İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. III Respublika Platformasının spikeri Akif Qurbanovun məhkəmədə çıxışından birinci hissə:
Hörmətli Məhkəmə,
Mən bu gün burada yalnız şəxsi müdafiəm üçün deyil, həm də ölkəmizdə hüququn aliliyi, vətəndaş cəmiyyətinin azad fəaliyyəti və seçki institutlarının legitimliyi uğrunda verdiyimiz mübarizənin şahidi kimi danışıram. Fəaliyyətim boyu qarşılaşdığım təzyiqlər, institusional ədalətsizliklər və siyasi qərəzli davranışlar məhz bu prinsiplərə sadiqliyimin nəticəsidir.
Prezident Seçkiləri və MSK-dan Ayrılıq
İqtidarın və onun güc strukturlarının müxalif düşüncəli şəxslərə qarşı mübarizəsi uzun illərdir davam edir. Mənim hədəfə alınmağımın başlanğıcı 2013-cü il Prezident seçkiləri zamanı baş verdi. Mərkəzi Seçki Komissiyasının üzvü kimi həmin seçkilərin nəticələrini təsdiq edən protokolu imzalamaqdan imtina etdim və bununla yanaşı, xüsusi rəyimlə çıxış etdim. Qanunla protokola əlavə olunması nəzərdə tutulsa da, bu rəyin əlavə edilməyəcəyini bildiyim üçün onu həm ictimaiyyətlə paylaşdım, həm də Konstitusiya Məhkəməsinə göndərdim. Bu addımımın MSK-dakı fəaliyyətimin sonu olacağını bilirdim. Amma vicdanımın səsinə sadiq qalmaq, formal deyil, real seçki institutlarının mövcudluğunu müdafiə etmək mənim üçün daha vacib idi.
DTİ-nin Yaranması və Qeydiyyat Mübarizəsi
MSK-dan ayrıldıqdan sonra siyasi sistemlə mübarizənin başqa bir formasını seçdim: vətəndaş cəmiyyətində fəaliyyət. 05 noyabr 2013-cü ildə bir qrup hüquqşünas dostla birgə Demokratik Təşəbbüslər İnstitutunu – DTİ-ni təsis etdik. Qanunlara uyğun şəkildə sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik. Amma illərlə davam edən qeydiyyat prosesi sistematik şəkildə əngəlləndi. Nazirliyin rəsmi nümayəndəsi açıq şəkildə bildirdi ki, qeydiyyat üçün MSK sədri Məzahir Pənahovun dəstəyi vacibdir. Biz bu imtinanı məhkəməyə verdik. İş Avropa İnsan Hüquqları Məhkəməsinə qədər çatdı və 2021-ci ilin mayında AİHM bizim xeyrimizə qərar verdi. Lakin Azərbaycan hökuməti bu qərarı icra etmədi və əvəzində, fəaliyyətimizi susdurmaq üçün təzyiq və həbslərə əl atdı.
“Seçici Qeydiyyatının Auditi” və Təhlükəsizlik Orqanlarının Təzyiqləri
DTİ-nin ilk layihələrindən biri seçki siyahılarındakı kütləvi saxtakarlığı üzə çıxaran “Seçici Qeydiyyatının Auditi” (VRA) oldu. MSK-da olduğum dövrdə seçici sayı ilə bağlı real məlumatlarla rəsmi rəqəmlər arasında 1.6–1.8 milyon fərq olduğunu müəyyən etmişdim. Bu nəticələr beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in də diqqətini çəkdi. 2014-cü ilin dekabrında hesabat ictimaiyyətə açıqlandı. Yalnız bir neçə gün sonra, 02 yanvar 2015-ci ildə özünü MTN əməkdaşı kimi təqdim edən şəxs mənimlə qeyri-rəsmi görüş keçirmək istədi. Görüş zamanı fəaliyyətimizə son qoymağımız tövsiyə olundu, əməkdaşlıq təklifləri edildi. Mən bu təklifləri etik baxımdan qəbulolunmaz hesab etdiyim üçün açıq şəkildə rədd etdim. Görüşün sonunda isə mənim “başdan xarab” olduğum bildirildi.
2014 və 2015 Seçkiləri: Müşahidə və Hüquqi Təhlil
DTİ olaraq 2014 Bələdiyyə və 2015 Parlament seçkilərində genişmiqyaslı müşahidə və hüquqi analiz apardıq. Seçki pozuntularını sənədləşdirdik, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun hesabatlar hazırladıq. Hakim Yeni Azərbaycan Partiyası bizim müraciətlərimizə cavab vermədi, lakin bir çox müstəqil partiyalar və ekspertlərlə əməkdaşlıq etdik.
Gənclərlə İş və Yetişən Yeni Nəsil
2015–2017-ci illərdə “Gənc Jurnalistlər”, “Gənc Hüquq Müdafiəçiləri” və “Gənc Liderlik” proqramlarını reallaşdırdıq. Yüzlərlə gənc şəffaf və inklüziv seçim prosesi ilə təlimlərə cəlb olundu. Hazırladıqları məhsullar Toplum TV-də yayımlandı, hüquqi və analitik sənədlər isə beynəlxalq səviyyədə istinad kimi istifadə olundu. Bu proqramlar vətəndaş cəmiyyətinin davamlılığına real töhfə verdi.
STP – Kollektiv Səsin Formalaşması
2015-ci il parlament seçkilərindən sonra fərdi təşəbbüsləri bir araya gətirmək məqsədilə Sivil Toplum Platforması (STP) təsis edildi. Heç bir donorun dəstəyi olmadan, tam müstəqil şəkildə fəaliyyət göstərən bu təşəbbüs repressiyalara qarşı ortaq mövqe sərgilədi.
Hökumətin vətəndaş cəmiyyətini parçalama və kooptasiya cəhdlərinə qarşı prinsipial şəkildə dayandıq.
EITI və OGP üzrə Mübarizə
DTİ və STP Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (OGP) və Təşəbbüslərin Şəffaflığı Təşəbbüsü (EITI) çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirmədiyini beynəlxalq aləmə çatdırdı. Mən, Akif Qurbanov, EITI İdarə Heyətinə seçilmək üçün güclü ictimai lobbi fəaliyyətinə baş vurdum və seçildim. Hökumət bu nəticəni qəbul etmədi, nəticələrə etiraz etdi və mənə qarşı təzyiqləri daha da artırdı. QHT Şurasında keçirilən toplantıda mənim barəmdə “çirkli pullar”la əlaqə iddiaları irəli sürüldü və həbslə hədələndim. Bu təhdidlərin arxasında Prezident Administrasiyası və Dövlət Neft Fondunun rəhbərliyi dayanırdı.
OGP platformasında hökumətin manipulyasiyalarına qarşı STP olaraq açıq mövqe sənədi yayımladıq və real tərəfdaşlıq tələb etdik. Nəticə olaraq, Azərbaycan bu platformalardan uzaqlaşdırıldı.
DTX ilə Son Təmas və Dövlət Anlayışı
2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşı mənimlə qeyri-rəsmi görüş istədi. Görüşdə DTİ və STP-nin Prezident Administrasiyasında ciddi şəkildə izlənildiyi bildirildi. Mənə birgə fəaliyyət təklif olundu, lakin bu etik prinsiplərimizlə uyğun gəlmədiyi üçün qəti şəkildə rədd etdim. Mən görüş zamanı açıq şəkildə dedim:
“Mən dövlətimi sevirəm, amma sizin təmsil etdiyiniz rejimlə dövlət arasında bərabərlik işarəsi qoya bilmərəm. Biz hüquq və institusiyalara əsaslanan dövlət anlayışını müdafiə edirik. Dövlət bir ailənin mülkiyyəti ola bilməz.”