İstintaqın təyin etdiyi ekspertiza polisin evimə (çarpayımın üstündəki yastığın altına) yerləşdirdiyi 153 ədəd (ümumilikdə 13.500 avro) pul əsginasından 4-nün üzərində əl-barmaq izlərimi “aşkarlayıb”.
İyulun 4-də Bakı Apellyasiya Məhkəməsində barəmdə seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı verdiyim apellyasiya şikayətinə baxılırdı. Prosesə sədrlik edən hakim Ramin Qaraqurbanlı sual verdi ki, pul əskinaslarının üzərində əl-barmaq izlərimin tapılmasını necə izah edə bilərəm?
“Mən heç vaxt cinayət yolu ilə pul qazanmamışam. Polislər axtarış əməliyyatını evimin bütün otaqlarında, eyni vaxtda və mənim müşahidəmdən kənar aparıb. Həbsimə əsas olaraq göstərilən pulları da evimə məhz həmin əməliyyat zamanı yerləşdiriblər. İndiyədək nə mən, nə vəkilim evimdə axtarış aparılması ilə bağlı çıxarılan məhkəmə qərarıyla tanış ola bilməmişik.
O ki, qaldı ekspertizanın güya aşkarladığı əl-barmaq izlərinə… Həmin barmaq izləri məndə saxlanıldığım günün axşamı Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə qəbul edildiyim zaman götürülüb.
Pul əskinaslarının üzərində tapıldığı deyilən izlərdən biri sol əlimin şəhadət barmağına aiddir. Hansı ki, uşaq vaxtı aldığım travmaya görə zədəlidir. MSY-də əl-barmaq izləri götürüləndə məhz sol əlimin şəhadət barmağının izi monitorda birtərəfli, yarımçıq əks olunurdu, çünki onu düz saxlamağım mümkün deyil. Ekspertizanın nəticəsi ilə bağlı təqdim edilən rəydəki barmaq izini MSY-də götürülənlə qarşılaşdırsaq, onların ikisinin də eyni olduğu aşkar görünər.
İstintaqın təyin etdiyi ekspertiza həqiqət deyil, bizi girov saxlamaq üçün açılan saxta cinayət işinə xidmət edir.
Amma ən nəhayətində bu günlər ötüb keçəcək. Bizim üçün lap rahat keçəcək. Çünki, haqlıyıq. Biz bu haqlılıqla, olduğumuz güclə həmişə başımız dik gəzəcəyik. Sizin yaxınlarınız, doğmalarınız isə adınızın hallandığı şər işlərə görə xəcalət çəkəcək, sizinlə eyni soyadı daşıdıqları üçün utanacaqlar”, – çıxışımda dedim.
“Otur yerinə. Elə bu cür danışdığına görə həbs olunmusan”, – hakim özündən çıxmış halda bağırdı.
“Deməli siz öz dilinizlə etiraf edirsiniz ki, mən qaçaqmalçılığa görə deyil, danışdıqlarıma, yazdıqlarıma görə həbs olunmuşam”, – dedim.
“İşin mahiyyətindən kənar danışa bilməzsiniz”, – Ramin Qaraqurbanlı dedi.
“İşin mahiyyətini bir az əvvəl özünüz açıqladınız. İndi verilən sifarişi oxuyun, prosesi yekunlaşdıraq”.
Bununla da hakim Ramin Qaraqurbanlı müşavirə otağına gözlənilməz etirafının peşmanlığı ilə getdi.
Mən isə şüşə qəfəsin içərisində oturub, yan otaqdakı müşavirənin mənimlə deyil, hakimin ehtiyatsızlıq edib “məhkəmə-məhkəmə oyunundan” kənara çıxması ilə bağlı olduğunu düşünüb gülürdüm.