23 C
Bakı
12 Oktyabr 2026 11:54
CəmiyyətQalmaqal

Prezidentin xüsusi nümayəndəsinin adı 100 min manatlıq hərrac işində: məhkəmə araşdırmayıb

Bakı Hərbi Məhkəməsinin dələduzluqda təqsirləndirilən keçmiş mühafizə əməkdaşı barədə hökmündə ittihama daxil edilməyən 100 min manatlıq hərrac epizodu üzə çıxıb.

Şahid ifadəsinə görə, pul Əmlak Məsələləri Dövlət Xidmətinin “Elçin” adlı rəis müavininə çatdırılmalı idi. Açıq rəsmi mənbələr həmin dövrdə bu vəzifədə Elçin Yusubovun çalışdığını göstərir. O, bir neçə ay sonra Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Tacxeber.com xəbır verir ki, “Abzas Media”nın əldə etdiyi məlumata görə, hökmü Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyevin sədrliyi ilə hakimlər Fikrət Əliyev və Bilal Məmmədovdan ibarət tərkib çıxarıb.

Hərrac epizodu məhkəmədə proses iştirakçılarının razılığı ilə elan edilən şahid ifadəsində əksini tapıb.

Şahidin sözlərinə görə, o, iş üzrə məhkum edilən və ifadələrdə “Bəşir” kimi göstərilən keçmiş mühafizə əməkdaşı ilə 2023-cü ilin avqustunun əvvəlində tanış olub. Onu ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi tanıyıb.

Həmin ay Bəşir ona satışa çıxarılan bir zavodun dəmir konstruksiyalarını hərrac yolu ilə ala biləcəyini deyib. Zavodun adı isə açıqlanmayıb.

Şahidin ifadəsinə görə, Bəşir şəxsi əlaqələrindən istifadə edərək hərracın onların xeyrinə nəticələnməsinə kömək göstərə biləcəyini bildirib. İşin həlli üçün nə qədər pul lazım olduğu soruşulanda isə 200 min manat istəyib.

Bundan sonra şahid dəmir alqı-satqısı ilə məşğul olan tanışı Arzu Şəfiyevlə görüşərək təklifi ona danışıb.

Bakıda keçirilən növbəti görüşdə Bəşir pulun kimə çatacağını da açıqlayıb.

“Görüş zamanı Bəşir Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin adlı şəxslə yaxın münasibətlərdə olduğunu, onun vasitəsi ilə [zavodun] dəmir konstruksiyalarının satışının hərracda onların qalib olmağına köməklik göstərəcəyini bildirmişdir. Bəşir bu işin müqabilində 100000 manat pulu Elçin adlı şəxsə verəcəyini, 100000 manatın isə ona çatacağını bildirmişdir”, – şahid ifadəsində belə deyib.

İfadəyə görə, “Elçin” adlı şəxsə çatacaq 100 min manat əvvəlcədən verilməli, Bəşirin özünə çatacaq digər 100 min manat isə iş həll olunduqdan sonra ödənilməli idi.

Bundan iki-üç gün sonra Bəşir zavod direktorunun telefon nömrəsini şahidə verib. Şahid Arzu Şəfiyevlə birlikdə Mingəçevirə gedərək zavodun Famil adlı direktoru ilə görüşüb.

Direktor onları zavoddakı dəmir konstruksiyaları və anbarda olan dəmirin həcmi ilə tanış edib. Şahid ifadəsində həmin dəmirlərin həcmini gördükdən sonra bu işdən yüksək qazanc əldə etməyin mümkün olduğunu düşündüklərini bildirib.

2023-cü ilin avqustunun sonunda Arzu Şəfiyev 100 min manatı hazırlayıb.

Bəşir şahiddən Xətai rayonunda yerləşən “Nəlbəki” adlı çayxanaya gəlməyi xahiş edib. Arzu Şəfiyev ora dostları Teymur və Həsənlə birlikdə gəlib və onların iştirakı ilə 100 min manatı Bəşirə verib.

“Bəşir pulu götürərək Elçin müəllimə təqdim edəcəyini və məsələnin 4-5 günə həll olunacağını bildirmişdir”, – şahid ifadəsində deyib.

Bundan sonra onlar qısa müddət ərzində “Vedi” adlı şirkət də yaradıblar. Ancaq hərrac onların xeyrinə nəticələnməyib.

Şahidin sözlərinə görə, məsələ həll olunmadıqda Arzu Şəfiyev verdiyi pulu geri tələb edib. Bəşir isə müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını gecikdirib.

İfadədə qeyd olunur ki, bir dəfə şahid və Arzu Bəşirin dəvəti ilə onun evinə gediblər. Orada Bəşirin həyat yoldaşı və anası da onlardan əlavə vaxt istəyib. Buna baxmayaraq, pul geri qaytarılmayıb.

Məlumata görə, yekun hökmdə 100 min manatın sonradan “Elçin” adlı şəxsə faktiki olaraq verildiyini təsdiqləyən fakt yer almayıb.

“Elçin” kimdir?

Şahid ifadəsində adı keçən həmin şəxs yalnız “Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin” kimi təqdim olunub. Onun soyadı qeyd olunmayıb.

Açıq rəsmi mənbələr isə həmin dövrdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində Elçin Yusubovun çalışdığını təsdiqləyir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov. Foto: TrendXankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov. Foto: Trend

Elçin Mustafa oğlu Yusubov 1975-ci il avqustun 8-də anadan olub. O, Bakı Şəhər Yerli Gəlirlər İdarəsində direktor müavini, birinci direktor müavini və direktor vəzifələrində çalışıb.

2020-ci il mayın 13-də Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Xidmətin Əsasnaməsinə görə, qurum rəhbərinin prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini var.

2020-ci il mayın 13-də bu vəzifələrə Mətin Eynullayev, Elçin Yusubov, Rüstəm Şahbazov və Rafiq Cəlilov təyin olunublar.

Mətin Eynullayev 2021-ci il mayın 6-da rəis müavini vəzifəsindən azad edilərək Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin olunub.

Rafiq Cəlilov isə 2021-ci il sentyabrın 14-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rüstəm Şahbazovun rəsmi bioqrafiyasında onun 2020-ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini olduğu göstərilir.

Beləliklə, hərrac epizodunun baş verdiyi 2023-cü ilin avqustunda açıq rəsmi mənbələr Əmlak Məsələləri Dövlət Xidmətində “Elçin” adlı rəis müavini kimi Elçin Yusubovun çalışdığını göstərir.

Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Prezident Administrasiyasının hazırkı strukturunda da o, həmin vəzifədə göstərilir.

Pulun verildiyi 2023-cü ilin avqustundan Yusubovun Prezidentin xüsusi nümayəndəsi təyin edildiyi 2024-cü ilin martına qədər təxminən altı ay yarım vaxt keçib.

Dövlət əmlakının hərracda satışını isə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi təşkil edir.

Elçin Yusubov barəsində hər hansı cinayət işi, istintaq və ya intizam tədbiri barədə açıq mənbələrdə məlumat yoxdur.

Hərrac epizodu ittihama daxil edilməyib

Məlumata görə, Bakı Hərbi Məhkəməsinin hökmünün ittiham hissəsində keçmiş mühafizə əməkdaşına aid səkkiz dələduzluq epizodu sadalanıb.

Ancaq 100 min manatlıq hərrac epizodu onların arasında olmayıb.

Məhkəmə bu epizoda ayrıca hüquqi qiymət verməyib.

Hökmdə 100 min manatın “Elçin” adlı şəxsə çatıb-çatmadığı, həmin şəxsin kimliyinin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi və ya bu epizod üzrə materialların ayrıca icraata ayrılıb-ayrılmadığı barədə məlumat yer almayıb.

100 min manatı verən Arzu Şəfiyev də bu cinayət işi üzrə zərərçəkmiş şəxs kimi göstərilmir. Onun adından mülki iddia verilməsi barədə məlumat yoxdur.

Bəşirin tələb etdiyi 200 min manatdan faktiki olaraq 100 min manatın verildiyi, qalan 100 min manatın isə iş həll olunmadığı üçün ödənilmədiyi şahid ifadəsindən görünür.

Məhkəmə iş üzrə maddi sübutun və xüsusi müsadirə olunmalı əmlakın olmadığını da qeyd edib. Eyni cinayət işi üzrə başqa bir epizodda isə sübutların yetərliliyi ayrıca araşdırılıb.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatına işə düzəltmək vədi ilə 23 min manat alınması epizodunda istintaq Bəşirin başqa şəxslə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” hərəkət etdiyini irəli sürüb.

Məhkəmə isə bu hissənin yalnız bir ifadəyə əsaslandığını və digər sübutlarla təsdiqlənmədiyini bildirib. Nəticədə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” ifadəsi ittihamdan çıxarılıb.

100 min manatlıq hərrac epizodu üzrə isə belə bir hüquqi qiymətləndirmə aparılmayıb.

Material hazırlanarkən Əmlak Məsələləri Dövlət Xidmətinin və Elçin Yusubovun 100 min manatlıq hərrac epizodu ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

Məhkum edilən keçmiş mühafizə əməkdaşı kimdir?

Məhkəmə sənədlərində adı açıqlanmayan və ifadələrdə “Bəşir” kimi göstərilən şəxs 1980-ci ildə Bakıda anadan olub. Keçmiş mühafizə əməkdaşı doqquz müxtəlif medal və döş nişanı ilə təltif edilib. Bunların arasında “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Silahlı Qüvvələrin yubiley medalları var.

O, məhkəmədə bildirib ki, hərbi xidməti başa vurduqdan sonra 2003-cü ilin yanvarında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə qəbul olunub və 2022-ci ilin mayında təqaüdə çıxıb.

Xüsusi Dövlət Mühafizə Xidməti 2020-ci il martın 16-da prezident fərmanı ilə ləğv edilib. Onun bazasında Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi – külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı verilib. Məhkəmə səkkiz epizod üzrə onu təqsirli bilib.

Ən böyük məbləğ – 185 min manatlıq epizod üzrə ittihama görə, keçmiş zabit zərərçəkmişə ərzaq məhsullarının idxalı ilə məşğul olduğunu deyərək biznesə sərmayə qoyacağı halda hər ay qazanc əldə edəcəyini vəd edib və onun pulunu alıb.

Başqa bir şəxsdən Qaradağ rayonunun “Ümid” qəsəbəsində mənzil təşkil etmək vədi ilə iki dəfəyə 30 min manat götürülüb.

Digər zərərçəkmişdən ləğv edilmiş pensiyasının bərpa olunması vədi ilə 8 min manat alınıb.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatına işə düzəltmək vədi ilə başqa bir şəxsdən 23 min manat götürülüb.

2023-cü ilin avqustunda bir tanışından birgə biznes qurmaq vədi ilə 10 min ABŞ dolları – o dövrün məzənnəsi ilə 17 min manat alınıb.

Başqa bir şəxsin qardaşını Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəltmək vədi ilə əvvəlcə 21 min manat, sonra isə həmin şəxsin adına nisyə rəsmiləşdirilmiş “iPhone” telefonu götürülüb.

İttihamda telefonun dəyəri 3 min 280 manat, həmin epizod üzrə ümumi ziyan isə 24 min 280 manat göstərilib.

İpoteka yolu ilə ev almaqda kömək vədi ilə başqa bir zərərçəkmişdən dörd dəfəyə ümumilikdə 16 min 100 manat alınıb.

Daha bir şəxsin oğlunu Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəltmək vədi ilə üç dəfəyə ümumilikdə 16 min 500 manat götürülüb.

185 min manatlıq epizodda üç fərqli tarix

Ən böyük – 185 min manatlıq epizod üzrə hökmün müxtəlif hissələrində hadisənin tarixi və pulun verilmə səbəbi fərqli göstərilir.

İttihama görə, keçmiş mühafizə əməkdaşı 2021-ci ilin oktyabrında Prezidentin Təhlükəsizlik Xidmətinin mühafizə zabiti kimi qulluq mövqeyindən istifadə edərək zərərçəkmişə Azərbaycana ərzaq məhsulları idxal edib satdığı barədə həqiqətə uyğun olmayan məlumat verib.

O, zərərçəkmişə biznesə vəsait qoyacağı təqdirdə hər ay qazanc əldə edə biləcəyini vəd edib və 185 min manatını alıb.

Məhkum isə məhkəmədə başqa versiya danışıb.

O bildirib ki, zərərçəkmişlə 2022-ci ilin avqustunda tanış olub. Zərərçəkmişin işə düzəlmək istədiyini bildikdən sonra ona Prezidentin Mühafizə İdarəsinin İnformasiya Xidmətində şöbə rəisi vəzifəsinin vakant olduğunu və həmin vəzifəyə təyin olunmaq üçün 185 min manat lazım gəldiyini deyib.

Onun ifadəsinə görə, pulu 2022-ci ilin oktyabrında Yasamal rayonunda yerləşən notariat ofisinin qarşısında alıb və şəxsi ehtiyaclarına xərcləyib.

Bu ifadə başqa bir ziddiyyət də yaradır: keçmiş mühafizə əməkdaşı özünün 2022-ci ilin mayında təqaüdə çıxdığını bildirib.

Zərərçəkmişin məhkəmə ifadəsində isə hər iki versiyanın elementləri var.

O bildirib ki, Bəşir əvvəlcə İrandan ərzaq gətirib biznes qurmaq üçün 20-30 min manat lazım olduğunu deyib. Daha sonra isə onu Prezidentin Mühafizə İdarəsinin İnformasiya Xidmətində şöbə rəisi vəzifəsinə işə düzəldə biləcəyini bildirib və iki ali təhsil diplomunu, həmçinin əmək kitabçasını alıb.

Zərərçəkmiş məhkəmədə ümumilikdə Bəşirə 185 min manat verdiyini deyib.

Onun polisə təqdim etdiyi ərizənin hökmdə əks olunan məzmununda isə hadisə 2023-cü ilə aid edilir. Həmin sənəddə 185 min manatın iş qurub gəlir əldə etmək məqsədilə verildiyi göstərilir.

Beləliklə, eyni 185 min manatlıq epizod ittihamda 2021-ci ilə, məhkumun ifadəsində 2022-ci ilə, zərərçəkmişin polis ərizəsində isə 2023-cü ilə aid edilir.

Pulun nə məqsədlə verildiyi barədə də ittihamla ifadələr üst-üstə düşmür.

Məhkəmə bu ziddiyyətləri ayrıca müzakirə etməyib.

Beş ildən başlayan cəza iki ilə endirilib

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bakı Hərbi Məhkəməsi isə keçmiş mühafizə əməkdaşına Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək maddədə nəzərdə tutulan minimum həddən də aşağı – iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə yüngülləşdirici hallar kimi onun himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmişlərlə barışmasını, vurulmuş ziyanı könüllü ödəməsini, əməlindən peşman olmasını və doqquz təltifinin olmasını nəzərə alıb.

Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Məhkəmə həmin halların məcmusunu “müstəsna hal” hesab edərək Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib.

Hökmdə həmçinin qeyd olunur ki, qanunvericiliyə görə, mülkiyyət əleyhinə olan bu əməli törətmiş, zərərçəkmişlə barışmış və dəymiş ziyanı tam ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın 50 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyi halda cinayət məsuliyyətindən azad edilə bilər.

Məhkəmənin qənaətinə görə, zərərçəkmişlərlə barışıq, ziyanın könüllü aradan qaldırılması və peşmançılıq əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olub.

Keçmiş mühafizə əməkdaşının bundan əvvəl həbsdə və ev dustaqlığında keçirdiyi ümumilikdə 11 ay iki illik cəzadan çıxılıb.

Nəticədə onun üzərində 1 il 1 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

Üç zərərçəkmişin pul tələbinə dair mülki iddiaları isə onların ərizələrini geri götürməsi səbəbindən baxılmamış saxlanılıb.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dövlətin hər qərarının arxasında cəmiyyətin təhlükəsizliyi və gələcəyi dayanır

redaktor

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

redaktor

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor