ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ Evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.
Tacxeber.com xəbər verir ki, bu barədə “HuffPost” portalı yazıb.
Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Trampın qolf oynaması yüksək xərclər tələb edir. Prezidentin qorumasını təmin etmək üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilir.
Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir.