20 C
Bakı
24 Oktyabr 2026 14:00
DünyaHadisəMaraqlı

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı – Kelştaynhaus (Kehlsteinhaus) yandırılıb. Şübhəlinin polis tərəfindən saxlnıldığı bildirilir.

Başqa bir adı “Qartal yuvası” olan və Bavariya Alplarında yerləşən ev 1937-1938-ci illərdə nasist partiyası tərəfindən tikildi və 1939-cu il aprelin 20-də 50 illik yubileyi münasibətilə fürerə bağışlandı.

Kelştayn dağında 1834 metr hündürlükdə yerləşən evə avtomobil yolu yox idi. Hitler və qonaqları avtomobillərini daha aşağıda saxlayır, son 124 metr hündürlüyə liftlə qalxırdılar. Lift düz evin içinə qalxırdı.

Yanğın cümə günü axşam başlayıb və şənbə səhəri etibarilə hələ də söndürülməmişdi. Yerli vaxtla saat 21:50-də (Qrinviç vaxtı ilə 19:50) tüstü detektoru işə düşüb və yanğın barədə siqnal daxil olub. Yanğınsöndürənlər hadisə yerinə yaxınlaşarkən alovun yüksəklərə qalxdığını görüblər. Hadisə yerinə çatdıqda isə binanın «tamamilə alovlara büründüyünü» müəyyən ediblər. Ərazidə təcili xidmətlərin təxminən 200 əməkdaşı işləyib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Polisin məlumatına görə, ərazinin çətin keçilən olması yanğının söndürülməsini çətinləşdirib. Binaya yalnız tənəffüs aparatlarından istifadə etməklə daxil olmaq mümkün olub.

Polisin bəyanatında bildirilir ki, hadisə yerinin yaxınlığında şübhəli bir şəxs saxlanılıb. Hazırda müstəntiqlər onun yanğını törətməkdə iştirakının olub-olmadığını araşdırırlar. Ehtimal olunan motivlər barədə hələlik məlumat verilmir. Almaniyanın «Bild» tabloidi saxlanılan şəxsin motosikletdə olduğunu xəbər verib.

AFP agentliyinin fotoqrafının bildirdiyinə görə, polis əməkdaşları yanğın yerinə aparan yola girişi bağlayıblar.

Hitler məhz burada SSRİ-yə hücum planlaşdıran generalitetlə görüşlər keçirirdi. Burada çəkilən təbliğat filmlərində nasist diktatoru heyvanları və təbiəti sevən insan kimi təqdim olunurdu. Bununla belə, Hitler seyrək dağ havasını sevmədiyindən “Qartal yuvası”na nadir hallarda gəlirdi.

Nasist Almaniyasının 1945-ci ildə məğlubiyyətindən sonra bina salamat qalıb. O, bombardmanlardan zərər görmədən qorunub saxlanmış azsaylı Hitler dövrü abidələrindən biridir. Məhz buna görə Kelştaynhaus məşhurlaşıb və mühüm vizual simvola çevrilib; müharibə haqqında filmlərdə ondan tez-tez istifadə olunur.

Hazırda Kelştaynhaus Bavariya federal torpağına məxsusdur və tarixi abidə kimi tanınır. “Qartal yuvası”nın rəsmi saytında bildirilir ki, 1960-cı ildə, Berxtesqadenin Bavariyanın tərkibinə daxil olmasının 150 illiyi münasibətilə Bavariya hökuməti binaya nəzarəti xüsusi fonda verib. Fond binadan əldə olunan gəlirlərin xeyriyyə məqsədləri üçün istifadə edilməsini təmin edir.

Saytda bu məkanın “nasistlərin qeyri-insani diktaturasının uçurumlarını xatırladan və insanları onlardan çəkindirən bir xəbərdarlıq” rolunu oynadığı qeyd olunur.

Məkan turistlər arasında populyar idi və dağ qonaq evi kimi fəaliyyət göstərdi. Burada restoran da vardı. İqlim səbəbindən turist səfərləri adətən mayın əvvəlindən oktyabrın sonlarına kimi mümkün idi.

Materialın bir hissəsini daha əvvəl hazırlamışdım, çox hissəsi isə BBC-nin bugünkü yazısının tərcüməsidir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

1962-ci il Karib böhranı zamanı dünyanı nüvə müharibəsindən xilas edən şəxs

admin

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin

Anastas Mikoyan və Fidel Kastro

admin