Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanın xaricdə təbliği və xaricdəki Azərbaycan Evlərinin bu istiqamətdə rolu” adlı konfrans paneli keçirilir.
Konfransda komitənin təşkil etdiyi “VI Yay Düşərgəsi” çərçivəsində xaricdə yaşayan azərbaycanlı yeniyetmə və gənclər də iştirak edir. Tədbir iştirakçılarının Time TV-yə bildirdiklərini görə, komitə işçiləri hər kəsin istədiyi sualı verə biləcəyini vəd ediblər.
Xaricdə böyümüş azərbaycanlı gənclərdən biri imkandan yararlanaraq sual verib ki, “Bəs niyə Bakının, Azərbaycanın hər yerində yalnız Heydər Əliyevin heykəlləri var, onun adına küçə, prospektlər salınıb, parklar qurulub, ancaq keçmiş prezident Əbülfəz Elçibəyin adına heç nə yoxdur? Sizə elə gəlmirmi ki, bu, Azərbaycanın xaricdə diktator ölkə kimi təqdim edilməsinə səbəb olur?”.
Tədbir iştirakçılarının sözlərinə görə, sualı tamamlanmağa qoymadan Diasporla İş üzrə Dövlət Komitəsində çalışan Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri dərhal gənci konfrans zalından çıxarıblar. 5 saatdan çox vaxt keçməsinə baxmayaraq, gəncdən xəbər yoxdur.
Bu da xaricdən gəlmiş iştirakçılar arasında ciddi narahatlıq və qorxu yaradıb. Onlar artıq düşərgə yoldaşlarının hara aparıldığını, başına nə gəldiyini belə soruşmaqdan qorxurlar. Bu üzdən bizə müraciət edərək məsələni ictimailəşdirməyimizi xahiş etdilər.