Hələ 90-cı illərin sonunda Ankarada bir türkiyəli qardaşla hicab mövzusunda söhbətimiz oldu.
O dövrdə İstanbul universitetinin rektoru Kamal Aləmdaroğlu hicablı tələbələrə qadağa qoymuşdu və bütün Türkiyə bunu dartışırdı.
Türkiyəli dostuma dedim ki, niyə üryanlığa qarşı mütləq olaraq təsəttürü qoyursunuz? Yəni loru dildə desək, niya qadın ya tam örtünməlidir, ya da hər tərəfini açıb göstərməlidir?
Bunun orta yolu yoxdurmu? Məsələn, bizdə, yəni sovet Azərbaycanında dini baş örtüyü, çarşab olmayıb. Əyalətdə yaşayan yaşlı qadınlar başlarına yaylıq bağlayıblar.
Şəhərdəki qadınlar və qızlar da başları açıq olsa da, qolları, sinələri boyun-boğazları örtülü olub. Paltarlarının ətəyi də dizdən aşağı olub.
Mənə elə gəlir ki, normal geyim budur.
Əslən Türkiyənin Çorum şəhərindən olan Əhməd dedi ki, baş örtüyü, yaxud onların təbiri ilə desək, təsəttür uniformadır. Vahid uniforma olmasa, qarıların (o belə dedi) geyiminə nəzarət edə bilməzsən.
Çünki bu gün dizdən bir qarış aşağı olan paltarı sabah dizinə qaldıracaq. O biri gin dizindən dörd barmaq yuxarı və beləcə, yavaş-yavaş lütlənəcək…
Əhmədin fikrində müəyyən həqiqət vardı, bunu danmıram. Amma bunu hamıya aid etmək olmaz. Açıq-saçıq geyinməyi bütün qadınlar xoşlamır və hər cür azadlığı olan qadınların çoxu normal, abırlı geyimlərə üstünlük verirlər. Mənim yaşadığım, gördüyüm, müşahidə etdiyim Azərbaycanda qadınların əksəriyyəti belə olub və bu gün də belədir.
Türkiyədəki durum da bizdəkinə bənzəyir. Başqa sözlə, başını örtməyən qadınların hamısı açıq-saçıq geyinmir.
Bununla belə, cəmiyyətə mütləq nəzarət olunmalı, hər şey müəyyən normalara, qaydalara tabe edilməlidir.
Bir vaxtlar Avropada da əxlaq polisi olub və küçədə qadınların donlarının uzunluğunu, paltarlarının qollarını ölçüblər.
Yəni uniforma, geyim normaları hər zaman və hər yerdə tətbiq olunub.
Bu gün də dünyanın heç bir ölkəsində heç kəs istədiyi kimi geyinib, yaxud da üzərinə heç bir şey geyinməyib küçəyə çıxa bilməz. Belə şeylər olanda polis hökmən müdaxilə edir və qeyri-adi, alışılmayan mənzərəni aradan qaldırmaq üçün tədbir görür.
Dünyanın ən liberal ölkələrində belə vətəndaşların geyimləri ilə bağlı qaydalar var və ölçüləri, əndazəni aşmağa kimsəyə icazə verilmir. İfrat üryanlıq və ifrat qapalılıq yasaqdır.
İslam dini mənsublarının qadınlar üçün müəyyənləşdirdiyi geyim tərzi, yəni çarşab və baş örtüyünü də özünəməxsus uniforma saymaq olar.
Hətta xristian qadınlar da monastırda örtünür, kilsəyə gedərkən başlarına yaylıq bağlayırlar.
Belə olduğu halda niyə dünyəvi dövlət orta məktəblərdə hər hansı uniforma tətbiq etməsin?
Bu, dünyanın bütün ölkələrində həmişə olub, bu gün də var. Biz dünyəvi dövlətdə yaşayırıq, ölkəmizdə müxtəlif dinlərə sitayiş edən insanlar var. Odur ki, məktəbli formasına hər dinin geyim atributlarına uyğun elementlər əlavə etmək doğru olmaz. Şagirdlər vahid məktəbli formasında olmalıdır.
Digər tərəfdən, məktəb yaşlı uşaqların geyimlərini onların özü yox, valideynləri seçir. Çünki həddi-buluğa çatmayan şagird hansı geyimin münasib olduğuna qərar verə bilməz. Bizdə yetkinlik yaşı 18-dir, şagirdlər isə orta məktəbi 17 yaşda bitirirlər. Hansı dini, əqidəni, partiyanı, namizədi seçməyə də məhz bu yaşdan sonra qərar verə bilərlər.
Valideynin seçimində isə dövlətin yürütdüyü ideoloji xəttə uyğun gəlməyən məqamlar ola bilər. Doğrudur, biz demokratik, vicdan azadlığının olduğu cəmiyyətdə yaşayırıq. Ancaq bununla belə dövlətimiz dünyəvidir, məktəblərimizdə şagirdlərimiz təhsil almaqla yanaşı, təlim-tərbiyə də görürlər. Bu təlim-tərbiyə dövlətin sekulyar ideoloji xəttinə zidd ola bilməz.
Bu gün uşaqlarını məktəblərə israrla baş örtüyü ilə göndərməyə çalışan valideynlər, onlara qahmar çıxan dairələr, bu məsələ üzərində siyasi manipulyasiyalar quranlar dövlətin ideoloji xəttinə qarşı çıxmaqla aşkar sabotajla məşğul olurlar.
Onların arasında bunu dərk etməyənlər, baş örtüyünə səmimi olaraq əqidə, namus-qeyrət kimi baxanlar da ola bilər. Ancaq bu qətiyyən belə deyil və birmənalı olaraq xurafatdır.
Baş örtüyünü “Allahın əmri” kimi qələmə verənlər də var…
Əvvəla, İslamın təməl kitabı olan Quranda “başınızı örtün” deyə bir əmr yoxdur. Mövcud baş örtüyünün sinəyə qədər uzadılması var. Bunu artıq bir çox ilahiyyatçılar təsdiqləyir.
Düşünürəm ki, müasir dövrün rahat, isti məktəblərində nə baş geyiminə, nə də onun sinəyə qədər uzadılmasına ehtiyac var. Mövcud məktəbli paltarları kifayət qədər örtülü və abırlıdır. Məktəbdən çıxdıqdan sonra kiminsə başı, yaxud boyun-boğazı üşüsə, müvafiq geyimlərdən (yaylıq, şarf, papaq) istifadə edə bilər. Buna heç bir qadağa yoxdur.
Digər tərəfdən, hicab namus-qeyrət simvolu sayıla bilməz. Azərbaycan qadınlarının çoxu ilin əksər fəsillərində baş geyimindən istifadə etmir və bunun onların namusu-isməti ilə heç bir əlaqəsi yoxdur. Namuslu insan bunu hansısa atributla nümayiş etdirməyə ehtiyac duymur. O sadəcə əksəriyyətin istifadə etdiyi geyim və atributlara üstünlük verir. Amma etiraf edək ki, geyim və atributlardan müəyyən neqativ məqsədlər üçün istifadə edənlər də az deyil.
Belələri arasında siyasi hədəflər güdənlər də var. Onlar qonşu ölkələrdəki bəlli dairələrdən ilhamlanır, o dövlətlərin siyasi-ideoloji təbliğatını aparırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl YAP qurultayında etdiyi cəsarətli çıxışında o adamlara və dairələrə öz yerlərini göstərdi.
