İranın Azərbaycan sərhədinə ballistik raketlər gətirdiyi iddiası yayılıb. Sosial şəbəkələrdə dövr edən fotoda çay kənarı yolda hərbi texnika və iri, örtülü yük daşıyan çoxoxlu maşın görünür. ABŞ və İsrailin İrana yenidən zərbə endirə biləcəyi barədə xəbərlərin fonunda bu görüntü narahatlıq doğurur. Amma ciddi təhlükəni qiymətləndirmək üçün əvvəlcə faktla ehtimalı ayırmalıyıq.
Hazırda bu fotonun çəkildiyi yer və vaxt, texnikanın dəqiq növü və hərəkət məqsədi müstəqil şəkildə təsdiqlənməyib. Buna görə “İran Azərbaycan sərhədinə raket yerləşdirib” ifadəsini sübuta yetirilmiş xəbər kimi təqdim etmək tezdir.
İddianın mənbələrindən biri olan “Araz News” 1 noyabr tarixli xəbərində adı açıqlanmayan “yerli mənbələrə” əsaslanaraq sərhəddə ballistik raket buraxılış qurğularının görüldüyünü yazır. Ancaq konkret çəkiliş yeri, vaxtı və yoxlanıla bilən sübut göstərmir. Bu nəşrin iddiasını İran dövlətinin rəsmi açıqlaması kimi təqdim etmək olmaz.
Digər mənbə — “Iran Emrooz” — İran rəhbərliyinin saytına istinadən hərbi komandirlərin şimal-qərb və cənub-şərq sərhədlərində, həmçinin körfəz sahillərində hazırlıq barədə hesabat verdiyini bildirir.
Azərbaycan mediasında xəbərin müxtəlif saytlarda təkrarlanması da ayrıca təsdiq sayılmır. Axar sosial şəbəkələrə, Globalinfo isə “Azad İran”a istinad edir; digər nəşrlər həmin məlumatları təkrarlayır. Eyni iddianın çoxsaylı başlıqlarla yayılması onun sübut bazasını gücləndirmir.
Bəs müharibə təhlükəsi? Reuters-in 2 noyabr məlumatı ABŞ-nin mümkün yeni əməliyyatı ilə bağlı narahatlıqları təsvir edir. “Financial Times” isə İsrail rəhbərliyinin yeni zərbələrə çağırdığını, lakin Trampın hələ qərar vermədiyini yazır. Deməli, hərbi eskalasiya riski barədə əsaslı xəbərlər var, amma bunlar hücumun mütləq baş verəcəyi və Azərbaycandan həyata keçiriləcəyi demək deyil.
Azərbaycanın hücum meydançasına çevriləcəyi barədə yoxlanılmış sübut ortaya qoyulmayıb. Əksinə, Azərbaycan XİN yanvarın 29-da və martın 1-də ölkə ərazisindən İrana qarşı istifadəyə yol verilməyəcəyini bildirib. Bu mövqeni İranın “Tasnim” agentliyi də yayıb. Əlbəttə, rəsmi bəyanat bütün hərbi reallıqların müstəqil yoxlanması deyil. Ancaq onun əksini iddia edən tərəf də konkret sübut göstərməlidir…
