının flagmanı “Moskva” və bir çox digər gəmiləri məhv edib.
Raketlərdən və pilotsuz uçuş aparatlarından innovativ istifadəsi sayəsində ukraynalılar Rusiyanın dəniz üstünlüyünü neytrallaşdırdılar, dəniz müharibəsinin xarakterini dəyişdilər və Qara dəniz donanmasının qalıqlarını cəbhədən uzaq təhlükəsiz limanlarda gizlənməyə məcbur etdilər.
Havada da Rusiya uğursuzluqla üzləşdi. İsrailin 12 günlük müharibə zamanı İran üzərində cəmi 36 saata hava üstünlüyü qazanması və bir dənə də olsun təyyarə itirməməsi fonunda, Rusiya hələ də Ukrayna üzərində hava nəzarəti əldə edə bilməyib. Rusiya Hərbi Hava Qüvvələri böyük itkilərə məruz qalıb, o cümlədən iyun ayında Ukraynanın Rusiyanın strateji bombardmançılarına zərbəsi nəticəsində.
Ukraynalılar bütün bunlara xarici ölkələrin birbaşa hərbi müdaxiləsi olmadan nail olublar. 2022-ci ilin fevralına qədər və ondan uzun müddət sonra NATO ölkələri Ukraynaya bir çox müasir ağır silah növlərinin verilməsindən imtina edirdi, digərlərinin istifadəsini isə məhdudlaşdırırdı. Bu məhdudiyyətlərin bəziləri hələ də qüvvədədir.
Nəticədə, 2022-ci ildə ukraynalılar yalnız məhdud silahlanma ilə Kiyev, Xarkov və Xerson uğrunda qələbə qazandılar.
2025-ci ildə Ukraynanın müdafiəsində ən zəif həlqə hələ də onun Qərb dostlarının beynindədir. Çünki Rusiya nə havada, nə dənizdə, nə də quruda üstünlük əldə edə bilib, onun strategiyası indi Ukraynanın mövqelərini yan keçərək, amerikalıların və avropalıların iradəsini sarsıtmaqdan ibarətdir.
Ruslar “Rusiyanın qələbəsi labüddür” təbliğatını yayaraq ümid edirlər ki, amerikalılar və avropalılar ruhdan düşəcək, Ukraynanı dəstəksiz qoyacaq və onu təslim olmağa məcbur edəcəklər.
Polşa, Almaniya və Fransa ordularında hər birində təxminən 200 000 əsgər var, onların əksəriyyəti döyüş təcrübəsinə malik deyil. Ukrayna ordusunda isə təxminən 1 milyon əsgər var və onların çoxu təcrübəli veteranlardır.
İki həftəlik Estoniya üzərindəki rus qırıcılarının və Polşa, Rumıniya (bəlkə də Danimarka) üzərindəki rus dronlarının uçuşlarından sonra avropalılar düşünməlidirlər ki, əgər Rusiya sabah Avropaya hücum etsə və ABŞ müdaxilə etməsə, Avropanın əsas hərbi üstünlüyü Ukrayna ordusu olacaq.
Amerika ordusunun da Ukraynadan öyrənəcəyi çox şey var, xüsusən də döyüş təcrübəsi və silah texnologiyaları sahəsində. Xüsusən pilotsuz müharibədə Ukraynanın innovasiyaları və geniş məlumat bazası onu dünya liderinə çevirib. Yəqin ki, məhz buna görə prezident Tramp son vaxtlar Ukraynaya daha müsbət yanaşır. O, qalibləri dəstəkləməyi sevir.
Müharibəni daha çox şəhərləri dağıdan və ya daha çox insan öldürən tərəf qazanmır. Müharibəni siyasi məqsədlərinə çatan tərəf qazanır. Və artıq aydındır ki, Putin öz əsas hərbi məqsədinə – Ukrayna millətini məhv etməyə nail ola bilməyib.
Putin öz çıxışlarında dəfələrlə iddia edib ki, Ukrayna heç vaxt həqiqi millət olmayıb. Bu, məsələn, onun 2021-ci ilin iyulunda dərc etdiyi geniş məqaləsinin əsas tezisi idi. Putinin fikrincə, Ukrayna guya Rusiyanı zəiflətmək üçün xarici dövlətlər tərəfindən yaradılmış uydurma dövlətdir. O, bütün dünyaya göstərmək üçün müharibə başladı ki, guya Ukrayna milləti mövcud deyil, ukraynalılar əslində ruslardır və ilk fürsətdə sevinclə “Ana Rusiyanın” tərkibinə qoşulacaqlar.
Putinin illüziyaları və ambisiyaları üzündən daha nə qədər insanın öləcəyi məlum deyil, amma bir şey bütün dünyaya aydın oldu: Ukrayna tamamilə real dövlətdir və milyonlarla ukraynalı müstəqilliyini qorumaq üçün ölüm-dirim mübarizəsinə hazırdır.
Millətlər quru torpaqdan ibarət deyil. Onlar insanların yaddaşında olan hekayələrdən, obrazlardan və xatirələrdən ibarətdir.
Rus işğalının, rus vəhşiliklərinin və ukraynalıların qurbanlarının xatirəsi gələcək nəsillər üçün ukrayna patriotizmini bəsləməyə davam edəcək və güclü Ukrayna milliyyətinin formalaşdıracaq.