Rusiyada axtarışa verilmiş keçmiş hakim Yelena Xaxaleva hələ mart ayında Azərbaycandan başqa ölkəyə gedib.
Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bunu Xaxalevanı müdafiə edən vəkil Şəhla Hümbətova deyib.
“Xaxalevanın Azərbaycanda işi başa çatıb. Rusiya tərəfinin tələbi ilə onun ekstradisiyasından imtina barədə məhkəmə qərarından sonra o, Azərbaycanı tərk edərək üçüncü ölkəyə gedib”
Hümbətovanın sözlərinə görə, o, Xaxalevanın hansı ölkəyə getdiyini və hazırda harada olduğunu bilmir.
Vəkil xatırladıb ki, keçmiş hakim 2025-ci ilin yanvarında Bakıya gəldikdən sonra həbs edilərək Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasında saxlanılıb.
“Mən şikayət verdim və apellyasiya məhkəməsi müvəkkilimi polis nəzarəti altına alaraq həbs qərarını ləğv etdi”, – deyə Ş.Hümbətova qeyd edib.
O, əlavə edib ki, bundan sonra Xaxaleva bir müddət kirayədə yaşayıb.
Vəkil izah edib ki, prosedura əsasən, ekstradisiya məsələsi həll olunana qədər insanlar polis nəzarəti altında köçürülür. Azərbaycanın baş prokuroru Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina etmək qərarına gəldikdən sonra o, avtomatik olaraq azad hesab edilib.
FSB-nin məlumatına görə, 2021-ci il dekabrın 8-də Xaxaleva İrəvana uçub və Rusiyaya qayıtmayıb. Müstəntiqlərin fikrincə, 2016-cı ildən 2019-cu ilə qədər o, 127 iş günü işdən kənarda qalıb. Bununla da o, vaxt cədvəllərini dolduran işçiləri aldadıb, sonra isə özü sənədi imzalayıb. Ümumilikdə o, qanunsuz olaraq 1,195 milyon rubl maaş alıb.