Çexiya XİN rəhbəri: “Rusiya diplomatlarının Şengen daxilində sərbəst hərəkəti qadağan edilməlidir”
Tacxeber.com xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkətinə qadağa qoyulması təşəbbüsü ilə çıxış edib. O, bu fikrini Politico nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiya diplomatlarının sərbəst hərəkəti “diversiya əməliyyatlarını asanlaşdırır” və bu imtiyazın aradan qaldırılması AB-nin növbəti – 19-cu sanksiya paketinə daxil edilməlidir.
Lipavski vurğulayıb ki, bu məsələni daim gündəmdə saxlayacaq:
“Qədim Romalı siyasətçi Katon Kartoqu daim dağıtmaq lazım olduğunu deyirdi. Mən də eyni şəkildə rus diplomatlarının sərbəst hərəkətinin dayandırılması məsələsində israr edəcəyəm”.
Politico-nun məlumatına görə, yeni sanksiya paketinə Rusiyanın enerji resurslarının alınması ilə bağlı məhdudiyyətlər daxil edilməyəcək. Lakin tədbirlər Rusiya “kölgə donanması”na və Moskvaya iqtisadi məhdudiyyətləri dolanmaqda kömək etdiyi iddia edilən hüquqi şəxslərə şamil olunacaq.