ABŞ-də nəşr olunan “Time” jurnalı 19 iyun tarixli sayında İranın dini lideri Ayətullah Əli Xameneinin fotosunun qismən cırılmış kimi göründüyü halını üz qabığında oxucularına təqdim edib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, jurnalın “Yeni Orta Şərq” başlıqlı üz qabığı xüsusilə sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Üz qabığı dərc edildikdən sonra sosial media istifadəçiləri “Time”ın əvvəlki illərdəki oxşar saylarını paylaşıblar.
Belə ki, jurnal 2003-cü ildə ABŞ İraqı işğal etməzdən əvvəl üzərində rənglənmiş Səddam Hüseyn posterinin yer aldığı sayını “Səddamdan sonrakı həyat” başlığı ilə oxucularına təqdim edib.
Daha sonra isə 2011-ci ildə “Qəddafidən sonra dünya” başlığı altında Müəmmər Qəddafinin üzünün yarısı silinmiş örtük nümayiş etdirilib. Bu dəfə isə üzərində Xamaeneinin fotosu olan posterin hazırlanması tənqid edilib. Bu, ağıllara Xamneyinin öldürüləcəyinə dair gizli kəşfiyyat mesajı olması ilə bağlı suallar gətirib.
Örtük fotosunun İsrailin İrana hücumlarından dərhal sonra yayımlanması da diqqət çəkib.
Bu addım İranda rejim dəyişikliyi ideyasını qanuniləşdirməyə yönəlmiş bir media manipulyasiyası kimi də şərh edilib.