Bu ölkədə adamlar niyə xoşbəxt deyil?
Adamlar yaşamağa vaxt tapa bilmir?
Yoxsa yaşamağın ünvanı uçurdulub
Səhərdən axşama qədər işləyirlər, cansıxıcı ömürlərdə, mənzərəsiz pəncərələrdə tükənirlər.
Beləcə mexanizmə çevrilirlər.
Kodlaşırlar.
İndi kim bu üç kodla yaşamır görən?..
İşləmək, yemək, tapşırığı icra etmək.
Bax, bu qədər!
Beyinlərinə görünməz bir proqram yazılıb.
Başqa heç nə qəbul eləmir?
Ətrafda nə baş verir, bilmək istəmirlər?
Mexanizmləşmiş beyin donur,
öz seçimlərini unudur,
hətta unutduğunu da unudur.
Bu gün yaxşı yaşamaq istəyən adamlar da bu kodun dustağıdır, deyilmi?
Pul harda varsa,
orada mənəvi sütunlar sınır,
dəyərlər çökür,
yerinə soyuq divarlar ucalır.
Bəlkə də bu, qəsdən edilir?
Amma fərqi yoxdur,
ən xırda vərdişdən tutmuş
ən böyük sistemlərə qədər hər şeydə bu iz var.
Pul bir kod kimi beyinə yazılanda
başqa bir həyat ehtimalı silinir.
Enerji qalmır, arzu qalmır.
Bəs biz bununla barışmalıyıqmı?
Kitab indi çoxları üçün toz basmış vitrindəki unudulmuş əşya deyilmi?
Əlinə alan azdır,
dəyərini anlayan isə daha da az.
Kitabın dili adamların gündəlik danışığından sürgün olunub sanki.
Ona görə də mənəvi dünyanın xoşbəxt sakinləri getdikcə azalır, heyif…
Bəli, insanın mədəsi də xoşbəxtlik istəyir,
biz bunu qəbul edirik.
Amma yalnız mədə xoşbəxtliyinin üzərində qurulan həyat
axırda yırtıcı dişlərin qələbəsinə əl çalır, yoxmu?
Axı insan mənəvi varlıqdır!
Bunu unutmaq olmaz.
Toplum olaraq kodlaşa bilərik, amma ən yırtıcı insan belə bir gün
mənəvi aynanın qarşısında dayanır…
və özünü görür.
Görmək istəyir…