ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini sülhə razı sala bilməsə, Aİ Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
Bunu X sosial şəbəkəsində Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib və qeyd edib ki, bunlar “sülhün lehinə inandırıcı arqumentlər” olacaq.
O qeyd edib ki, indiyədək Aİ və ABŞ Ukraynaya hər il təxminən 40 milyard avro hərbi yardım edib.
Lakin bu vəsaitləri birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yatırmaqla daha səmərəli istifadə etmək olardı. O vurğulayıb ki, Ukraynada istehsal olunan müasir silahların dəyəri Aİ və ya ABŞ-dakı istehsalın təxminən yarısıdır. “Bu, Ukraynanın eyni 40 milyard avroya aldığı silahların həcmini faktiki olaraq iki dəfə artıracaq. Bizim dəstəyimizin real dəyəri 80 milyard avroya qədər artacaq”, – o vurğulayıb.

