ABŞ prezidentinin ev sahibliyi ilə keçirilən 8 avqust 2025-ci il tarixli görüş Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlığın perspektivləri, həmçinin regionda yeni geosiyasi tarazlığın qurulması baxımından çox mühüm mərhələlərdən biri kimi yadda qalacaq. Xüsusən 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatmış II Qarabağ müharibəsindən üzü bəri ən mürəkkəb, hətta növbəti dəfə müharibəyə səbəb ola biləcək problem kimi görünən Zəngəzur (Sünik) nəqliyyat-kommunikasiyası xətti ilə bağlı mübahisələrə nöqtə qoyulması Vaşinqton görüşünün ən vacib nəticəsi kimi qeyd oluna bilər. Bu məsələ imzalanan iki sənəddə – Birgə Bəyannamədə (3-cü, 4-cü maddələr) və ABŞ-la Ermənistan arasında “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafında tərəfdaşlığa dair Anlaşma Memorandumunda əksini tapıb.
Birgə Bəyannamənin 3-cü maddəsində deyilir:
Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
4-cü maddədə bildirilir:
“Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik” (President.az – 09 avqust 2025).
Zəngəzur yolunda hansı rejim tətbiq oluncaq?
Ermənistan və ABŞ arasındakı Anlaşma Memorandumunun mətni hələ dərc olunmayıb. Böyük ehtimalla Ermənistanın Sünik vilayəti (Zəngəzur) ərazisindən keçəcək nəqliyyat kommunikasiyası ilə bağlı layihələrin gerçəkləşdirilməsi üçün ABŞ-a uzunmüddəti eksklüziv hüquqların verilməsi məhz bu sənəddə təsbit edilib. Birgə Bəyannamə bu kommunikasiyanın eksterritorial əsaslarda – yəni Ermənistan dövlətinin suveren hüquqlarının şamil olunmayacağı və onun hər hansı nəzarət tədbirləri həyata keçirə bilməyəcəyi dəhliz statusunda olub-olmayacağı məsələsinə aydınlıq gətirir. 3-cü maddədə qeyd olunduğu kimi, kommunikasiyalar dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında açılacaq. Lakin bu maddə bütün qeyri-müəyyənliklərə son qoymur, çünki orada Azərbaycanın əsas hissəsi və Naxçıvan MR arasında maneəsiz bağlantının yaradılmasından söhbət gedir. Bir dövlətin yurisdiksiyası və suverenliyi altındakı ərazidən başqa dövlətlərin maneəsiz keçidinin necə, hansı şəkildə baş verəcəyi vacib texniki detaldır. Azərbaycan tərəfi maneəsiz keçid anlayışını hər hansı sərhəd-buraxılış məntəqəsindən keçmədən, Ermənistan sərhədçiləri və gömrükçüləri ilə qarşılaşmadan ölkənin bir hissəsindən digər hissəsinə sərbəst gediş-gəliş kimi başa düşür. Lakin baş nazir Paşinyan Vaşinqtondakı üçtərəfli görüşdən sonra ölkə mediasına müsahibəsində bildirib ki, Ermənistanın suverenliyini təmin edən alətlər zəiflədilə bilməz, bu alətlər pasport və gömrük nəzarətini ehtiva edir (Arminfo.info – 09 avqust 2025). Bunun ardınca Paşinyan müəllifi olduğu “Sülhün kəsişməsi” layihəsinə istinadən əlavə edib ki, erməni tərəfi müəyyən sadələşdirmələrə hazırdır. O, 5-10 il sonra mövcud sərhəd-gömrük nəzarəti üsullarının köhnəldiyinə şahid ola biləcəyimizi və keçidlərin müasir texnologiyalar sayəsində baş verəcəyini istisna etməyib. ABŞ Ermənistanın sərhəd və gömrük strukturlarının texnoloji imkanlarının müasirləşdirilməsinə dəstək verəcək.
“Maneəsiz keçid” və “suveren nəzarət” birlikdə mümkündürmü?
Beynəlxalq hüquq baxımından tam mənada mümkündür demək çətindir, çünki:
-
Maneəsiz keçid — sərhəd-buraxılış məntəqəsi olmadan hərəkət deməkdirsə, bu, dövlətin sərhəd və gömrük nəzarəti hüququnu faktiki məhdudlaşdırır.
-
Suveren nəzarət — dövlətin öz ərazisindəki hərəkətləri yoxlaya bilməsi deməkdir. Bu yoxlamanı istənilən formada saxlayırsınızsa, “maneəsiz” anlayışı formal xarakter daşıyır.
Praktik kompromis modeli
Bu iki anlayış ancaq texnoloji və hüquqi sadələşdirmə yolu ilə uzlaşdırıla bilər:
-
Elektron bəyannamə sistemi (pre-clearance)
-
Nöqtəsiz sərhəd nəzarəti (spot checks)
-
Video və sensor izləmə (yerində yoxlama olmadan)
-
“Virtual sərhəd” – dövlət sərhədini fiziki keçiddə deyil, məlumat bazasında idarə edir.
Bu modeldə formal suverenlik qorunur, amma faktiki olaraq tranzit axını dayanmadan hərəkət edir.
Beynəlxalq hüquqi baza
a) BMT Nizamnaməsi və dövlət suverenliyi
BMT Nizamnaməsinin 2 (1) və 2 (7)-ci maddələrinə görə dövlətlər bərabər suverenliyə malikdirlər və heç bir dövlətin başqa dövlətin ərazisində onun icazəsi olmadan fəaliyyət göstərmək hüququ yoxdur. Bu, sərhəd və gömrük nəzarəti də daxil olmaqla tam yurisdiksiyanı əhatə edir (United Nations Charter, Chapter I, VII).
b) 1965-ci il Beynəlxalq Tranzit Konvensiyası və Dünya Ticarət Təşkilatı (DTT) Ticarət Asanlaşdırılması Sazişi
Bu sənədlər tranzitin asanlaşdırılmasını, lakin ev sahibi dövlətin suveren hüquqlarının qorunmasını tələb edir. Yəni tranzit sürətli və sadələşdirilmiş ola bilər, amma texniki olaraq sərhəd və gömrük nəzarətinin tam ləğvini məcbur etmir (International Transit Convention 1965, Agreement on Trade Facilitation 1994) .
c) Eksterritorial keçid nümunələri
Beynəlxalq hüquqda bəzi istisnalar var ki, dövlətin suverenliyi müəyyən dərəcədə məhdudlaşdırılır:
-
Süveyş kanalı – hərbi gəmilər üçün belə müəyyən şərtlərlə “azad keçid” rejimi.
-
Qərbi Berlin dəhlizi (1945–1990) – Qərbi Almaniyanın əsas hissəsindən Berlinə keçid, SSRİ ilə xüsusi razılaşmalar əsasında.
-
Lacorsine modeli (Fransa–İtaliya) – texniki “maneəsiz keçid” olsa da, suveren dövlət minimal texniki nəzarəti saxlayır.
Bu istisnalar yalnız tərəflərin yazılı və çox dəqiq razılaşması əsasında, adətən beynəlxalq müqavilə ilə tənzimlənir.
Burada TRIPP layihəsində “maneəsiz keçid” və “suveren nəzarət” arasında təxmini hüquqi balansın vizual izahı verilir.
ABŞ-dan Paşinyanın layihəsinə dəstək
Texniki detallardakı qeyri-müəyyənlik bir tərəfə, başlıca siyasi nəticə budur ki, ABŞ bölgədə nəqliyyat kommunikasiyalarının deblokadası məsələsində məhz Ermənistanın ortaya qoyduğu vizyona rəsmi dəstək verib. Tramp və Paşinyanın imzaladığı “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafında tərəfdaşlığa dair Anlaşma Memorandumu bunun təsdiqidir. Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan bildirib ki, ABŞ bu infrastruktur proqramının həyata keçirilməsində, investisiyaların cəlb olunmasında Ermənistana kömək edəcək. (Arka.am – 09 avqust 2025).
Paşinyan bu layihəni 2023-cü ilin oktyabrında Tbilisidə keçirlən İpək yolu konfransında təqdim edib (Azatutyun.am – 26 avqust 2025). O bildirmişdi ki, layihənin əsas məqsədi Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı yolu ilə kommunikasiyaları inkişaf etdirməkdir. “Sülhün kəsişməsi”nin prinsiplərini açıqlayan Paşinyan həmin çıxışında da bəyan etmişdi ki, hər bir ölkə öz dövlət orqanları vasitəsilə öz ərazisində sərhəd və gömrük nəzarətini həyata keçirməli, infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etməlidir. Bununla yanaşı, ölkələr bərabərlik və qarşılıqlılıq əsasında sərhəd və gömrük nəzarəti prosedurlarında müəyyən sadələşdirmələr edə bilər.
Zəngəzur kommunikasiyası ikitərəfli Ermənistan-ABŞ əlaqələri çərçivəsinə düşdü
Beləliklə, görünən odur ki, bütün detallar, o cümlədən Tramp marşrutuna operator kimi cəlb olunacaq şirkətlərin funksiyaları artıq ikitərəfli müstəvidə – Ermənistan və ABŞ arasında müəyyənləşdiriləcək, Azərbaycan burada birbaşa iştirak etməyəcək. Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da, Vaşinqton görüşündən cəmi 20 gün əvvəl III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bu mövzuda suala belə cavab vermişdi: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər.Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirdilər…” (President.az –19 iyul, 2025). Bu sözlərdən də anlaşıldığı kimi, Azərbaycan öz sərhədlərində üçüncü dövlətlərin hər hansı mövcudluğuna şübhə ilə baxır və Vaşinqton görüşündən öncə TRIPP barədə müzakirələrdə iştirak etməyib. Bu məsələ artıq lokal çərçivədə, Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığının bir istiqamətinə çevrilib. Halbuki müharibədə qələbədən sonra Azərbaycan üçün Zəngəzur dəhlizi mövzusu prioritet idi və “tarixi torpaqlara qayıdış”, “Türk dünyasını birləşdirəcək Turan yolu” kontekstində daxili siyasətdə də istifadə olunan, insanların milli duyğularını qabardan propaqanda mövzusuna çevrilmişdi. Davamlı şəkildə bu mövzuya qayıdaraq sərt bəyanatlar səsləndirən prezident Əliyev bildirmişdi ki, Ermənistan istəsə də, istəməsə də, Azərbaycan Zəngəzur dəhlizini icra edəcək: “İstəsə, daha asan həll edəcəyik, istəməsə zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”(President.az – 20 aprel 2021). O, Zəngəzur dəhlizinin artıq dünyada qəbul edilmiş termin olduğunu da vurğulayırdı. (Report.az – 28 yanvar 2025).Lakin imzalanmış sənədlərdə Zəngəzur toponimindən və dəhliz ifadəsindən istifadə olunmur və layihəni ABŞ-la Ermənistan birlikdə icra edəcək. Əlbəttə ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu ritorik səviyyədə Zəngəzur dəhlizi adlandırmaq heç kimə qadağan olunmayıb.
10 noyabr Bəyanatının aqibəti
Vaşinqton anlaşmaları Azərbaycanın xarici siyasətində paradiqma dəyişkliyinə işarədir. Bakı son vaxtlara qədər Ermənistandan Rusiyanın iştirakı ilə imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrasını tələb edirdi. Hətta 2024-cü il dekabrın 25-də, Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra pisləşən münasibətlərin fonunda, prezident Əliyev cəmi 2 həftə sonra – 2025-ci il yanvarın 7-də yerli mediaya müsahibəsində bildirdi ki, Ermənistan 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidir, orada hər şey açıq-aydın göstərilib (President.az – 7 yanvar, 2025).Regiondakı nəqliyyat kommunikasiyalarının deblokadası Bəyanatın 9-cu maddəsində Rusiyanın maraqlarına uyğun şəkildə qeyd olunub: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”(President.az – 10 noyabr 2020).
10 noyabr Bəyanatı Ağ Evdəki üçtərəfli zirvə görüşü və imzalanan sənədlərdən sonra öz aktuallığını və siyasi çəkisini itirmiş oldu. Rusiya Qarabağ müharibəsindən sonra yeni regional iqtisadi kooperasiya və təhlükəsizlik arxitekturasını məhz bu sənədin əsasında inşa etməyə çalışırdı. Lakin proseslər onun planlaşdırdığı və düşündüyü kimi getmədi. Xüsusən Ukrayna müharibəsinin uzanması nəticəsində bütün gücünü və resurslarını oraya yönəltmək məcburiyyətində qalan Moskva Suriyadan sonra Cənubi Qafqazda da addım-addım mövqelərini əldən verməyə başladı. ABŞ həm bu boşluqdan, həm də II Qarabağ müharibəsindən sonra Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərində yaranan qeyri-stabillikdən faydalandı.
Amma hər şeyə nöqtə qoyulduğunu birmənalı söyləmək hələ ki yanlış olar, çünki ən fundamental sənəd olan sülh müqaviləsi paraflansa da, onun nə vaxt imzalanıb qüvvəyə minəcəyi məlum deyil. 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən çox şey asılıdır.