Bir neçə gün bundan öncə gözəlim məmləkətin Fazil Mustafasının — “mövqe transformasiyası” ideyasının memarlarından birinin doğum günü idi.
Bu münasibətlə sosial media platformasında onun barəsində qarşıma çıxan kiçik bir yazıya lokanik ictimai rəyim, şərhim, haqlı münasibətim nədənsə, qarşı tərəfin əhval-ruhiyyəsini pozmuşdu. Olsun! Bu, məni zərrə qədər də narahat etmir… və heç etməz də! Çünki sözüm haqdır! Bu öz yerində!
Madam ki, Fazil Mustafadan söz düşüb, o zaman bir az da əhatəli şəkildə (barəsində) bir neçə kəlmə yazmaq bu məqamda lap yerinə düşər…
Əziz dostlar, siz də gözəl bilirsiniz ki, ümumiyyətlə zaman-zaman ictimai-siyasi arenada öz mövqe və reaksiya mahiyyətinin, iş prinsipinin tərkibində daim xarakterin opportunist halını ortaya qoyan, başladığı YOLu edam kötüyündə tərgidən şəxslərin mövcudluğu inkarolunmazdır, həmçinin acı gerçəklikdir!
Elə bu məkanda “mövqe transformasiyası” ideyasını memarlarından olan, adını çəkdiyim Fazil Mustafa da məhz o ismlərdəndir…
Doğrudur, bu günə qədər onun bir sıra fikirlərini, daha dəqiq desək, xurafat, cəhalət, mövhumat… üzərindən yürütdüyü mülahizələri birmənalı şəkildə təqdir etmişəm, amma və lakin(!) təqdir etdiyim qədər də bu ölkədə Fazil Mustafaların uzun illərdir ki, təbiətindəki aşınma tendensiyasına, baş vermiş mutasiya prosesinə, eyni zamanda qolundakı yox(!), yolundakı “güllə” yarasına hər zaman acımışam!
… Bir də ki, unutmamalıyıq ki(!), Fazil Mustafalar çox vaxt günəşə kürək çevirib, günəşdən bəhs edərlər!
P.S:
İnanıram ki, Fazil Mustafa da haqqında yazdığım bu qısametrajı (əsaslı!) resenziyamı cümləbəcümlə təsdiq edər…
