
Keçən il Fransaya rekord 100 milyon turist gəlib, ümumən 71 milyard avro pul xərcləyiblər (Bu rəqəm Azərbaycanın cəmi ÜDM-indən də, cəmi valyuta ehtiyatından da çoxdur). Bu ilin ilk rübünün rəqəmləri isə gələn turistlərin sayında 10% civarında artım olacağı ehtimalını göstərir.
Yeri gəlmişkən, İspaniyaya gələn turistlərin sayı Fransaya gələnlərin sayından az olsa da, az qala iki dəfə çox 126 milyard avro pul xərcləyiblər. Səbəb turistlərin İspaniyada daha uzun müddət qalmasıdır ki, bu da turistlərin bu ölkədəki dəniz sahillərində daha uzun müddət tətil keçirtməsi ilə əlaqədar ola bilər.
Bu arada sərhədləri bağlı saxlayan Azərbaycan hökumətinin turizmi inkişaf etdirməsi gündə bir agentlik, gündə bir yeni dövlət qurumu yaratmaqdan, yəni məmurların sayını çoxaltmaqdan ibarətdir.
Ümumiyyətlə, bir ölkədə ki, məmur, daha doğru desək, məmur-biznesmen iş adamından, biznesdən çox qazanır, orada turizmin-filanın inkişafından danışmaq boş şeydir.
İstedadlı gənc öz işini qurmaqdansa, gedib Yüksəliş müsabiqəsində iştirak edirsə, dövlətin verdiyi stimul budur. Şüuraltı bilir ki, yaşamağın yolu məmur olmaqdır, biznes qurmaq üçün də gərək yüksək məqamda məmur olasan. Yoxsa gedim öz biznesimi qurum, bu ölkədə bunun perspektivi yoxdur.
Azərbaycan dünyada az saylı əndrəbadi ölkələrdəndir ki, məmur biznesmendən varlıdır. Əslində bizneslər hamısı elə məmurların əlində cəmlənib. Məmur olmayan biznes qursa, Allah eləməmiş bu biznes çiçəklənsə, məmurlar onun biznesini əlindən alıb, özünü də damlayarlar.
Bütün dünyada turizmin inkişaf etdiyi, camaatın hərəkət etdiyi dövrdə bu hökumətin məmləkət sərhədlərini bağlaması da məhz bununla bağlıdır. Deyirlər ki, gedib xaricdə pul xərcləməyin, odur Prezident aparatı, məmurlar rayonlarda, kəndlərdə otellər tikib, gedin orada qalın, daxili turizmi inkişaf etdirin, yəni korrupsioner məmurun cibini doldurun. Yoxsa gedib gürcüyə-filana xeyir verirsiniz. Bəs millət, dövlət? Yaxşı millət öz oğru məmuruna xeyir verər, gürcüyə-filana deyil.
Məni bir şey maraqlandırır ki, bu müğənnilər toylarda-filanda bu qədər pul qazanır, nə vaxt bizim məmurlar toylarda da özləri oxumağa başlayacaq, şənliklərdə populyar müğənniləri isə hərəsini bir bəhanə ilə oxumaqdan uzaqlaşdırıb, çox etiraz edənlərini də narkotiklə-filanla damlayacaqlar.