Rəsmi dövlət qəzetinin “yaradıcı şeir dili” bu dəfə diplomatiya mövzusunda da özünü göstərdi. “Azərbaycan” qəzeti Fransanın Azərbaycandakı səfiri Anne Boillonun guya “siyasi məsləhətləşmələr üçün geri çağırıldığını” yazaraq oxuculara yeni bir təxəyyül nümunəsi təqdim edib. Lakin bu fantaziya uzun çəkmədi və dərhal cavabını aldı.
Fransanın Azərbaycandakı səfirliyi məsələyə dərhal münasibət bildirərək xəbəri qəti şəkildə təkzib etdi və bildirdi ki, səfir Anne Boillon sadəcə məzuniyyətdədir və 24 avqustda Bakıya qayıdacaq. Səfirliyin məlumatına görə, onun ölkədən çıxışı barədə Azərbaycan tərəfi əvvəlcədən rəsmi şəkildə məlumatlandırılıb.
Fransa səfirliyi yaydığı açıqlamada “Azərbaycan” qəzetinin bu iddiasını reallıqla əlaqəsi olmayan və siyasi motivli dezinformasiya adlandırıb. Açıqlamada qeyd olunur ki, səfirin vəzifəsinin başa çatması ilə bağlı yayılan iddialar Fransa diplomatik xidmətindəki adi rotasiya planı ilə heç bir əlaqəyə malik deyil və bu cür yozumlar təxribat xarakteri daşıyır.
Diplomatik nümayəndəlik qəzeti ironiya ilə belə “mükafatlandırıb”: “Yaxşı olardı ki, saxta xəbərlərə də tətil icazəsi verilsin!”
Bu tənqidlə dolu zarafat, əslində, təkcə bir xəbərin deyil, ümumilikdə hakimiyyət yönümlü medianın informasiyanı necə “bədiiləşdirdiyinin” aydın nümunəsidir.
