
Son illər kinematoqrafiyanın əsas tendensiyalarından biri nağıllardakı mənfi qəhrəmanlar barədə müstəqil filmlərin çəkilməsidir. Şər qüvvələrin təcəssümü olan ifritələr, cadugərlər və digər obrazlar müsbət qəhrəmanların yaratdığı şəraitin qurbanı kimi təqdim olunur.
Hesab olunur ki, şərin qarşısını almaq üçün xeyir və şərə münasibət dəyişməlidir. Ənənəvi olaraq xeyir, cəmiyyətdə oturuşmuş normalara uyğun, şər isə həmin normalara zidd davranış kimi başa düşülüb.
Müasir gənc də tam yeni bir gələcək qurmaq istəyir deyə, normalara uyğunlaşmaq onun üçün yolverilməzdir. O, bütün stereotip və zehniyyətləri dağıtmaq, azad və müstəqil şəxsiyyət olmaq istəyir. Ona görə də, xeyir və şər, düz və səhv barədə yeridilən klişeləri qəbul etmir.
Kinematoqrafçılar da yeni nəslin nəbzini tutaraq, mənfi qəhrəmanları müsbət, müsbət qəhrəmanları mənfi yöndən təqdim etməyə başlayıb. Şahzadənin xoşbəxt evliliklə bitən uzun-uzadı macəralarındansa, ifritənin onu ifritə edən sistemi dağıtması daha cəlbedici və maraqlı görsənir. Amma burada ritorik sual yaranır: ifritələrin qurduğu sistem qadına qadınlığını qaytara bilərmi? Bəlkə də, şüuraltıda anlayırıq ki, bütün bəlaların kökü qadınlığın həyatımızdan qərib düşməsindədir. Ona görə də, sənətdə məhz qadın obrazına bu qədər önəm verilir.
Üzə çıxmaq, öz yerini tutmaq istəyən qadınlığın səyləri sərt təpki görür deyə, “ifritəlik kultu” meydana gəlir. Küskün, kinli, paxıl, həris, hikkəli, hökmran olmaq istəyən və zahiri görkəminə fokuslanmış “ifritələrin” kultu. Bir cəhənnəmdən digər cəhənnəmə düşən qadınlıq faciəsi. Məcburiyyətdən edilən seçimin ən bariz örnəyidir bu.
Bütün qəlibləri qıraraq azad olmaq istəyi gənc bir insanın fitrətindən qaynaqlanır. Bu istək qız və oğlanda fərqli təzahür edə bilər, amma qaynaq eynidir. Bununla belə, qızların üsyankarlığı nədənsə oğlanların üsyankarlığından daha çətin həzm olunur.