29 C
Bakı
19 Avqust 2025 19:52
CəmiyyətGündəmQalmaqalŞikayət

Cəmiyyət niyə dirilərə sahib çıxmır?

Hacı Vəliyev, İkinci Qarabağ müharibəsinin qəhrəmanı, gözünü torpaq uğrunda itirmiş qazimiz və “Gənc Qazilər” İctimai Birliyinin sədri, yalnız döyüş meydanında deyil, müharibədən sonra da qazilərin hüquqları uğrunda mübarizə aparıb. Lakin bu ilin aprelində siyasi və əsassız ittihamlarla həbs olunub, həbs müddəti dəfələrlə uzadılıb. Vətən yolunda sağlamlığını itirmiş bir insanın həbsxana divarları arxasında saxlanılması Azərbaycanın ədalət sistemi haqqında çox şeyi açıq göstərir.

Amma əsas sual budur: niyə cəmiyyət susur?

Ötən gün Bakıda iki sərxoş ərəb şəhid qəbir daşlarını təhqir edərək videoya çəkdi. Bu, cəmiyyətdə qəzəb doğurdu və təhqir edənlər dərhal həbs olundu. Şəhidlərin xatirəsinə toxunan hər kəsin cəzalandırılması şübhəsizdir.

Bəs niyə müharibədə gözünü itirmiş, torpaq uğrunda canını ortaya qoymuş bir qazinin haqsız həbsi qarşısında eyni həssaslıq göstərilmir? Daşdan yonulmuş qəbir daşı üçün ayağa qalxırıq. Amma canlı bir insana, vətən yolunda sağlamlığını itirmiş qəhrəmana qarşı ədalətsizlik qarşısında səssiz qalırıq. Bəlkə hakimiyyət üçün dirilər təhlükəlidir deyə, onların hüquqlarını müdafiə etmək haqqı bizdən məhrum edilib?

Azərbaycan cəmiyyəti illərdir siyasi xarakterli həbslərə şahid olur: jurnalistlər, fəallar, müxalif düşüncəlilər… İndi isə bu siyahıya qazilər də əlavə olunub. Hacı Vəliyevin həbsi yalnız bir qazinin taleyi deyil, bütün millətin vicdan imtahanıdır. Qazinin gözünü itirdiyi torpaqda xalqın vicdanı da azad qalmalıdır. Əks halda, bu torpağın azadlığı yalnız kağız üzərində qalacaq, xalqın ruhu isə həqiqi azadlıqdan məhrum olacaq.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Şahinin ailəsində sevincli gün – FOTO

redaktor

Məktəblərdə yığılan pullar kimin cibinə axır?

admin

Bakının məşhur restoranında müstəri vəfat etdi

admin