CəmiyyətGündəmHadisəSiyasət

Stalipin qatında bir gecə

Kriminal aləmdə “Krıtı Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyevin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı xəbərini oxuyanda, yaddaşım məni 2018-ci ilin oktyabr günlərinə apardı.

O vaxt məni dəmir barmaqlıqlı, havası qaranlıq və ağır Stalipin vaqonlarında Kürdəxanı İstintaq Təcridxanasındn Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aparıb-gətirirdilər. Qatar adətən gecə yola çıxar, səhərə yaxın cənub torpaqlarına çatardı. Amma bu yol bir səyahət deyildi, sanki işgəncənin başqa bir forması idi: təkərlərin səsi zamanın qırıq ritmi kimi qulağı deşirdi, barmaqlıqlar nəfəsi daraldır, təzyiqlər insanın içini sıxırdı. Dustaqlar çantalarına yemək yığardılar ki, uzun yolu birtəhər dözsünlər. Mən isə həmin gün heç nə götürməmişdim, onsuz da iştaham yox idi.

O səfərlərin birində üzbəüzümə, üzündən zəhm yağan birini oturtmuşdular, adı çəkilən Vüsal. Söhbətə başladıq. İlk sualı bu oldu: Səni niyə tutublar? Qısa cavab verdim: Jurnalistəm, siyasi sifariş.

O, diqqətlə, uzun-uzadı gözlərimə baxdı. Sonra sakit, amma qəribə bir qətiyyətlə dedi: Mən burda çox adam görmüşəm. İnsanların gözünə baxanda, heç danışmadan kim olduğunu anlayıram. Səni mənim yanıma təsadüfən verməyiblər. Mən bunu yaxşı bilirəm.

Söhbətimiz uzandıqca gördüm ki, bu “qatı cinayətkar” damğasının altında tamamilə başqa bir adam yatır. Başının iti işləməsi, sözü, baxışları… içində təmiz bir insan vardı. Elə bil, məni ona yem etmək üçün yanına vermişdilər, amma nəticə əksinə oldu: mən yem olmadım, o mənə yem verdi.

Ayağı axsayırdı, çətinliklə gəzirdi. Amma bütün yol boyu öz yeməyini mənimlə bölüşdü. Mən bir şey etmək istəyəndə isə, tək ayağı ilə belə imkan vermirdi. Hələ də qulağımda çınlayan sözləri isə unudulmazdır: Sən mənim qonağımsan. Bizdə qonağa ev yiyəsi baxır. Nəzarətçilər məyusluqla baxıb gedirdilər, plan baş tutmamışdı.

Həbsxandakı 4 illik siyasi məhbus həyatı mənim üçün ayrıca bir universitet oldu. Orada çox şey öyrəndim. Düzdür, Allah günahsız insanları o yollara salmasın. Amma orası doğrudan da bir məktəbdir. Keçmiş Beynəlxalq Bankın sədri Cahangir Hacıyev demişkən: “Bura yaxşı məktəbdir, amma gərək qiyabi oxuyasan.”

Sonda isə bir həqiqəti anladım: insan ən qaranlıq dəmir barmaqlıqlar arxasında, ən ağır qandallar içində də insandır. O gecə Stalipin qatında bunu gördüm. Allah qapısını açsın…

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“Bravo” 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

redaktor

Rusiya ordusunda xaos – Komandir tankı əsgərlərin üzərinə sürdü

admin

Əsəd qaçarkən məhv edildi? – Təyyarəsi…

redaktor