CəmiyyətGündəm

Məhkəmələrin “boks”unda dönən pul, dustaqların mənimsənilən yol ərzaqları

Məhkəmələrdə təqsirləndirilən şəxslərin saxlanılması üçün “boks” adlandırılan bir otaq ayrılır. Burada dustaqlar məhkəmələrinin başlamasını və bitdikdən sonra təcridxanaya geri qaytarılmağı gözləyirlər.

Həbsdə saxlanıldığımız bu günə qədər Xətai Rayon Məhkəməsinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin (BACM) və Bakı Apellyasiya Məhkəməsinin saxlanılma yerlərində olmuşuq. Bu dəfə sizə məhkəmələrin saxlanılma yerlərindəki şərait, dustaqlardan əsirgənən yol ərzaqları və onlardan alınan rüşvət barədə yazacağıq.

Dustaqlar hansı şəraitdə aqibətlərini gözləyir?

Xətai Rayon Məhkəməsinin dustaqlara ayrılan hissəsi xeyli darısqaldır. Ensiz bir otağa həm kişi, həm qadın dustaqlar sığışdırılır. Eyni otaqda olan bu iki saxlanılma yerini isə bir-birindən sadəcə kiçik arakəsmə və dəmir barmaqlığa yapışdırılan taxta parçası ayırır. Qadın məhbus üçün nəzərdə tutulan bir nəfərlik kabinə sadəcə 1 stul yerləşir. Bu stulda əyləşən adamın tərpənməyə yeri qalmır. İkinci məhbus gətirildiyi zaman ya bir stulda qısılıb otururlar, ya da növbə ilə ayaqüstə qalıb, yorulanda yer dəyişirlər. Gözləmə müddəti ən yaxşı halda 2 saat, adətən isə 4-5 saat uzanır. Üç və ya dörd qadın məhbus gətirildikdə isə konvoylar onları yerbəyer etmək üçün boş məhkəmə zalı axtarırlar. Həmin zallarda proses başlayan kimi qadınlar başqa zallara keçirilirlər. Bu dövrə onların məhkəməsi bitib yola düşənə qədər davam edir.

Kişilər üçün ayrılan yerdə də sərbəst hərəkət etmək müşkül məsələdir. Onlar ya çox sıx oturmağa məcbur olur, ya da ayaqüstə qalırlar.

“Nazirliyin dustaqlara layiq gördüyü yer budursa, biz neyləyək?!”– bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətində narazılığımıza cavab olaraq konvoy rəisi deyir. Narazılığımıza səbəb saxlanılma kameralarının qeyri-insani şəraitdə və qış vaxtı soyuq olması idi. Bu saxlanılma yeri BACM-nin həyətindəki zirzəmidə yerləşir. Uzunluğu 5 addım, eni 2 addım olan kamerada 10-12 nəfər saxlanılır. Onların hərəkət eləmək, hətta nəfəs almaq üçün demək olar boş sahəsi qalmır. Məhbuslar bəzən məhkəmə başlayıb geri qaytarılana qədər bu şəraitdə 8-10 saat gözləməli olurlar.

Məhkəmə prosesimizə sədrlik edən Rasim Sadıxova saxlanılma yerinin şəraitsizliyindən şikayət edəndən sonra ora təmir olundu. Aparılan kosmetik təmir işləri üçün usta gətirilmədi, bu işi konvoylara gördürdülər.

Bakı Apellyasiya Məhkəməsində də vəziyyət ürəkaçan deyil. Altı barmaqlıqlı kameradan ibarət saxlanılma yerinin havalandırma sistemi ümumiyyətlə işləmir. Yeni məhbus gətirildikdə açılan qapıdan içəri girən hava nəfəs almağa imkan verir. Qapının bir neçə dəqiqə açıq saxlanması isə konvoyların insafından asılı olur. İçəridə kondisioner olsa da, saxlanılma yerini tam soyutmur.

Açıq kabinlərdə saxlanılan 20-30 nəfər məhbusun, üstəlik konvoyların çəkdiyi siqaretin tüstüsündən göz gözü görmür.

Hər üç məhkəmənin “boks”unda sanitar qovşaqlar natəmiz saxlanılır. Xətai Rayon Məhkəməsinin saxlanılma yerindəki tualetdə unitaz qırıq, su isə yoxdur. Tualet təmiz saxlanılmadığına görə üfunət iyi dustaqların saxlanıldığı yeri bürüyür. Bu üfunətin üstünə konvoyların və məhbusların çəkdiyi siqaretin tüstüsü də əlavə olunanda nəfəs almaq müşkülə çevrilir. Havalandırmanın isə sadəcə vızıltı səsi eşidilir.

Hər üç saxlanılma yerinin sanitar qovşağında nə əl yumaq üçün maye sabun, nə də salfetka var.

Bakı Apellyasiya Məhkəməsinin saxlanılma yerində ümumiyyətlə tualetin qapısı yoxdur. Tualet məhbusların saxlanıldığı kabinlə üzbəüz yerləşir. Məhbuslar duş pərdəsini çəkib tualetə keçirlər. Təkcə sanitar qovşaq yox, saxlanılma sahəsi də təmiz saxlanılmır. Kabinlərin hər küncündən hörümçək toru sallanır, barmaqlıqların tozunu isə məhbuslar əllərini ora keçirdikcə silirlər.

“Boks”da dönən pul

“Nə gətirmisən?”, – bu, konvoyun saxlanılma yerinə keçən dustağa ilk sualı olur. Söhbət hansısa qanunsuz əşyadan deyil, puldan gedir.

Konvoylar 500-600 manat aralığında maaş alırlar. Həmişə gileylənirlər ki, bu maaşla dolana bilmirlər. Bu giley-güzarı rəhbərlikləri eşitməsə də, dustaqlar bəzən qarşılığında heç nə istəmədən onlara pul verirlər. Amma bu, həmişə belə olmur. Eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər bir-birinin kamerasına yaxınlaşıb söhbət etmək üçün konvoylara 10, 20 manat pul verirlər. Saxlanılma yerindəki sıxlıqdan canını qurtarıb boş zalda gəzmək istəyənlər də konvoylara “haqq” verməli olurlar. Qışda istilik sisteminin işlədiyi, yayda sərin saxlanılan kabində gözləmək də ödənişlidir. Məhkəmədən yorğun çıxıb rahat maşınla təcridxanaya qayıtmaq istəyirsənsə, yenə konvoylara 10-20 manat pul verməlisən. Beləliklə dustaqlar konvoyların dolanışığını təmin edib işlərini keçirirlər.

Həbs edilmiş şəxslərin mənimsənilən yol ərzaqları

Həbs edilmiş şəxslər məhkəməyə yollananda bəzən 8-10 saatdan sonra geriyə, təcridxanaya qaytarılırlar. Bu müddətdə onlar yolda, məhkəmədə ac qalmasınlar deyə Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq edilmiş 22 nömrəli qərarı ilə müəyyən ərzaqlarla təmin olunmalıdırlar. Bu siyahıda çörək, ət, ət konservi, kolbasa, balıq, balıq konservi, şəkər tozu, quru çay, xörək duzu var. Yetkinlik yaşına çatmayan həbs edilmiş şəxslərə əlavə olaraq 300 qram meyvə şirəsi də verilməlidir. Hamilə və ya yanında 3 yaşına çatmamış uşağı olan həbs edilmiş qadınlara bu ərzaqlardan əlavə 200 qram meyvə şirəsi ilə 600 qram süd verilməlidir. Amma Bakı İstintaq Təcridxanasından məhkəməyə yola düşən 4 minə yaxın həbs edilmiş şəxs əliboş yola salınır. Bu ərzaqların heç biri onlara verilmir. Əvəzində hansı mənzərə ilə qarşılaşırıq?

Bakı Apellyasiya Məhkəməsində prosesdən çıxan məhbus saxlanılma yerinə keçib ailəsinin ona göndərdiyi biskvitləri hövlnak yeməyə başlayır. Qapının ağzında dayanan konvoy “tez elə, maşın tərpənir” dedikcə o, biskvitləri daha sürətlə mədəsinə ötürür. Amma konvoyun onun yeməyini bitirməsini gözləməyə səbri çatmır. Səhərdən ac qalan məhbusu məcbur edir ki, doymadan yeməkdən ayrılsın, çünki yeməyi özü ilə maşına götürə bilməz. Məhbus biskvitlərinin geri qalan hissəsini oturduğu skamyanın üstünə qoyub maşına tələsir. O, gedəndən sonra konvoylar biskvitləri götürüb “boks”dakı digər məhbuslara təklif edirlər. Heç kim götürmür. Konvoylar çay gətirib həmin biskvitlərlə çay içirlər. Dustaq isə yarıac-yarıtox təcridxananın yolunu tutur.

 

Ülvi Həsənli

Nərgiz Absalamova

Elnarə Qasımova

Sevinc Vaqifqızı

Tacxeber.com

Oxşar xəbərlər

Etirazçılara da hərbi çağırış vərəqələri verildi

redaktor

İstidə insanlar daha qəzəbli olur – Səbəb

redaktor

Ukraynalı uşaq Ərdoğandan bunu istədi

redaktor