İranda son statistik məlumatlara görə 85 mln. insan var, əhalinin 49%-i 0-29 yaş arası uşaqlar və gənclərdir, yəni, 42 mln. nəfərə yaxın uşaq və gənc yaşayır.
Əhalinin 29-45 yaş arası olan hissəsi də, təqribən, 20 mln. nəfərdir. 1979-cu ildən, İran inqilabından sonra doğulan, böyüyən əhali sayı 62 mln. nəfərdən çoxdur, təni, əhalinin 73%-i inqilabdan sonra doğulub. Son 30 ildə, təqribən, 2 mln. İran gənci xaricdə oxuyub, onlardan böyük əksəriyyəti İrana geri dönüb.
İranda 15-24 yaş arası əhalinin 97%-i savadlıdır, yəni, oxumağı-yazmağı bilir, ən azı ilk/orta məktəbi bitiriblər. İranın öz Universitetlərində bu gün 3,2 mln. tələbə oxuyur.
Bunları nədən yazdım – İran kifayət qədər gənc, savadlı və dinamik cəmiyyətə, topluma malikdir, son 10-15 ildə İranda dəfələrlə aylarla davam edən etirazlar olub, cəmiyyətin böyük bir qismi dəyişikliklər istəyir, sistemin “oyun qaydaları” bir çoxunu yorub.
Amma, xaricdən müdaxilə olan kimi daxildə də sistem güclənir, xalq, cəmiyyət iqtidar ətrafında birləşir, bu isə daxili müxalif hərəkata ziyan vurur.
İrana qarşı qurulan hərəkat, İranı işğal etmək mümkün deyil, qədim sivilizasiyaların kəsişdiyi, türklərin tarixə dəfələrlə damğa vurduğu coğrafiyada dəyişiklik ancaq içdən, orqanik, təbii yolla mümkündür. Xaricdən müdaxilələr İranın daxildən dəyişməsini əngəlləyir, gecikdirir və ən əsası, xarici müdaxilə İranla bağlı problemləri ancaq ertələyə bilər, birdəfəlik çözə bilməz.
Ümid edirəm ki, bölgəmiz qan çanağına dönmədən münaqişə bitəcək, təməlini dəyişiklik istəyən İran cəmiyyətinin gəncləri, öz ölkələrinə sahib çıxaraq daxili islahatlar yolu ilə böyük resursları, iqtisadi potensialı olan ölkələrini yeni keyfiyyət dəyişikliyinə doğru aparacaqlar – onlara mane olmaq lazım deyil…
P.S. Fotoda bütün əhalinin təhsil səviyyəsi illərə görə faizlə göstərilib.