Azərbaycanda siyasi fəallıq göstərmək yalnız riskli deyil, insanın həyatını hər mənada alt-üst edən bir vəziyyətə çevrilib. NİDA Vətəndaş Hərəkatının üzvü, İT mütəxəssisi İsmayıl Tağıyevin fikirlərini oxuyuram: o, ölkəsində “arzuolunmaz şəxs” elan edildiyini və buna görə də iş tapmaqda ciddi maneələrlə üzləşdiyini bildirir. Amma məsələ yalnız İsmayılın taleyi ilə bitmir, Azərbaycanda müstəqil düşünən hər kəs eyni aqibəti yaşayır.
Burada fərqli fikir açıq-aydın “cinayət” kimi damğalanır. Dövlət idarələri və özəl müəssisələrdə gizli siyahılar dolaşır, müxalif düşüncəli insanlar işə qəbul edilmir, hər cür imkanlardan kənarlaşdırılır. Bu, əslində həbsxanasız həbsdir. İnsanları zindana salmadan da məhv etmək olar: onların iş imkanlarını əlindən al, cəmiyyətdən təcrid et, iqtisadi asılı vəziyyətə sal.
İlham Əliyevin sərt tənqidçiləri isə daha da ağır vəziyyətlə üzləşirlər. Onlar dərhal “vətən xaini” elan olunur, təhqir edilir, linç kampaniyaları ilə gözdən salınır, nəticədə çox vaxt həbsxanaya göndərilirlər. Bu, hakimiyyətin fərqli düşüncəyə qarşı açıq müharibəsidir.
Əgər sən bu ölkədə hakimiyyətin təbliğatına qoşulmursansa, sadəcə iş tapmaq deyil, hətta nəfəs almaq belə lüksə çevrilir. Təhsil, biznes, sosial imkanlar hamısı sənə qarşı bağlanır. Hakimiyyət bununla bir mesaj verir: “Ya sus, ya da bu ölkədən get.”
Amma burada böyük bir sual qalır: fərqli düşünənləri “arzuolunmaz” elan edən dövlət özü xalqın gözündə nə qədər “arzuolunan” qala bilər?
Bəhruz Əliyev