26 C
Bakı
30 İyun 2025 11:27
DigərDünyaGündəmHadisəPlanet

“İran bir neçə aya uranı zənginləşdirməyi bərpa edə bilər”

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib ki, ABŞ və İsrailin son hava zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəysə də, bu ölkə bir neçə ay ərzində zənginləşdirilmiş uran istehsalını bərpa edə bilər.

“Onların malik olduqları imkanlar hələ də mövcuddur. Mən deyərdim ki, bir neçə ay ərzində, ya da daha az vaxtda, bir neçə sentrifuqa kaskadını işə salaraq zənginləşdirilmiş uran istehsal edə bilərlər”, – R.Qrossi iyunun 29-da “CBSNews”da yayımlanan müsahibəsində bildirib.

Qrossi Fordo, Natanz və İsfahan obyektlərinə edilən hücumların İranın uranı çevirmə və zənginləşdirmə imkanlarını geri saldığını etiraf edib. Lakin o, həm də xəbərdarlıq edib: “Düzünü desək, hər şeyin tamamilə yox olduğunu və orada artıq heç nəyin qalmadığını düşünmək olmaz. İran nüvə texnologiyası baxımından çox inkişaf etmiş bir ölkədir. Bunu “yenidən ixtira etməmək” mümkün deyil. Malik olduğunuz bilikləri və imkanları geri almaq olmaz”.

 

İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə qarşı bombardman kampaniyasına başlayıb və məqsədinin Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq olduğunu bəyan edib. İran isə nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu israr edir.

Daha sonra ABŞ bu kampaniyaya qoşulub və İranın atom proqramı ilə əlaqəli üç əsas obyektinə zərbələr endirib.

Prezident Donald Tramp iyunun 26-da deyib ki, İranın nüvə proqramı “on illərlə geriyə atılıb” və əgər İran uranın (yüksək səviyyədə) zənginləşdirilməsini bərpa etsə, əlavə zərbələr nəzərdən keçirilə bilər. İyunun 29-da isə Tramp “Fox News”a bildirib ki, İranın nüvə imkanları “heç kimin əvvəllər görmədiyi şəkildə məhv edilib. Bu isə onların nüvə ambisiyalarının sonu deməkdir – heç olmasa, müəyyən müddətlik”.

 

İranın xarici işlər naziri Abbas Ərağçi də nüvə obyektlərinə “ciddi” ziyan dəydiyini etiraf etsə də, detalları açıqlamayıb.

Ancaq hələ də həll olunmamış əsas məsələlərdən biri İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatının taleyidir. Bu səviyyə mülki məqsədlər üçün tələb olunan göstəricidən yuxarı olsa da, silah səviyyəsindən aşağıdır. İranın 400 kq bu səviyyədə urana sahib olduğu güman edilir.

“Bu materialın harada ola biləcəyini bilmirik. Bu ehtiyatın bir hissəsi hücum zamanı məhv edilmiş ola bilər, lakin bir hissəsi də köçürülmüş ola bilər. Buna görə də, hansısa məqamda bu məsələ dəqiqləşdirilməlidir”, – AEBA baş direktoru R.Qrossi vurğulayıb.

Tramp isə “Fox News”a verdiyi müsahibəsində İranın bu ehtiyatı köçürdüyünə inanmadığını bildirib: “Bu, çox çətin bir işdir, üstəlik, biz onlara əvvəlcədən demədik. Onlar heç nəyi köçürə bilmədilər”.

 

İranın sərt xətt tərəfdarları AEBA-nın baş direktoruna qəzəblidir.

İranın sərt xətt tərəfdarı olan “Kayhan” qəzetində AEBA rəhbərinin “həbs olunması və edam edilməsi” ilə bağlı çağırışlardan sonra ABŞ dövlət katibi Marko Rubio bu cür bəyanatların “qəbulolunmaz” və qəti şəkildə pislənməli olduğunu bildirib.

“İrana çağırış edirik ki, AEBA əməkdaşlarının təhlükəsizliyini və mühafizəsini təmin etsin”, – Rubio qeyd edib.

Lakin İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ-nin CBS kanalına verdiyi müsahibədə bildirib ki, Qrossi narahat olmamalıdır.

“Nə əməkdaşlara, nə də baş direktora qarşı heç bir təhdid yoxdur”, – iranlı diplomat vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron isə iyunun 29-da İran prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını açıqlayıb. Makronun sözlərinə görə, o, Tehranı danışıqlara qayıtmağa və AEBA-nin ölkədəki fəaliyyətini bərpa etməsinə imkan yaratmağa çağırıb. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın hansı rayonlarında neçə ballıq zəlzələ ola bilər? – SEYSMOLOJİ XƏRİTƏ

redaktor

Keçid balları nə üçün aşağı düşüb? – RƏSMİ CAVAB

redaktor

Ukrayna hərbçisi PUA operatorunun işini nümayiş etdirib – VİDEO

redaktor