Bambılı sözünün rus dilində tam qarşılığı yoxdur. “Obarvanets” sözü ilə belə Putinin indiki halını bambılı ifadəsi qədər tam ifadə edə bilmir.
Tarix çox diktatorlar görüb, ancaq Putin kimi pambılı diktator görməyib.
İnsan əti yediyini, insan ətinin hətta bəbir ətindən də duzlu olduğunu bəyan edən Uqanda diktatoru Dada Ume İdi Amin hər iki əli qana batmış tiran idi. Sədaqətindən şübhələndiyi 10 minə qədər zabiti timsahlara yedizdirən, Baş Qərargah rəisi Süleyman Hüseynin başından şorba sifariş edən, şorbanı dadsız hesab etdiyi üçün aşpazını da supun içinə atdıran Amin bəşəriyyətin gördüyü ən qanlı diktatorlardan biri idi. Ancaq indusları, pakistanlıları və çinliləri ölkədən qovan, onların əmlaklarını müsadirə edən qanlı diktator Putin kimi bambılı deyildi.
Aminin insan əti yeməsi mənsub olduğu qəbilənin inancından irəli gəlirdi. Aminin mənsub olduğu qəbilə düşmən ətini yeməklə onun zəkasını və gücünü də mənimsədiyinə inanır.
Ekvatorial Qvineyanın diktatoru Fransisko Masias Nqema Ndonqin hakimiyyəti dövründə ölkənin təxminən 300 minlik əhalisindən 50 minə yaxını qətlə yetirilmişdi. Sağ qalan əhalinin yarısı isə ölkədən qaçmağa məcbur olmuşdur. Katolik kilsəsini qadağan edən, bütün məktəbləri və kitabxanaları bağlatdıran, prezident kimi ilk fərmanı ilə əcnəbiləri xalq düşməni elan edən Fransisko Masias Nqema Ndonq qanlı diktator idi. Ancaq Putin kimi bambılı deyildi.
Mərkəzi Afrika Respublikaısnın diktatoru Jan-Bedel Bokassa düşmənlərini timsahlara yedizdirməyi xoşlayırdı və özü də insan əti yeyən qanlı tiran idi. Jan-Bedel Bokassa da əli və ağzı qana batmış diktator olsa da, Putin kimi bambılı deyildi.
Çində səfərdə olan Putin Rusiyada Çin dilinin geniş öyrənilməsi barədə çinlilərə hesabat verərək deyib ki, Çin dilini öyrənən rusların sayı 100 mini keçib. “Çin dilini öyrənən rusların sayı da ildən-ilə artır”.
Ötən il Putin çinlilərə yarınmaq üçün nəvələrinin Çin dilində səlis danışdığını demişdi. “Ailəmin ən kiçik üzvləri Çin dilində səlis danışırlar”.
Bambılı diktator hələ də bilmir ki, Çinin özündə 300 milyondan artıq şəxs ingilis dili kurslarına gedir. Bambılı diktator onu da bilmir ki, Çində 2001-ci ildən etibarən ibtidai siniflərdən (adətən 3-cü sinifdən) başlayaraq ingilis dili məcburi fənn kimi tədris olunur. Eyni zamanda, universitetlərə qəbul imtahanı olan “Gaokao”-da ingilis dili əsas fənlərdən biridir.
Sovet İttifaqı dağılanda Rusiya Federasiyasının Ümumdaxili Məhsulu Çinin ÜDM-dən 20 faiz çox idi. İndi Çinin ÜDM-i Rusiyanın ÜDM-dən 7.5 dəfə çox, Çinin yüksək texnologiyalı məhsul istehsalı Rusiyanın bu sahədəki göstəricisindən ən azı 100 dəfə çoxdur. Bütün bunlardan utanmaq əvəzinə Putin Rusiyanın rəqəmsal transformasiyanın ön sıralarında olduğunu, “dünyada aparıcı” dil modelləri yaratdığını süni intellekt sayəsində təhsil və tibbdə “inqilab” etdiklərini bəyan etməkdən utanmır.
Şanxay Əməkdaşlıq Təşkilatının hesablamaırına görə, Rusiyanın qlobal ixtira və innovasiya bazarındakı payı 2025-ci ildə bir faizdən də aşağı düşərək, 0.8 faiz təşkil edib. On il əvvəl bu göstərici 1.2 faiz, 2010-cu ildə isə 1,6 faiz olub. Beləliklə, son 16 ildə Rusiyanın qlobal innovasiya bazarındakı tutumu iki dəfə azalıb.
Qeydiyyatdan keçmiş ixtiraların sayına görə Rusiya Hindistanın göstəricilərinin yarısına belə çata bilmir. Bu sahədə Almaniyadan 5.5 dəfə, Cənubi Koreyadan 10 dəfə və Yaponiyadan isə təxminən 15 dəfə geridə qalır. Çində Rusiyadan 58 dəfə çox ixtira qeydiyyata alınıb. Bütün bu rəqəmlərdən utanmaq əvzəinə həyasızcasına Rusiyanın rəqəmsal transformasiyanın ön sıralarında olduğunu bəyan edir.
Tarixdə heç bir diktator özünü bu qədər gülünc vəziyyətinə salmayıb. Tarix çox qanlı diktatorlar görüb. Ancaq Putin kimi bambılı diktator görməyib.
