Bakıda vaxtilə olan el arasında “Stalin arkası” kimi tanınan, ikinci dünya müharibəsində qələbəyə görə yaradılan “Zəfər tağı”.
Arka 1947-ci ildə sovet rəhbərliyi tərəfindən Bayıl-Bibiheybət yolunda inşa edilmişdir. O, sovet hakimiyyətinin Bakı üzərindəki ideoloji qələbəsini və gücünü simvolizə etməli idi.
Bu arkanın ucaldıldığı yer təsadüfi seçilməmişdi. Sovet terror rejimi 1936-cı ildə Bakıdakı repressiyalar və dinə qarşı mübarizə dalğasında XIII əsrə aid tarixi-memarlıq abidəsi olan Bibiheybət Məscidini partladaraq tamamilə məhv etmişdi.
Hətta etiraz edənlərə uzun müddətli həbs cəzaları verirdi. Belə qurbanlardan biri də məscidin partlatmasına qarşı çıxış edən abidələrin qorunması komissiyasının katibi Aleksey Salamov 20 illik həbsə göndərildi.
Bir neçə il sonra isə məhz həmin sökülmüş məscidin yerində, magistral yolun ortasında bu tağ ucaldıldı.
Arkanın tam ortasında milyonlarla insanın qatili olan İosif Stalinin böyük bir heykəli qoyulmuşdu. Maraqlıdır ki, digər sovet respublikarından fərqli olaraq Bakıda Stalinin heykəlinin belə qoyulması və sürücülərin hər gün onun “ayaqları altında” şəhərə daxil olması və çıxması sual doğuran məsələ idi.
Bakı Stalinin həyatında mühüm rol oynayan şəhər idi və bu abidəni düzəldənlər onun burada öldürülmək istəməsi, dəfələrlə döyülməsi, Bakı qoçuları və bəylərin yanında gücsüz olmasını bilirdilər.
Bəlkə də belə etməklə Stalinin Bakıda digər şəhərlərdən fərqli olaraq əl-qol açmaq imkanları olmadığını bilib belə mesaj vermək istəyiblər ki, baxın, Stalin sizi hansı günə saldı:
” Şəhərə onun “icazəsi” ilə daxil olursunuz.”
Başqa bir Bakıya vurulan mənəvi zərbələrdən biri də neçə əsr yaşı olan qəbrlər asfalt altında qalmışdı və nabələd insanlar hər gün bu məzarların üstündən keçib gedirdilər.
Daha bir mənəvi zərbə isə, köhnə Bakılılar bilir, bu arkanın olduğu yolu vaxtilə Xan qızı Natavan əhdi yerinə yetdiyi üçün çəkdiyi özəl bir zəvvar yolu idi və burada simvollar var idi, sovetlər isə sadəcə buranı dağıdaraq asfalt yol elədilər.
Mənəvi zərbələrdən biri də arkanın tikintisində partladılan məscidin divar daşları, xüsusi əhəngli hörgüsü və üzlük materiallarından istifadə edilməsi idi.
Tağın yuxarı hissəsində isə sovet dövlət rəmzləri, ornamentlər və dövrün ideoloji şüarları həkk olunmuşdu. Tağın üzərində Roma rəqəmləri ilə yazılmış “X·X·V” yazısı isə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illik yubileyinə işarə verirdi. Bəlkə də başqa bir mənası da olub. Lakin el arasında deyirlər ki, sovet Azərbaycanına aid idi bu rəqəmlər.
Maraqlı faktlardan biri də bu idi ki, arkanın üzərindəki Azərbaycan dilində olan şüarlar həm Latın, həm də qismən Kiril qrafikasının qarışığı ilə həkk olunmuşdu.
Maraqlıdır ki, Bakıda ən çox qəza da burda baş verirdi. Buna görə şəhərdə belə söz yayılmışdı:
“Məscidin ahı tutub, tağ sürücülərin gözünə görünür”
1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-də “şəxsiyyətə pərəstişin” tənqidi dövrü başladı. Şəhərlərdəki Stalin heykəlləri və onun adını daşıyan bir çox simvollar sürətlə yığışdırılmağa başlandı. Bu dalğanın tərkib hissəsi olaraq, Bibiheybətdəki bu zəfər tağı da 1950-ci illərin sonlarında tamamilə sökülərək ortadan qaldırıldı.
Stalinin heykəli bütöv şəkildə daşımaq vaxt apardığı üçün, sovet əsgərləri onu elə gecə ikən arkanın dibindəcə parçalara ayırıb yaxınlıqdakı Xəzər dənizinə atmışdılar. Yəni heykəlin qalıqları uzun illər dənizin dibində qalmışdı.
1990-cı illərdə bu arkanın yerində vaxtilə dağıdılmış qədim Bibiheybət məscidi və ziyarətgahı öz orijinal layihəsi əsasında inşa edildi və bərpa olundu.
