Azərbaycanda “Temu” platformasının fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin aşkarlandığı bildirilir. Araşdırmanın diqqətçəkən tərəfi məhsulların baha deyil, həddindən artıq ucuz satılması ilə bağlı şübhələrdir.
Tacxeber.com JAMnews-a istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin noyabrın 25-də açıqladığı məlumata görə, platformanın sahibi “PDD Holdings”lə bağlı araşdırma tamamlanıb. İş başlanmasına əsas olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.
İddialar rəqabəti məhdudlaşdıran aşağı qiymətlər və iqtisadi əsaslandırma olmadan məhsulların maya dəyərindən ucuz satılması ehtimalına aiddir. Bununla belə, belə müddəaların tətbiqi üçün şirkətin müvafiq bazarda hökmran mövqeyi də müəyyənləşdirilməlidir. JAMnews qeyd edir ki, agentlik “Temu”nun hansı bazar seqmentində nə qədər paya sahib olduğunu açıqlamayıb.
Məsələ istehlakçıların maraqları baxımından da müzakirə olunur. İqtisadçı Vahid Əhmədov platformanın aşağı və orta gəlirli alıcılar üçün alternativ yaratdığını bildirib.
Hazırkı mərhələ “Temu”nun Azərbaycanda qadağan edilməsi barədə qərar demək deyil. Komissiya iş başlanması üçün əsasları qiymətləndirəcək. JAMnews-un materialı yayımlananadək şirkətin araşdırmaya açıq münasibəti olmayıb.
