Demokrat Partiyası (DP) iqtidarını devirən hərbçilərin sonrakı proseslərlə bağlı heç bir planları yox idi. Onlar hakimiyyəti mənimsəmək fikrində deyildilər. Amma nə edəcəklərini də bilmirdilər. Hakimiyyət kimə veriləcəkdi, hansı yolla veriləcəkdi, bu suallara cavab tapılmadı. Hərbçilər yardım üçün Konstitusiya komissiyasına dəvət etdikləri hüquqçulara müraciət etdilər.
Məsləhətləşmələrdən sonra hakimiyyəti qısa müddət əldə saxlamaq qərara alındı. Çevrilişdə önəmli rol oynayan 38 hərbçidən ibarət Milli Birlik Komitəsi (MBK) yaradıldı. Komitə özünü qanunverici orqan elan edərək parlamentin səlahiyyətlərini mənimsədi. Onun sədri orgeneral Cemal Gürsel oldu. Hökuməti də o formalaşdırdı.
Mayın 30-da fəaliyyətə başlayan 24-cü Cümhuriyyət hökumətində yalnız Baş nazir Gürsel və və yardımçısı Fahrettin Özdilek hərbçi idilər. Digər nazir vəzifələrini heç bir partiyanın üzvü olmayan peşəkarlar tutdular. Beləcə, siyasi deyil, texnokrat bir hökumət quruldu.
Hələ çevriliş günü radio ilə xalqa müraciət edən Gürsel çevrilişin ölkənin yuvarlanmaqda olduğu qardaş qırğınından qurtarmaq üçün edildiyini söyləyirdi: “Əsla bir diktatorluq həvəsində deyiləm. Bütün amalım sürətlə bu məmləkətdə təmiz və dürüst bir demokratik nizamı qurmaq, dövlətin idarəsini millətin iradəsinə təhvil verməkdir”.
Mayın 28-də mətbuat konfransı keçirən Gürsel 3 ay müddətinə seçkilər keçiriləcəyini söyləyir. Ertəsi gün onunla görüşən İnönü də tezliklə seçkilərə getməyi tövsiyə edir. Bu görüş haqqında yaxınlarına danışan Gürsel “İsmet paşa gərdəyə girəcək dəliqanlı qədər iqtidar üçün səbirsizdir” söyləyir. Amma məsələ bu qədər bəsit deyildi.
Böyük təcrübəsi olan İnönü hakimiyyətdən əl çəkməyin nə qədər çətin olduğunu, hərbi idarəetmənin deyiləndən uzun sürə biləcəyini anlayırdı. Zatən çevriliş xəbərini eşidəndə ilk reaksiyası “Çox çalışdım, anlada bilmədim. Daha yaxşımı oldu? İndi hərbi idarə gələr, amma nə zaman və necə gedəcəyi bəlli olmaz” şəklində oldu.
Amma Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvlərinin çoxu bayram əhval-ruhiyyəsində idilər və hətta bəzi DP üzvlərinin tutulmasına yardım edirdilər. Bununla əlaqədar partiya bir bildiriş yayaraq üzvlərindən “bu həssas dövrdə… intiqam hisslərindən, xüsusi qərəz meyllərindən” uzaq durmalarını istədi.
MBK iyunun 12-də 1924-cü il konstitusiyasının “bəzi hökmlərinin qaldırılması və bəzi hökmlərinin dəyişdirilməsi haqqında Keçici Qanun” qəbul etdi. Bu qanunda yeni konstitusiya və yeni seçki qanunu əsasında keçiriləcək seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisi formalaşana qədər ölkəni MBK-nin idarə edəcəyi göstərilir, komitə üzvləri adbaad sadalanır və başqa müddəalar əks olunurdu.
Cemal Gürselin tezliklə seçki keçirmək niyyətini MBK daxilində heç də hamı bölüşmürdü. Bir qrup hesab edərdi ki, “inqilabın” öz hədəflərinə çatması üçün hərbçilər hələ bir neçə il hakimiyyətdə qalmalıdırlar. Onlar deyirdilər ki, Türkiyənin bir sıra təcili islahatlara ehtiyacı var və bu islahatları hərbi xunta vasitəsilə həyata keçirmək daha asandır.
Həmin qrupun rəhbərinə çevrilən Alparslan Türkeş sonralar öz mövqeyini həm də onunla izah edirdi ki, o dövrdə seçki keçirilməsi hakimiyyətin CHP-na verilməsindən başqa bir şey olmayacaqdı və hərbçilərin partiyalarüstü mövqeyinə xələl gətirəcəkdi. Bu dövrdə MBK daxilində Türkeşin nüfuzu xeyli artır, səsvermələr zamanı daim onun dedikləri keçir, Cemal Gürsel belə istədiyinə nail ola bilmirdi.
Belə bir vəziyyətdə Gürsel və Cemal Madanoğlu bir plan qurdular. Noyabrın 13-də Türkeşin qrupundan 14 nəfər əvvəlcə öz evlərində nəzarətə alındılar, bir neçə gün sonra isə müxtəlif ölkələrdəki Türkiyə səfirliklərinə attaşe göndərildilər. Türkeş özü Hindistana yollandı. MBK buraxıldı və yenidən, bu dəfə 23 nəfərdən (daha bir MBK üzvü, tüğgeneral İrfan Baştuğ hələ sentyabrda avtoqəzada həlak olmuşdu) təşkil olundu.
Bununla belə, seçkilərin keçirilməsi ilyarım müddət tələb etdi, bunun da obyektiv səbəbləri vardı. Çünki seçkilərdən öncə yeni konstitusiya hazırlanmalı, referendumda qəbul edilməli, bundan sonra yeni seçki qanunu əsasında seçkilər keçirilməli idi. Əslində Gürselin dediyi 3 ay qeyri-real müddət idi.
***
Hərbçilərin DP iqtidarının nümayəndələrini məsuliyyətə cəlb etmək kimi bir fikirləri də əvvəlcə yox idi. Çevriliş zamanı həbs edilən DP-lilərin çoxu elə həmin gün evlərinə buraxılmışdılar. Alparslan Türkeş “Demirkırat” belgeselinə verdiyi müsahibədə iqtidarın əsas simalarının bir müddət ölkədən sürgün edilmələrini, ola bilsin, İsveçrəyə göndərilmələrini düşündüklərini söyləyir. Amma bu zaman məsələyə yenə hüquqçular qarışdılar.
Hüquqçuların fikrinə görə, əgər devrilən iqtidar məsuliyyətə cəlb olunub günahları sübut olunmazsa, çevrilişin qanuniliyi şübhə altına düşürdü. 27 mayda baş verənlərin qanunsuz çevriliş deyil, “meşru”, yəni qanuni inqilab olmasını əsaslandırmaq lazım idi. Belə olduqda, əksəriyyəti millət vəkili olan yüzlərlə DP üzvü yenidən həbs olundu. Bir neçə gündən sonra onlar Mərmərə dənizində yerləşən Yassıadaya köçürüldülər.
DP iqtidarının bir xeyli nöqsanları və günahları var idi. Amma həmin günlər onlar haqqında mətbuatda yazılanları çirkin iftiradan başqa bir şey adlandırmaq mümkün deyil. Aprelin sonlarında baş verən tələbə etirazları zamanı yüzlərlə tələbənin öldürülməsi, Celal Bayarın hansısa bankda 103 milyon lirə pulunun olması, keçmiş parlament sədri Refik Koraltanın İstanbul və Ankarada 19 mənzilinin olması, Qars və Artvinin SSRİ-yə verilməsi planı və başqa şayiələr dövriyyəyə buraxıldı.
Bir çox iddialara görə, dustaqlar Yassıadada alçaldıcı rəftara, hətta fiziki zorakılığa məruz qalmışlar. Amma adadakı hərbçilərə komandirlik edən Tarık Güryay 1980-ci illərdə bir jurnalistə verdiyi müsahibədə bunu inkar edir, sadəcə tələbələrə atəş açmaq əmri verən Bumın Yamanoğlu kimi bir neçə polisləri şəxsən döydüyünü etiraf edir.
1960-cı ilin sentyabrına doğru Türkiyə cəmiyyətində Yassıada məhbuslarının çox ağır şəraitdə saxlanılması barədə xəbərlər yayıldıqda, hərbçilər saxlanma şəraiti haqqında sənədli film çəkməyi qərara aldılar. Əlbəttə ki, bu zaman hər şey xeyli çəhrayı rəngdə təsvir edildi. Məhbusların mağazadan alış-veriş etmələri, həyətdə gəzişmələri, səliqəli yeməkxanada xörək yemələri, kitab oxumaları əks olunurdu. “Düşüklər Yassıadada” adlanan bu filmdə səslənən diktor mətni olduqca aşağılayıcı idi və təqsirsizlik prezumpsiyasını ciddi şəkildə pozurdu.
Belə bir səhnələşdirmədə rol almağa məcbur olması Celal Bayara çox pis təsir etdi. Sentyabrın 25-də öz kamerasında “Ailəmə. Bayar ismindən utanmayın. Onunla iftixar edəcəyiniz günlər yaxındır” yazılmış kağız buraxdı və gözətçilərə hamama getmək istədiyini bildirdi. Burada isə öz qayışı ilə intihar etməyə cəhd göstərdi. Amma qapının arxasında duran gözətçinin sayıqlığı sayəsində xilas edildi. Qurtulan Bayar “Bizə Yaşılcam oyunçuları kimi film çəkdirdilər, rəvayi haqmıdır bu?” deyərək üsyan etdi.
***
DP-li məhbuslar üzərində məhkəmə oktyabrın 14-də başladı. Sayları 592 nəfər olan müttəhimlərə qarşı cəmi 19 ittiham irəli sürülmüşdü. Onları məhz bu proses üçün yaradılması Keçici Qanunda nəzərdə tutulan Yüksək Ədalət Divanı mühakimə edirdi. Salim Başolun rəhbərlik etdiyi Divan heç də obyektiv sayılmazdı və müttəhimlərə qarşı qərəzli münasibəti aşkar idi.
19 ittihamın içində “6-7 eylül olayları”, tələbə etirazlarının amansızlıqla yatırılması, müxalifətin sərbəst hərəkətini məhdudlaşdıran Topkapı, Çanaqqala və Kayseri olayları kimi hadisələrlə yanaşı daha əhəmiyyətsiz “köpək davası”, “bəbək davası” və başqaları vardı. Amma ən ağır hökmlərin, o cümlədən edam hökmlərinin çıxarılmasına səbəb olan ittihamlar ümumilikdə “Anayasanın ihlalı”, yəni konstitusiyanın pozulması adlanan səkkiz ittihamdan ibarət idi.
Bu ittihamlara CHP-nın əmlakının müsadirə edilməsi, seçkilərdə müxalifətə səs verdiyinə görə Kırşehirin ilçeyə çevrilməsi, hakimləri zorla pensiyaya göndərmək haqqında qanunun qəbulu ilə məhkəmə müstəqilliyinin pozulması, 1954 və 1957-ci illər seçkiləri öncəsi seçki qanunlarına antidemokratik dəyişikliklərin edilməsi, sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran qanunların qəbulu daxil idi. Daha üç ittiham isə Təhqiqat komissiyasının yaradılması və ona fövqəladə səlahiyyətlərin verilməsi haqqında idi.
Əslində bu ittihamlar mahiyyətcə doğru idi və DP iqtidarı həqiqətən də demokratiyanı ciddi surətdə zədələyən qanunlar qəbul etmişdi (mətbuata olan basqılar ittihamlarda yer almırdı). Amma o zaman ölkədə konstitusiya məhkəməsi yox idi. Üstəlik, qüvvədə olan konstitusiyaya görə, millət vəkilləri parlament iclaslarında səsləndirdikləri fikrə, verdiklərə səsə görə məsuliyyətə cəlb oluna bilməzdilər. Amma Yüksək Ədalət Divanı belə nüanslara fikir vermək niyyətində deyildi.
Məhkəmə araşdırması 11 ay davam etdi və 1961-ci il sentyabrın 15-də qərarını açıqladı. Aralarında prezident Celal Bayarın, baş nazir Adnan Menderesin, parlament sədri Refik Koraltanın, Baş qərargah rəisi Rüştü Erdelhunun da olduğu 15 nəfər edama məhkum edildi. 30 nəfər ömürlük, 418 nəfər müxtəlif müddətli (4 il 2 aydan başlayaraq 20 ilə qədər) həbslərə məhkum edildilər. 123 nəfərə bəraət verildi, daha 6 nəfər isə məhkəmə müddətində vəfat etdi.
Amma hökm oxunan zaman Menderes məhkəmə zalında deyildi. O, həmin gün səhərə yaxın intihara cəhd göstərmişdi. Hər gün qəbul etmək üçün bir ədəd aldığı yuxu həblərinin bir hissəsini gizlətmiş və həmin gün 35 ədəd birdən qəbul etmişdi. Amma səhər tezdən kamerasına daxil olan gözətçinin qaldırdığı həyəcan nəticəsində mədəsi yuyuldu və həyata qaytarıldı.
Keçici Kanuna görə edam hökmləri MBK tərəfindən təsdiqlənməli idi. Qərarlar elə həin gün reaktiv hərbi təyyarə ilə Ankaraya gətirildi və müzakirəyə çıxarıldı. Komitənin bəzi üzvləri bütün edam hökmlərinin ömürlük həbslə dəyişdirilməsini istədilər. Amma səsvermə zamanı bu təklifi cəmi 9 nəfər dəstəklədi, 13 nəfər əleyhinə çıxdı (27 may çevrilişinin əsl rəhbəri Cemal Madanoğlu Gürsellə fikir ayrılığı səbəbindən üç ay öncə MBK üzvlüyündən istefa vermişdi).
Bundan sonra adbaad səsvermə keçirildi. Komitə 11 nəfərin cəzasının ömürlük həbslə dəyişdirilməsinə qərar verdi. Dörd nəfərin cəzası isə təsdiqləndi. Bunlar Bayar, Menderes, DP iqtidarının xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Hasan Polatkan idilər. Edamların əleyhinə səs verən MBK sədri Cemal Gursel öz səlahiyyətlərindən istifadə edərək Celal Bayarın yaşının 65-i keçməsi səbəbinə dayanaraq onun da cəzasını ömürlük həbslə əvəzlədi.
ABŞ prezidenti C. F. Kennedi, Böyük Britaniya kraliçası II Yelizaveta, Fransa prezidenti Ş. de Qoll, Qərbi Almaniyanın kansleri K. Adenauer, Pakistan prezidenti Məhəmməd Əyyub xan və İran şahı Məhəmməd Rza Pəhləvi edamların ləğvü üçün Gürselə müraciət etdilər, amma onun edə biləcəyi bir şey yox idi. MBK-nin üzvləri hətta hərbçilər arasında böyük nüfuzu olan İsmet İnönünün də xahişini eşitmədilər.
Hərbçilərin Menderesin edamı üzərində israr etmələrinin maraqlı izahlarından biri də ondan ibarət idi ki, baş nazir London yaxınlığındakı təyyarə qəzasından sağ qurtulmasından sonra xalq arasında onun ölümsüzlüyü, sevimli bəndə olması barədə inanc yayıldı. İndi də “hətta ordu da öldürə bilmədi” düşüncəsinin yayılmaması üçün mütləq edam olunmalı idi. Bəzi hərbçilər isə 12 nəfərin edamının dəyişdirilməsindən də narazı idilər və yeni hərbi çevrilişlə təhdid edirdilər.
Menderesin arvadı Berrin xanım yardım istəmək üçün İnönünün evinə getdi. Yanında olan oğlu Aydının sonralar söylədiyinə görə, üzüntülü və gözləri yaşlı olan paşa “Bunlar çılğın vəziyyətdədirlər. Bir dürlü söz dinlədə bilmirəm” söylədi. Amma İnönü bu görüşdən sonra yenə Gürselin yanına getdi, fəqət Gürsel də çarəsiz idi, ordu edam tələb edirdi. İsmet paşanın çevrilişdən 40 gün öncə söylədiyi “Belə davam etsəniz, sizi mən də xilas edə bilmərəm” sözləri həyata keçirdi.
***
Müalicəsi hələ davam edən Menderes istisna olmaqla, ölüm hökmünə məhkum edilən digər 14 nəfər elə həmin gün İmralı adasına aparıldılar. Edam burada asılmaqla həyata keçiriləckdi. Hərəsi ayrıca kameraya salınan məhbuslar öz ölüm vədələrini gözləməyə başladılar. Bu zaman MBK-nin qərarı gəldi.
Səhərə yaxın, artıq sentyabrın 16-da 2 nəfər edam olundu. Keçmiş xarici işlər naziri Fatin Rüştü Zorlu edam zamanı göstərdiyi dəyanətlə hamının ehtiramını qazandı. Tarik Güryay yazır: “Hətta həyəcandan əli titrəyən cəllada “Oğlum, nə titrəyib durursan? İlmək sənin deyil, mənim boğazıma keçəcək” dedi. Sonra sanki özünü uzsuz-bucaqsız boşluğa atar kimi “Allah məmləkəti qorusun, haydı, Allahaısmarladık” dedikdən sonra ayaqlarının altındakı kətili itələmək işini də kimsəyə buraxmadı”. Keçmiş maliyyə naziri Hasan Polatkan isə o qədər duruş göstərə bilmədi. Güryay onun haqqında belə yazdı: “Bəlkə də ölüsü asıldı. Gözətçilər onu çətinliklə yürütdülər”.
Edam cəzaları dəyişdirilən 12 nəfərə xəbəri Tarık Güryay özü çatdırır. Sonralar xatırlatdığına görə, onlardan 11 nəfəri öz sevinclərini açıq-aşkar büruzə verirlər. Refik Koraltan hətta “ver, əlini öpəcəyəm” söyləyir. Təkcə Celal Bayar tükünü tərpətmədən “yaa, öylemi?” söyləyərək laqeyd reaksiya verir. Bu 12 nəfər elə həmin gün İmralıdan aparıldılar.
Son məhkəmə iclasında iştirak etmədiyi üçün hökmlərdən xəbəri olmayan Adnan Menderes isə sentyabrın 17-də səhər saatlarında Yassıadadan İmralıya gətirildi. Burada hökmü üzünə oxundu və məhz bu zaman edam ediləcəyini öyrəndi. Edam saat 13.21-də həyata keçirildi və on il Türkiyənin baş naziri olmuş şəxsin son sözləri “Heç kəsə küskün deyiləm” oldu.
***
Həyatını itirənlər təkcə edam olunanlar deyildilər. Hələ 1960-cı il iyunun 16-da, yəni Yassıadaya gəldikdən bir neçə gün sonra hökumət yanında Müşahidə Şurasının keçmiş üzvü Lütfi Şaylan rəsmi versiyaya görə ürək tutmasından vəfat etdi. İyulun 14-də keçmiş Konya valisi Cemil Keleşoğlu biləklərini kəsərək intihar etdi. Deyilənlərə görə, hərbçilərdən birinin onu döyməsini qüruruna sığışdırmadı.
Növbəti vəfat edən DP-nin erməni əsilli İstanbul millət vəkili Zakar Tarver oldu. Onun gəmiyə minərkən bir hərbçinin badalaq vurması nəticəsində yıxıldığı və başının xəsarət alması iddia olunurdu. Tarver sentyabrın 19-da, İstanbulun keçmiş polis rəisi Oktay Vural sentyabrın son günü öldülər. Bu adamlar məhkəməyə başlayana qədər öldüklərindən müttəhimlər arasında yer almadılar.
Noyabrın 28-də yəhudi əsilli millət vəkili Yusuf Salman keçindi. Keçmiş səhiyyə və sosial yardım naziri Lütfi Kırdar 1961-ci il fevralın 17-də məhkəmə zalında ifadə verərkən ürək tutmasından vəfat etdi. Millət vəkili Gazi Yigitbaşı aprelin 12-də, keçmiş nəqliyyat naziri Yümnü Üresin mayın 30-da, 1950-1954-cü illərdə Baş qərargah rəisi olmuş orgeneral Nuri Yamut iyunun 5-də keçindi. Daha bir millət vəkili Kenan Yılmaz isə avqustun 5-də vəfat etdi.
Beləliklə, çevriliş günü intihar etdiyi söylənilən daxili işlər naziri Namik Gediklə birlikdə belə qurbanların sayı 11 nəfər idi. Bir çox iddialara və dustaq yoldaşlarının dediklərinə görə, onların çoxu döyülmək nəticəsində ölmüşdülər.
***
1961-ci il iyulun 9-da keçirilən referendumla Türkiyə Cümhuriyyətinin yeni konstitusiyası qəbul edildi. Seçkilərdə iştirak edənlərin 61,8 faizi konstitusiya layihəsinin lehinə, 38,2 faizi isə əleyhinə səs verdi. Layihənin əleyhinə təbliğatın qadağan olduğunu nəzərə alsaq, “yox” deyənlərin faizi olduqca yüksək idi. Hətta 11 vilayətdə “yox” deyənlər üstünlük təşkil etdilər.
Cümhuriyyətin ikinci konstitusiyası bir sıra önəmli yeniliklərə malik idi. Türkiyə Böyük Millət Məclisi indi iki palatadan ibarət oludu: Millət Məclisi və Senat. Prezident yalnız bir dəfə 7 illik müddətə seçilə bilərdi, seçildiyi andan partiya üzvlüyü (əgər varsa) dayandırılırdı. Konstitusiya məhkəməsi yaradılırdı, məhkəmə müstəqilliyi və hakimiyyət bölgüsü təsbit edilirdi. Seçkilərdə proporsional sistem tətbiq olunurdu və s.
Oktyabrın 15-də keçirilən seçkilərin nəticələri Demokrat Parti iqtidarından narazılığın xeyli azaldığını ortaya qoydu. Burada yəqin ki, edamlardan doğan mərhəmət hissi də öz sözünü dedi. CHP ümid etdiyindən xeyli aşağı nəticə göstərdi: 36,7% və 173 mandat. 1960-cı ilin sentyabrında məhkəmə qərarı ilə qapadılan DP-nin bir çox üzvlərinin qatıldığı Ədalət Partiyası ikinci yeri tutdu: 34,8% və 158 mandat. Cümhuriyyətçi Köylü Mİllət Partiyası 14% səslə 54 mandat, Yeni Türkiyə Partiyası isə 13,7% səslə 65 mandat qazandı.
Senat isə üç üsulla formalaşırdı. 150 senatoru xalq seçirdi. “Kontenjan senatoru” adlanan 15 üzvü prezident təyin edirdi. Milli Birlik Komitəsinin 22 üzvü və keçmiş prezidentlər də Senatın avomatik üzvü olurdular və “təbii senator” adlanırdılar. İlk dəfə majoritar üsulla keçirilən Senat seçkilərində ƏP 71, CHP 36, YTP 27, CKMP 16 yer qazandı.
Seçkilərdən 12 gün sonra Milli Birlik Komitəsi səlahiyyətlərini TBMM-ə təhvil verərək özünü buraxdı. CHP və ƏP üzvlərindən formalaşan, Cümhuriyyətin ilk koalisyon hökumətində İsmet İnönü baş nazir oldu. Beləliklə, hərbi çevrilişdən ilyarım sonra Türkiyədə mülki hakimiyyət bərpa edildi.
Cemal Gürsel isə istirahətə çəkilmək istəməsinə, hətta başqalarının namizədliyini irəli sürməsinə baxmayaraq parlament tərəfindən prezident seçildi. O, bu vəzifəsini 1966-cı ildə insult səbəbindən komaya düşənə qədər heç bir məvacib almadan, hərbçi pensiyası ilə qane olaraq yerinə yetirdi.
Yassıadada uzun müddətli həbsə məhkum olunanlar öz cəzalarını sonra qədər çəkmədilər. Artıq 1963-cü ildən başlayaraq onlardan bəziləri azad edildi. Edam cəzası dəyişdirilənlərdən biri olan Zeki Erataman malicə olunduğu xəstəxanadan 1963-cü ilin sentyabrında qaçdı və Yunanıstana keçdi. Celal Bayar, Rüştü Erdelhun, Samet Ağaoğlu və başqaları 1964-cü ildə azadlığa çıxdılar. Bir sıra məhkumlar 1965-ci il aprelin 8-də, qalanları da 1966-cı il avqustun 3-də qəbul olunan əfvlə azad olundular.
***
Türkiyə Cümhuriyyətinin ilk demokratiya sınağı beləcə uğursuz oldu. Seçki yolu ilə hakimiyyətə gələn qüvvə eyni yolla hakimiyyətdən gedə bilmədi. Demokratiyalarda seçkini uduzmaq, hakimiyyəti itirmək faciə deyil, çox vaxt yenilənmək və müəyyən fasilədən sonra bir daha hakimiyyətə gəlmək üçün fürsətdir.
Təəssüf ki, Demokratik Partiya iqtidarı belə düşünmürdü. Onun rəhbərləri var gücü ilə hakimiyyəti itirməməyə çalışır, müxalifəti və mətbuatı susdurmaq, hər hansı etiraz təzahürünü boğmaq üçün antidemokratik qanunlar qəbul edirdilər. Ölkənin iqtisadi vəziyyəti pisləşdikcə və narazılıqlar artdıqca belə tədbirlər daha sərt olurdu, bu da öz növbəsində narazılıqları daha da artırırdı. Bayar və Menderes bu qapalı dairədən çıxışın olmadığını vaxtında anlamadılar.
Demokratik vərdişlərə yiyələnərkən siyasi institutlar, mexanizmlərlə yanaşı şəxslərin və şəxsi nümunələrin də önəmli rolu var. Necə ki, ABŞ-da heç bir qanuni məhdudiyyət olmadığı halda Corc Vaşinqton iki dəfədən artıq prezident seçilməmək ənənəsinin əsasını qoydu. DP liderləri isə belə bir nümunəni sərgiləyə bilmədilər.
27 may çevrilişinə müqayisəli baxdıqda bir xeyli müsbət məqamlar görünə bilər. Bir çox analoji hadisələrdən fərqli olaraq (məsələn, Cənubi Amerikadakı hərbi xuntalardan), hərbçilər hakimiyyəti mənimsəmədilər, çevrilişdən dərhal sonra həbsdəki jurnalistlər azad edildilər, demokratiyaya keçidi təmin etdilər, Türkiyənin ən demokratik konstitusiyası qəbul olundu, çoxluğun özbaşınalığını əngəlləmək üçün konstitusiya məhkəməsi yaradıldı və s.
Amma bütün bunlarla yanaşı, çevriliş hərbçilərin siyasətə müdaxiləsi presedentini ortaya qoydu və Türkiyənin sonrakı tarixi boyu demokratiyanın oturuşmasında ciddi problemlər yaratdı, növbəti hərbi müdaxilələrə əsas verdi. Bu isə haqq qazandırılması heç cür mümkün olmayan edamları və digər ölüm hallarını nəzərə almadan belə, hərbi çevrilişi neqativ səciyyələndirir.
Yadigar Sadıqlı
