İngiltərədə İşçi Partiyasının Baş nazir müavini Angela Rayner, Hove şəhərində aldığı mənzil üçün damğa vergisini əskik ödədiyini etiraf etdikdən dərhal sonra vəzifəsindən istefa verdi. Bu, sadəcə bir siyasi jest deyil, ictimai etimadın qorunması və etik məsuliyyətin canlı nümunəsidir. Rayner səhvini gizlətmədi, əksinə, açıq şəkildə etiraf etdi və siyasi məsuliyyəti öz üzərinə götürdü. Bu, İngiltərə kimi demokratik ölkələrdə formalaşmış istefa mədəniyyətinin aydın göstəricisidir.
Tam əks mənzərə isə Azərbaycanda yaşanır. Prezident İlham Əliyev təkcə son aylarda Türkiyədə 500 milyon avro dəyərində mülk alması ilə gündəmə gəldi. Burada nə şəffaflıq var, nə də ictimai məsuliyyət. Dövlət başçısı ölkəsinin resurslarından istifadə edərək şəxsi sərvətini artırır. Bu, yalnız xalqın etimadını daha da sarsıtmır, həm də korrupsiya və hakimiyyətin sui-istifadəsini açıq şəkildə ortaya qoyur.
Angela Rayner nümunəsi göstərir ki, səhvini etiraf edən siyasətçi öz yerini qorumaq üçün yox, ictimai etimadı qorumaq üçün hərəkət edir. İlham Əliyev nümunəsi isə sübut edir ki, şəffaflıq və məsuliyyət olmayan yerdə nə ictimai etimad qalır, nə də hakimiyyətin legitimliyi.
Fərq ortadadır:
İngiltərədə bir siyasətçi yüz minlərlə funtun vergisini ödəmədiyi üçün istefa verir.
Azərbaycanda isə bir prezident yüz milyonlarla xalq sərvətini şəxsi mülklərə çevirir, amma məsuliyyət deyil, daha çox güc toplayır.
Mən yaxşı bilirəm ki, İlham Əliyev heç vaxt istefa mədəniyyətini qəbul etməyəcək, çünki onda siyasi qeyrət yoxdur. Amma onu da bilirəm ki, bir gün xalqdan oğurladığı sərvəti rəzil şəkildə geri qaytarmaq məcburiyyətində qalacaq.