Əqidə fədailərin yaşam tərzidir, mövqeyidir. Heç də həmişə uğurla nəticələnmir. Əqidə insanı ucaltdığı kimi, onu məhv etməyə də qadirdir…
Praktik, müstəqil və özünə güvənən insandır. Xırda detallara ciddi yanaşsa da, əslində sevgi dolu və şəfqətli ürəyi var. Özünü nə qədər məhdud hiss etsə də, həmişə azadlıq imkanı olub. Ağıllı və etibarlıdır. Ətrafında baş verənləri məntiq çərçivəsində mülahizə edir və hadisələrə çox sərt yanaşır. Nəticə həmişə uğurlu olmur. Əks qüvvə ilə üz-üzə qalır. Və onun ömür yolunda dərin çala yaranır. Bu çaladan çıxmaq üsün illərlə vaxt itirir. Amma heç də pis insan deyil, sadə və təvazökardır…
O, 1970-ci ilin yanvar ayının 1-də Göyçə mahalının Ağbulaq kəndində dünyaya gəlib. 1988-ci ildə deportasiyaya məruz qalıb. 1988–1990-cı illərdə sovet ordusunda əsgəri xidmətdə olub. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub. 1999-cu ildə ali təhsilini bitirdikdən sonra vətənə qayıdıb və müxtəlif qəzetlərdə çalışıb…
Müsahibələrinin birində deyir ki:- “Mənim doğulduğum kəndlə – Ağbulaqla Ankaranın təbiəti o qədər oxşardır ki… Mən Ankarada oxuyanda həmişə kəndimizi yada salırdım. Özü də Ankara qazlaşmamış şəhərdir. Qışda həddindən artıq soyuq, yayda çox isti şəhərdir, eynən bizim kənd kimi. Bizim kənddə də qar dizə vururdu. Durub baxırdım ki, hər evin bacasından tüstü çıxır. Ankara da elədir. Qazlaşmadığı üçün adamlar kömür, odun yandırır. Qar yağanda görürdüm ki, şəhərin evlərindən tüstü qalxır. Qızıl Ayın ortasında baxırdın ki, bir maşın kömürü töküblər və daşıyırlar. Mənə o qədər maraqlı gəlirdi ki…”
Ürəyi yumşaq adam kimi görünsə də, fəqət xarici görünüşünün altında emosional bir şəxsiyyət yatır. Onun üçün ailə anlayışı çox önəmlidir və klassik meyarlarla yaşayır. Son dərəcə şübhələnməyə meyillidir, asan inanmır, amma inandığı bir məsələni sona qədər inadla müdafiə edir. O, tənqidçidir və tənqidi nümayişkaranə etməkdən çəkinmir. Bu da ona baha başa gəlir…
1999-cu ildən etibarən “Günaydın”, “P. S.”, “Millətin səsi” qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib. 2010-cu ildən onun rəhbərlik etdiyi “Xural. Com” saytı hələ də fəaliyyət göstərir. O, “30 İyun-Sevgililər Günü” və 2011–2014-cü illərdə həbsxanada olarkən yazdığı 40 cildlik “Selcanın Məmləkəti” həbsxana gündəlikləri kitabının müəllifidir. 2005-ci ildə tərcümə etdiyi Adof Hitlerin “Mənim savaşım” kitabını nəşr etdirib. Əvəz Zeynallının növbəti tərcümə və dərc etdiyi kitab Daniel Yerginin “Petrol” əsəridir…
“Mənim həbsxana gündəliklərimin adı “Selcanın məmləkəti”dir. İlk həbs olunduğum gün yatmadım. Elə gözümü yumdum- Selcan, gözümü açdım- Selcan! Mənim gündəliklərim var, kənddən, hərbi xidmətdən, Türkiyədən belə, gündəlik yazmışam. Amma həbsxana həyatında gündəlik yazmaq fikrim yox idi. Qızım Selcan bunların hamısını mənə yuxuda dedi və mən də elə səhərisi gündən etibarən yazmağa başladım, kitabı da belə adlandırdım. 3 aydan sonra mənə dedilər ki, müstəntiq guya sənə lütf olaraq ailəvi görüş verir, 2011-ci il, dekabrın 29-da. Amma müstəntiq deyib ki, sadəcə, mən istəmirəm Əvəz müəllimin qızları gəlsin, onu burada görsün, o uşaqlar travma ala bilər. Onda Selcanın 10, Banunun 8 yaşı var idi. Sonra müstəntiq özü də mənə dedi ki, görüş verirəm, amma istəmirəm uşaqlar gəlsin. Mən ona çox ağır söz dedim. Dedim, vallah, siz uşaqların travma alacağını, mənəvi cəhətdən sarsılacağını düşünürdünüzsə, niyə onların atalarını şərləyirdiniz? Dedim, mənim qızlarım sizin kimi polkovniklərdən ləyaqətlidir, onlar gələcəklər, bu dəmir məhəccərləri görəcəklər, rahat, heç bir travma almadan da qayıdacaqlar. Selcan da, Banu da Ağır Cinayətlərdəki bütün məhkəmə proseslərimə gəldilər. Düzdür, qanunla uşaqların iştirakı olmaz, amma orada tolerant yanaşırdılar.”- söyləyir.
O, çox çalışqan olduğu üçün boş vaxtlarını özünü təkmilləşdirməyə sərf edir. Sanki dünya haqqında hər şeyi bilmək istəyir. Həddindən artıq ciddi və tutqun görünsə də, onunla tanış olduqdan sonra, sizi təəccübləndirəcək bir yumor hissi kəşf edəcəksiniz. Bundan əlavə, onun həyat arzusunun necə böyük olduğunun kəşfi olacaq. O, qaranlıq komediyaları sevir və ən acınacaqlı vəziyyətində belə gülmək və yumor yaratmaq üçün bir yol tapır. Amma daha çox cəmiyyətin mənfi tərəflərinə diqqət yetirir və öz üsyanını açıq şəkildə biruzə verir. Ancaq unutmaq olmaz ki, o belə görünsə də və ya hərəkət etsə də, bu adi görkəmin altında çox xüsusi bir insandır…
O, 2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları ilə azadlıqdan məhrum edilib. 2014-cü ildə ölkə rəhbərinin əfv fərmanı ilə azadlığa çıxıb. İkinci dəfə- 2022-ci il 10 sentyabr tarixində 311.3.3, daha sonra 312-1 maddələri ilə həbs olunub. Ağır xərçəng xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması üçün məhkəməyə etdiyi müraciət əsasında bu günlərdə azadlığa buraxılıb…
Deyir ki:- “İlk işim həyat uğrunda bu mübarizəni qazanmaqdır. Ömrümün əhəmiyyətli bir hissəsini yaşamışam. Mən mətbuatdan kənarda qala bilmərəm. Təbii ki, mətbuatda qalacağam. Üçüncü dəfə həbs olunmağa isə halım yoxdur. Heç ikinci dəfə həbs olunmağa halım yox idi…”
Söylədiyinə görə kimyaterapiya alır. Bu da ondan böyük məbləğ tələb edir. Odur ki, Elmlər Akademiyası bağında kitablarını satışa çıxarıb. Bu ağır xəstəliklə mübarizədə ona yardımçı olmaq heç də pis olmaz. Axı, haqqında söhbət açdığım jurnalist, yazıçı Əvəz Zeynallı da xalqımızın bir nümayəndəsidir. Bəli, bu gün onun ən böyük arzuusu xəstəlikdən azad olmaq, yaşamağa davam etməkdir…