Azərbaycan futbolu sürünür. AFFA rəhbərliyinin boş işləri bu sahəni betər vəziyyətə qoyub.
Rövşən Nəcəfin yarıtmaz komandası bir il müddətində yuxuya getdi. Uşaq futbolu, infrastruktur, milli komandalar bataqlıqda qaldı.
Aşağı liqa yarışlarında bəzən futbolçuların həyatı təcili yardım avtomobilləri gətirilmədiyindən təhlükədə oldu, cırıq toplar, yırtıq torlardan istifadə olundu.
AFFA rəhbərliyinin fəaliyyəti, həmçinin xaricdən “bəh-bəh”lə milliyə gətirilən əcnəbi məşqçilərin nəticəsi “0” oldu.
“Neftçi”ni qara gündə qoyub qaçan SOCAR rəhbəri Rövşən Nəcəf, AFFA prezidenti kreslosuna bərk yapışdı. Keçmiş “kral” Rövnəq Abdullayev futbol qurumundan “Kral öldü, yaşasın yeni kral” deyərək ayrıldı. Rövşən Nəcəf plansız gəldi, bir il ərzində heç nə etmədi, strategiyanı da əcnəbilərə milyonlar verərək yazdırdı.
AFFA-nın indiki rəhbərliyinin bərbad fəaliyyəti dövründə beynəlxalq arenada ölkəmizin imicinə böyük zərbələr vuruldu. Milli komanda 10 oyunun 8-də məğlub olub, 2 heç-heçəylə kifayətlənərək, tarixinin ən rəzil çıxışını etdi, UEFA Millətlər Liqasında ən aşağı liqaya yuvarlandı. AFFA rəhbərliyindən kimsə buna görə utanmadı, üzr istəmədi. Başqa ölkədə belə rüsvayçı uğursuzluq olsaydı, federasiya prezidenti, milli komandanın baş məşqçisi dərhal istefa verərdi. Bizdə nə Rövşən Nəcəf, nə Fernando Santuş istefa verdi, nə də milli komandanın futbolçuları xəcalət çəkdi.
AFFA prezidenti Rövşən Nəcəf peşəkar kadrları olmadan quruma rəhbər gəldi, gətirdiklərinin bəziləri isə yarıtmaz işiylə göz önündədir. R.Nəcəfin sifarişlə də kadrlara vəzifə verdiyi iddia olunur. AFFA-da indiki dövrlə əvvəlkinin fərqi yoxdur. Ona görə ki, Rövşən Nəcəf daha çox Elxan Məmmədovun kadrlarının ümidinə qalıb. Bu, R.Nəcəfin E.Məmmədova məğlub olduğunu göstərir. R.Nəcəf də E.Məmmədov kimi bəzi milli peşəkar mütəxəssisləri sıxışdırır.
AFFA-da çalışan zaman Elxan Məmmədov iki vəzifədən birini istəyirdi: ya gənclər və idman naziri və ya AFFA prezidenti olmağı. E.Məmmədovun arzuları ürəyində qaldı.
Azərbaycan futbolunu bərbad vəziyyətə salanların başında gələn Məmmədov, məcburiyyətdən FİFA-ya qaçmalı oldu. İndi E.Məmmədov pusquda dayanıb, pərdəarxası işlər görür, fürsət gözləyir, arzusuna çatmaq üçün.
Məmmədovun FİFA-da işlərinin rəvan getmədiyi bildirilir.
Rövşən Nəcəf Elxan Məmmədovun dedikləriylə razılaşır. Çünki özü də pis duruma düşüb, digər tərəfdən rəqibinin kadrlarına möhtac qalıb.
Rövşən Nəcəf AFFA-ya işə getməyi unudub, ancaq Amerikada keçirilən FİFA-nın sammitinə yollanmağa vaxt tapır. R.Nəcəf özünə əziyyət vermək istəmir, AFFA-nın iclaslarını da SOCAR-da keçirir.
AFFA rəhbərliyi 10 ay sonra bir məsələdə “ayılıb”. Rövşən Nəcəfin rəhbərlik etdiyi qurum Elxan Məmmədovun 11 il əvvəl təsis etdiyi Klublar Komitəsinin iclasını keçirəcək. Özü də 10 ay sonra.
Rövşən Nəcəfin yeni kadrları nəyə əsasən gətirməsinə, həmçinin baş katib Cahangir Fərəcullayevin ədalətsizlik etməsinə növbəti yazılarda toxunacağıq. (Supersportaz.az)