Həbsxanada xərçəng etdikləri bir insanı azadlığa buraxmaqla guya humanist olduqlarını göstərməyə çalışanlar, bu gün onun ölümə doğru sürüklənməsini isə soyuqqanlılıqla izləyirlər. Jurnalist Əvəz Zeynallı hazırda təcili müalicəyə ehtiyac duyur. Amma bu müalicə üçün maliyyə lazımdır. O isə çarəni… kitab satmaqda görür.
Təsəvvür edin ki, ölümün astanasında olan bir jurnalist, yaşamaq üçün kitab satır. Kitab satmaq ayıb deyil, bu, qürurlu bir işdir.Amma bu xəstəliyi nə kitablar sağalda, nə də ki, onun müxalif qələmi həyatını xilas edə bilər. Cəmiyyətimiz əgər kitaba dəyər versəydi, bu gün bu cür vəziyyətlər yaşanmazdı.Bu həm acıdır, həm də utandırıcıdır.
Əvəz Zeynallı faciəsinin arxasında duran əsas şəxs ölkə prezidenti İlham Əliyevdir. Çünki o istəsə, bircə göstərişlə bu jurnalistin müalicəsini təmin edə bilər. Sadəcə onu deyil, yüzlərlə insanın həyatını da xilas etmək imkanına malikdir. Amma etmir.Çünki içindəki kin, nifrət və qorxu buna imkan vermir.
Bu ölkədə müxalif fikirli jurnalist olmaq, əslində ölümə məhkum edilmək deməkdir. İlham Əliyev özünü “Ali Baş Komandan”, “Dəmir Yumruq” kimi təqdim edir. Amma əsl rəhbər xalqının yanında dayanmalı, onun dərdinə çarə tapmalı, ədaləti bərpa etməlidir. Əliyev isə rəhbər kimi yox, diktator kimi davranır.Təzyiq, qorxu və zorakılıqla cəmiyyəti boğur, jurnalistləri və müxalif fikirləri susdurur.