
Onu əməliyyat edən məşhur rus həkimlətdən biri belə deyib: “O müqəddəsdir, Allah adamıdır”. Elə sənətkarlar var ki, sağlığında ölməzlik zirvəsinə ucalır, bir növ ölümsüzləşir, başqa sözlə əbədiləşir. Səttar Bəhlulzadə kimi…
Tacxeber.comxəbər verir ki bu gün bənzərsiz rəssamın doğum günüdür. 114 il əvvəl dünyaya gələn rəssamı yad edirik.
Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində Bəhlul bəy və Hökümə xanımın ailəsində anadan olub. Səttar Bəhlulzadə ilk təhsilini məhəllə məktəbində alıb. Orta təhsil aldıqdan sonra 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb.
Hələ sağlığında müasirləri onu “Aramızda gəzən dahi” deyə çağırırdılar. Özünün isə təbii ki, bundan xəbəri yox idi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, daxili aləminin işığı duyulan nadir gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək “İşləyirik də… hələ çox şey eləmək lazımdı” deyib söhbətin yönümünü dəyişməyə çalışardı.
Gözəllik onun Tanrısı idi. Səttar elə bil gözəlliyi duymaq, onu başqalarına kəşf etməkdən ötrü yaranmışdı. Çoxlarına adi görünən dağa, daşa, gülə, çiçəyə, müxtəlif donlu ağaclara hopmuş cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu ecazkarlıq qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da rəssamın əsərlərində təbiətin gözümüzdə adiləşən guşələri elə heyrətamiz ifadə vasitələri ilə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir–birinə meydan oxuyur. Biri ağlasığmaz gözəllik yaratdığı, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün.

“Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Doğma düzənlər”, “Cıdır düzü”, “Muğanda bahar”, “Dədəgünəş”, “Qədim Şamaxı”, “Naxçıvan dağları”, “Abşeronun tacı”, “Xəzər gözəli”, “Torpağın arzusu”, “Kəpəzin göz yaşları”, “Bazardüzü ətrafı”, “Azərbaycan nağılı” və “Mavi nağıl” əsərləri bu fikirlərin bariz nümunəsidir.
Səttar Bəhlulzadənin özünəməxsus aləmi var idi. O, fəlsəfəyə bağlı bir insan idi. Ona görə də yaratdığı əsərlər onun daxili dünyasını açır. O, qeyri-adi bir insan idi və bu qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdirib. Əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən bir adam olub Səttar. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməyib. Çoxlarını düşündürən belə şeylər onu heç vaxt maraqlandırmayıb. O, çox sadə və təvəzökar şəxsiyyət idi. Səttar Bəhlulzadə insanların ruhunu və zövqünü oxşamaq, “Həyat gözəllikdir” həqiqətini sənətilə sübut etmək üçün öz taleyini, şəxsi həyatını ədəbi sənət yolunda qurban verən nadir sənətkarlardan idi.





