Gürcüstanda son günlər baş verənlər təkcə bir fəalın taleyindən ibarət deyil. Bu, bir rejimin üzünü, totalitar yalanın necə dirçəldiyini və repressiyanın hansı formaya büründüyünü göstərir. Hazırda Tbilisidəki №5 saylı istintaq təcridxanasında saxlanılan siyasi fəal və vətəndaş cəmiyyətinin simvoluna çevrilmiş Nino Dataşvilinin məhkəmə qərarı ilə məcburi psixiatrik müayinəyə göndərilməsi Gürcüstanda demokratiyanın hansı dərəcədə aşındığını açıq şəkildə üzə çıxardı.
Bu hadisə təkcə bir məhkəmə qərarı deyil, İrakli Kobaxidze hökumətinin avtoritar siyasi kursunun bariz nəticəsidir. Son bir ildə Gürcüstan demokratik institutların sürətlə sıradan çıxarıldığı ölkəyə çevrilib: siyasi opponentlərə qarşı zorakılıq, müstəqil məhkəmələrin icra strukturuna çevrilməsi, azad sözə qarşı cinayət təqibləri və indi də sovet dövründən miras qalan “ruhi xəstə damğası”.
Dataşvili 2025-ci ilin iyun ayında Tbilisi Şəhər Məhkəməsində baş verən insidentdən sonra saxlanılıb. Ona qarşı “məhkəmə icraçısına zorakılıq” ittihamı irəli sürülüb. Məhkəmə ilkin həbs qərarı verib, apellyasiya instansiyası isə bu qərarı qüvvədə saxlayıb. 2025-ci ilin 2 avqustunda isə hakim onu 20 günlük məcburi psixiatrik müayinəyə göndərmək barədə qərar çıxarıb.
Bu qərar tək bir insana qarşı deyil. Bu, bütöv cəmiyyətə yönəlmiş simvolik təhdiddir: “Əgər hakimiyyətə qarşı danışsan, səni sadəcə həbs etməyəcəyik, səni dəli elan edəcəyik.” Bu, 21-ci əsrin “Koba üsulu”dur. Psixiatriyanın siyasi alətə çevrilməsi sovet repressiyalarının ən amansız vasitələrindən biri idi. İndi bu metod Kobaxidze rejimi tərəfindən yenidən tətbiq olunur, bu dəfə Avropa İttifaqına inteqrasiya iddiasında olan bir ölkədə.
Əgər bir ölkədə müxalif fikir düşmən kimi təqdim olunursa, məhkəmələr hüququ deyil, sifarişi icra edirsə, həkimlər siyasi hökmün bir parçasına çevrilibsə, orada azadlıqdan danışmaq mənasızdır.
Nino Dataşvili təkcə bir qadının, bir fəalın siması deyil. O, bu gün Gürcüstanda susdurulmaq istənilən minlərlə insanın səsini təmsil edir. Onun məhkəmə qərarı əslində təkcə bir insana qarşı deyil, bütöv bir xalqın vicdanına qarşı verilmiş hökmdür.
Bu, sadəcə hüquqi qərar deyil, hakimiyyətin öz qorxusunun etirafıdır. Kobaxidze rejimi təkcə azadlığı deyil, düşünməyi və düşünəni cəzalandırır.
Əgər Gürcüstan cəmiyyəti bu cür siyasi tibbi zorakılığa susarsa, növbəti Dataşvili olmaq heç kim üçün uzaqda deyil.