Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bir hoteldə qalan 47 israilli turist pasportlarının zibil qutusuna atılması nəticəsində çıxılmaz vəziyyətdə qaldıqlarını iddia edir.
İsrail mətbuatına danışan turistlər deyib ki, avqustun 16-da ölkələrinə qayıtmalı olsalar da, pasportları olmadığına görə təyyarəyə minə bilməyiblər.
“Təhlükəsizlik kameralarını yoxladıqdan sonra pasportların qeydiyyat bölməsində zibil qutusuna atıldığını aşkar etdik. Oradan onlar zibil maşınlarına, sonra isə poliqona aparılıb. Biz daha 48 saat, bəlkə də daha uzun müddət hoteldə qalmağa məcbur olmuşuq. Qorxuruq ki, burada bir həftədən çox ilişib qala bilərik”, – turistlərdən biri deyib.
Hüquq-mühafizə orqanları hadisəni təsadüf kimi qiymətləndirsə də, bəzi səyahətçilər bunun sadə bir səhv olmadığı barədə şübhələrini ifadə ediblər.
“Bu, çox qəribədir. Pasportları necə atmaq olar? Hamı susur. Biz şübhələnirik ki, pasportlar üzərində İsrail gerbi olduğuna görə atılıb. Biz aydın cavab tələb edirik, çünki bu, insanlara zərər vuran ciddi bir hərəkətdir. Necə baş verdiyini soruşduq, amma hələ də cavab ala bilməmişik”, – başqa bir turist bildirib.
İsrail Xarici İşlər Nazirliyi insidenti təsdiqləyərək bildirib ki, hazırda hadisə nazirliyin müvafiq şöbəsi və İsrailin Belqraddakı səfirliyi tərəfindən araşdırılır və turistlərə ölkəni tərk etmələri üçün lazımi sənədlər hazırlanır. (ToplumTV)