Müdafiə və təhlükəsizliyə cəmi xərclər 2025-ci il xərclərinin 41 faizini təşkil edib.
Moskva vilayətində yaşayan tacik miqrant Səidindiyədək taksi sürməklə dolanışığını təmin edirdi. Son həftələr benzin 30 faizdən çox bahalanıb – litri 45 rubldan 60 rubla yüksəlib, Səidin indi gündəlik xərclərini güclə ödəyir.
“İşləyirsən, kirayəni verirsən, qazpulu ödəyirsən – hamısı xərcdir”, – o, AzadlıqRadiosuna danışır.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel yazır ki, Rusiyanın vilayətlərində də qiymət qalxıb, yanacaq qıtlığı yaşanıb. Moskvanın tabloid qəzetlərindən biri Rusiyanın irimiqyaslı yanacaq böhranı həddinə çatdığını yazıb.
Qıtlığın bir səbəbi kimi Ukrayna qüvvələrinin hədəfli dron kampaniyası göstərilir, Rusiyanın emal gücünün 17 faizi sıradan çıxarılıb. Amma müəllif rusiyalı istehlakçıların daha geniş iqtisadi yavaşlamanın təsirini getdikcə daha çox hiss etdiyini yazır.
İnflyasiya
Mərkəzi Bank artan inflyasiyanı cilovlamağa çalışır. Kreml həm də yavaşlamanın Ukrayna müharibəsinə dəstəyə təsir göstərməyəcəyinə ümid edir.
“Böhran davam edir, inkişaf edir, artır və güclənir”, – bunu rusiyalı iqtisadçı İqor Lipsits AzadlıqRadiosunun tatar-başqırd xidmətinə deyir.
Digər iqtisadçılar isə durumu kritik, yaxud gözlənilməz saymırlar.
“Bu, artımda gözlənən yavaşlamadır. Hazırda yumşaq enişə bənzəyir, nəinki kəskin böhrana”, – bunu isə Finlandiya Bankının İnkişaf Etməkdə olan İqtisadiyyatlar İnstitutunun iqtisadçısı Lora Solanko deyib.
M.Ekkel Rusiya iqtisadiyyatını son iki ildən artıq müddətdə mühərriki güclü, amma sükanı getdikcə tarazlığını itirən yük maşınına bənzədir. Kreml xaricə neft-qaz satışından gələn pulları Ukraynada apardığı təcavüzkar müharibə üçün tank, top, mərmi, dron istehsalına yönəldib. Müdafiə və təhlükəsizliyə cəmi xərclər 2025-ci il xərclərinin 41 faizini təşkil edib. Bu, Soyuq müharibədən bəri ən yük göstəricidir.
Üstəlik, hökumət kişiləri müharibəyə cəlb etmək üçün xeyli yüksək məvacib, imtiyazlar ödəyib.
Nəticədə ölkənin nisbətən yoxsul regionları nağd pulla dolub, əmək bazarlarında təhrif yaranıb, maaşlar yüksəlib, inflyasiya 10 faizə çatıb. Mərkəzi Bank isə inflyasiyanı cilovlamaqdan ötrü faiz dərəcəsini qaldırıb.
Nəticəsi?
Bu ilin ilk üç ayında ÜDM öncəki üç ayla müqayisədə 0.6 faiz azalıb. 2022-ci ildə Qərbin sanksiyaları, Qərb şirkətlərinin ölkədən kütləvi gedişindən sonra iqtisadiyyat 1.4 faiz kiçilmişdi.
Prezident Vladimir Putinin aparıcı müşavirləri də azalma xəbərdarlığı edirlər. Maliyyə naziri Anton Siluanov cəmi 1.5 faizlik artım olacağından, “Sberbank”ın rəhbəri Qerman Qref mümkün durğunluqdan danışıb.
Putin isə Vladivostokda biznes forumda deyib ki, “sonucda problemlərin həllinə nail olacağıq”.
Silah yox, yağ
“Bundan sonra durğunluq gələcək – sıfır, yaxud 1 faiz artımla, ondan sonra da resessiya”, – rusiyalı keçmiş jurnalist, iqtisadi şərhçi Boqdan Bakaleyko bildirib. Onun sözlərinə görə, bütün bunlar işsizliyi yüksəltsə, daha çox adam qazanmaq üçün Ukraynadakı müharibəyə gedəcək.
“Yəni, iqtisadi problemlər əslində Vladimir Putinin əlinə oynayır”, – o, “Current Time”a söyləyib.
Yavaşıma hökumətin büdcəsinə təzyiqi artırır, bu il defisit 5 trilyon rubla (62 milyon dollar) çatır. Kreml isə hərbi xərcləri azaltmaq fikrində deyil.
Ötən ay “Reuters” adını çəkmədiyi rəsmilərə istinadla vergi artımının qaçılmaz olduğunu yazırdı.
Müstəqil iqtisadçı Vladislav Jukovski Əlavə Dəyər Vergisində (ƏDV) artım olacağını proqnozlaşdırır. Sonuncu dəfə bu vergi 2019-cu ildə, Putin dördüncü müddətə təkrar seçiləndən bir neçə ay sonra qaldırılıb.
“Bu isə Rusiya sənayesinə, mülki sənayeyə zərbə vuracaq, çünki onlar istehsal xərclərini dəyişməli olacaqlar, bu da sonucda istehlakçıdan çıxacaq”, – o, “Current Time”a deyib.
İqtisadçı nəticədə qiymətlərin azı 10-15 faiz artacağını, əhalinin cibinə ziyan vuracağını əlavə edib. (AzadlıqRadiosu)