21 C
Bakı
22 İyun 2025 08:19
DünyaQalmaqal

Hüquq-mühafizə orqanları cinayətə göz yumarsa, onda həmin cinayətkarı cəzalandırmaq üçün cadugərlər işə qarışmalı olurlar.

Sirr deyil ki, cadu-fala sidq ürəkdən inanan hələ də çoxdur. Təkcə bizdə yox. Xalxın ölkəsində “cadugərlər” adam balası kimi vergi də ödəyirlər. Özü də hansısa sorağı gəlməyən ölkədə yox, Avropada. Daha dəqiq desək – Rumıniyada.

 

2011-ci ildən etibarən cadugərlik rəsmi olaraq bir peşə kimi tanınır burda. Qeydiyyatdan zaddan da keçirlər bu işlə məşğul olanlar. Gəlirlərinin 16%-ni ismətli vergi ödəyicisi kimi çatdırırlar büdcəyə, səhiyyə və pensiya fonduna da paylarını çatdırırlar. Hökumət bu addımı tarixi və sosial reallığı nəzərə almaqla atıb.

2009-cu ildə prezident seçkilərində məğlub olan Mirça Coane deyib ki, udacaqdım da, sadəcə mənfi enerji dalğası imkan vermədi.

 

Çilidəki mapuçe xalqı da caduya çox ciddi yanaşır. Hər icmada dini lider sayılan maçi (şaman) var.

1960-cı ildə Çilidəki güclü zəlzələdən vahiməyə gələn mapuçelilər yer və okeanı sakitləşdirmək üçün 5 yaşlı oğlan uşağını qurban da gətiriblər. Düzdür, ritualı həyata keçirənləri sonra tutub pazlayıblar, amma 2 ildən sonra azadlığa buraxıblar. Hakim deyib ki, ritualı düz-qoş edənlər öz xoşlarıyla etməyiblər ki, onlar “öz iradələri olmadan, əcdadlarının ənənələrinin qarşısıalınmaz təbii gücü ilə hərəkət edirdilər”.

 

Filippinlilər nəyi var yerli qara magiyaya – kulama inanırlar. Özü də XVI əsrdən. O vaxtlar ispan müstəmləkəçilərinə yönləndirirdilər bu “cadunu” ki xəstələnib yıxılıb ölsünlər.

Müasir dövrdə kulam üzrə mütəxəssislərə manqkukulam deyirlər Filippində. Tinbaşı rast gəlmək olar onlara. Hətta bazarda filanda da “xidmət mərkəzləri” var. Kimsə cinayət törədərsə və yerli hüquq-mühafizə orqanları buna göz yumarsa, onda həmin cinayətkarı cəzalandırmaq üçün kulamçılar “xoddanırlar”. Əmindirlər ki, günahsız adamlara bu cür cadu kar etməyəcək.

 

Canım-gözüm Tanzaniya qeyri-qanuni də olsa bu məsələdə geridə qalmayıb. Bu Şərqi Afrika ölkəsində caduya inam bir çox milli qəbilə mədəniyyətinin ayrılmaz bir hissəsidir, xüsusilə yoxsul bölgələrdə və kənd yerlərində yaşayanlar həyatlarını yaxşılaşdırmaq istədikdə şamanlara müraciət edirlər. Söhbət təkcə fiziki sağlamlıq məsələlərindən getmir: uğur, rifah, hətta imtahanlardan müvəffəqiyyətlə keçmək üçün də cadugərdən kömək istəyirlər.

 

Amma belə rituallarda Filippindəki kimi kukla-mukladan istifadə etmirlər. Bəzən bədənin hansısa üzvlərindən də. 2019-cu ildə Tanzaniyadakı 65 “cadugəri” ritualda istifadə üçün 10-dək uşağı öldürdüklərinə görə həbs ediblər. Bu məsələdə albinosların günü lap qaradır: Tanzaniyada inanırlar ki, onların bədən üzvlərinin gücü lap dəhşətdir. 2015-ci ildə hökumət bir neçə albinosun öldürülməsindən sonra qanunla cadunu qadağan edib. Qanunu pozanı isə ölüm cəzası gözləyir.

 

Elə Səudiyyə Ərəbistanında da. Caduyla məşğul olmaq qanunla qadağan edilib. Onu pozan da ölüm cəzasına məhkum edilir. Bu qadağa həm də mövzuya uyğun kitablara da şamil edilir. Məsələn, Harri Potter haqqında olan kitablara. 2009-cu ildə caduyla mübarizə üçün xüsusi qurum da yaradılıb. Hansısa vətəndaş hiss etsə ki, ona cadu ediblər – o dəqiqə bu quruma müraciət edə bilər.

 

Nepalda hesab edilir ki, cadugərlər (adətən qadınlar) zəlzələlərə, quraqlıqlara və daşqınlara səbəb olur, həmçinin konkret insanlara xəstəlik və ölüm göndərirlər. Cadugərlərə qarşı böyük hörmət və etibar sahibi olan şamanlar (daha çox kişilər) mübarizə aparır. Onlar müalicə ilə məşğul olur və guya qara magiyanın qurbanı olmuş insanlarda ekzorsizm (cinçıxarma) ayinləri keçirirlər. Bu cür inancların yayılması əsl cadugər ovuna gətirib çıxarır: cadudan istifadə etməkdə şübhəli bilinən qadınlar icmalardan qovulur və ya işgəncələrə məruz qalırlar.

 

2012-ci ildə Çitvan rayonunun bir sakini yerli şaman və qohumları tərəfindən başqa bir ailə üzvünün xəstəliyinə səbəb olmaq üçün cadugərlikdən istifadə etməkdə ittiham edildikdən sonra öz ailəsi tərəfindən diri-diri yandırılmışdır. 2014-cü ildən cadugərlikdə ittihama qarşı qanun qüvvəyə minib. Arada o bədbəxti yandırdılar getdi.

 

Cənubi Afrika Respublikasındakı (CAR) sayları 10-12 milyona çatan zulus xalqının “cadugərləri” əməllicə hörmət-izzət sahibi sayılırlar. Onlardan biri iddia edir ki, 2010-cu ildə futbol üzrə Dünya Çempionatı zamanı Cənubi Afrika Futbol Assosiasiyası ona 13 min ABŞ dolları vəd edib ki, sən Allah, elə et ki, CAR komandası Fransa komandasına qalib gəlsin. Amma “atıblar” buna, pulun az hissəsini veriblər. Bu da kinli kişi olubmuş, hirslənib elə “cadu” edib ki, komanda sonradan rəsmi görüşlərdə qalib gələ bilməsin. Yeri gəlmişkən, həmin oyunda Fransa həqiqətən məğlub olsa da, CAR komandası çempionatın play-off mərhələsinə keçə bilməyib. Kişi də qürurla deyib ki, mənlikdi!

 

Əli Əkbər

Tacxeber.com

Oxşar xəbərlər

Putin: “Yaxşı, qoy Çaykovskisiz, Dostoyevskisiz, Tolstoysuz yaşasınlar, amma biz…”

redaktor

Gürcüstanda soydaşlarımız etiraza qalxdı: Əxlaqsızı qovun!

redaktor

Krımı və Donbası Rusiyaya vermək… – Zelenski

admin