9 beynəlxalq təşkilat AbzasMedia-nın həbsdə olan jurnalistlərinə qarşı artan pis rəftarla bağlı bəyanatyayıblar.
Bəyanatı Jurnalistlər üçün Ədalət Fondu (JFJ), Avropa Jurnalistlər Federasiyası (EFJ), Beynəlxalq Mətbuat İnstitutu (IPI), Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF), Senzuraya Qarşı İndeks (İndex on Cencorship), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Sərhədsiz Reportyorlar (RSF) və Rory Pek Fondu (RPT) imzalayıb.
Bəyanatda qeyd edilir ki, 2023-cü ilin noyabr ayından bu yana Azərbaycan hakimiyyəti ən azı 25 jurnalisti həbs edib.
Bu həbslər jurnalistlərin gördükləri işə qarşı açıq qisas kimi qiymətləndirilib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Bundan əlavə bəyanatda deyilir ki, AbzasMedia-nın əməkdaşları həbsdə ağır vəziyyətlə qarşılaşıblar.
“Biz – aşağıda imzası olan mətbuat azadlığı, ifadə azadlığı və jurnalist təşkilatları olaraq AbzasMedia-nın həbsdə olan jurnalistlərinə qarşı artan pis rəftarla bağlı dərin narahatlığımızı ifadə edir və Azərbaycan hakimiyyətini BMT-nin İşgəncələrə Qarşı Konvensiyası və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt da daxil olmaqla, beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırırıq”, – bəyanatda deyilir.
Bəyanatda Azərbaycan hakimiyyətindən saxlanılan jurnalistlərə insani və ləyaqətli şəraitin yaradılmasını, onlara dərhal tibbi və hüquqi yardıma çıxış imkanının təmin olunmasını və ölkənin beynəlxalq hüquq öhdəliklərinə əməl etməsini tələb olunub.
Qeyd edilir ki, AbzasMedia-nın direktoru Ülvi Həsənli 2025-ci il iyunun 20-də, Bakı Ağır Cinayətlər Məhkəməsində doqquz il həbs cəzasına məhkum edildikdən sonra uzaq Umbakı həbsxanasında dözülməz şəraitdə saxlanılır.
“O, təmiz geyimlə təmin olunmayıb, gəldiyi gündən bəri eyni paltarla qalmağa məcbur edilib. Qırıq çarpayıda yatmaq isə onun səhhətinə mənfi təsir göstərib. Ailəsinin dediyinə görə, Həsənli iki həbsxana əməkdaşının fiziki təzyiqinə məruz qalıb, nəticədə paltarları cırılıb və ayağından xəsarət alıb”.
“Vəkillər 2023-cü il tarixli məhkəmə qərarının Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında saxlanılmasını göstərdiyini bildirsə də, Penitensiar Xidmət onu hələ də başqa yerdə saxlayır. Həsənli daha əvvəl qanunsuz saxlanılmasına etiraz olaraq doqquz günlük aclıq aksiyası keçirmişdi. İyulun 20-də o, köçürülmədiyi üçün aclıq aksiyasını yenidən bərpa edib”, – bəyanatda vurğulanır.
AbzasMedia-nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 10-dan aclıq edir.
Onun aclığa yenidən başlamasına səbəb Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.
AbzasMedia-nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 28-də, aclığın 7-ci günündə aksiyanı dayandırıblar.
Onlar bunu ailə üzvlərinin pisləşən səhhəti ilə əlaqələndiriblər.
Bəyanatda həmçinin AbzasMedia-nın qadın əməkdaşlarının aclıq aksiyasına qoşulduqları üçün qeyri-insani rəftarla üzləşdikləri də qeyd edilib:
“Həbs edilən qadın həmkarları Sevinc Vaqifqızı (eyni iş üzrə 9 il həbs), Nərgiz Absalamova və Elnarə Qasımova (8 il həbs) həmrəylik olaraq aclıq aksiyasına qoşulublar və aksiyanın müddətsiz olacağını açıqlayıblar. Onların əsas tələbi Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmasıdır. İyulun 22-də isə bu üç jurnalist öz kameralarından çıxarılaraq duşsuz,sərinkeşsiz, pəncərəsiz tənha otaqlara salınıblar. Nərgiz Absalamova isə rəis müavininin fiziki təzyiqinə məruz qalıb və onun qollarında göyərtilər müşahidə olunub”.
Bəyanatı imzalayanlar Azərbaycan hakimiyyətini mövcud məhkəmə qərarına uyğun olaraq Ülvi Həsənlini Bakı İstintaq Təcridxanasına köçürməyə, həmçinin onun həmkarlarının qanuni şəkildə və insan ləyaqətinə uyğun saxlanılmasına çağırış ediblər. (MeydanTV)