Salam uca millətim!
Türkiyə-Azərbaycan arasında yaranan son günlərin gərginliyi getdikcə ürək bulandırır. İş o yerə çatıb ki, yaxın keçmişimizdə Xocalıda millətimizə qarşı dünya ölkələrinin də tanıdığı genosid törədən, türk millətçiliyini öz rəsmi ideologiyasına çevirən Ermənistan iki qardaş ölkə arasında vasitəçilik etmək təşəbbüslərində bulunur. Qəlb dağlayan reallıq və tariximizə qara hərflərlə yazılacaq rəzalətdir bu.
Bu gərginliyin detalları məntiqlə hakimiyyət maraqlarından o tərəfə gedib çıxa bilməz. Məsələni qızışdıran isə hakimiyyətin içərisində, mediada, vətəndaş cəmiyyətində lövbər salmış istiqlal düşmənləridir. Böyük türk düşməni olan məlum birisinin Prezidentin İcra aparatı rəhbərliyindən uzaqlaşdırılması baş versə də, görünür, rus kölələrinin resursları bütün səviyyələrdə hələ də qalmaqdadır.
Ayılın! Qarşımızdakı qardaş ölkədir, canımız Türkiyəmizdir. Ortada gen hafizəsinə və bioloji köklərə dayanan bir qardaşlıq mövcuddur. Unutmayaq ki, Türkiyə bütün türklərin vətənidir. Böyük Atatürkün ərsəyə gətirdiyi möhtəşəm Türkiyə dövlətinin atributlarına dil uzatmaq ləyaqət məsələsidir! Nəzərə almalıyıq ki, Azərbaycanın strateji gələcəyinin taleyi qardaş Türkiyəmizdən birbaşa asılıdır!
Ritorik bir sual: Bəs, konstitusion ərazimizdə, vətənimizin bir parçası olan Kəlbəcərdə kürd dövləti qurmağa çalışan himayə olunan məlum separatçılar tərəfindən kürd bayrağı qaldırılanda bu anti-türk xoru harda qalmışdı? Bu hadisələr həm də bir çox mətləblərə işıq saldı, çoxlarının kimliyi bilindi, çox mətləblərə aydınlıq gəldi. Bir çox məsələləri isə buraxaq tarixin ədalətinə.
Sayğılarla,
Adil Qeybulla
18 oktyabr 2026
