Avstraliya ötən il Melburn və Sidneydə törədilən antisemit hücumlarda İranı ittiham edərək bu ölkənin səfiri Əhməd Sadiqini “persona non-qrata” elan edib. Səfir və səfirliyin üç əməkdaşına 7 gün ərzində Avstraliyanı tərk etmək barədə xəbərdarlıq edilib.
Tacxeber.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, Avstraliya baş naziri Entoni Albaniz mətbuat konfransında bu haqda deyib ki, ölkənin kəşfiyyat xidmətləri İranın ən azı iki antisemit hücumu təşkil etdiyi barədə “dərin narahatedici” nəticəyə gəlib.
Baş nazirin sözlərinə görə, 2024-cü ilin oktyabrında Sidneyin Bondi ətrafında yerləşən “Lewis Continental Cafe” adlı yəhudi kafesində baş verən yanğının arxasında Tehran dayanır. O, həmçinin kəşfiyyat məlumatlarına istinad edərək 2024-cü ilin dekabrında Melburndakı İsrail sinaqoqundakı irimiqyaslı yanğının da İran tərəfindən təşkil olunduğunu bildirib: “Bunlar Avstraliya torpağında yad bir ölkə tərəfindən təşkil edilən təhlükəli təcavüz aktlarıdır. Bunlar cəmiyyətimizdə sosial birliyi pozmaq və nifaq salmaq cəhdləri idi. Bu, tamamilə qəbuledilməzdir”.
Albaniz əlavə edib ki, onun hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı siyahısına daxil edəcək.
Avstraliya həm də İrandakı səfirini geri çağırıb və səfirliyin Tehrandakı fəaliyyətini dayandırıb.
Avstraliya xarici işlər naziri Penni Vonq bildirib ki, onun ölkəsi İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hər hansı səfiri ölkədən çıxarır.
Vonq deyib ki, Avstraliya Tehranla bəzi diplomatik əlaqələri davam etdirəcək, lakin işçilərinin təhlükəsizliyi üçün İrandakı səfirlik fəaliyyətini dayandırıb. O, həmçinin avstraliyalıları İrana səyahət etməməyə çağırıb.