Bir neçə gün öncə Anar Məmmədli və Anar Abdullayevin məhkəmə prosesləri yekunlaşdı. Vəkillərin son sözlərindən sonra müttəhimlər son sözlərini dedilər. Anar Abdullayevin qısa çıxışından sonra hakim son sözünü demək üçün Anar Məmmədliyə söz verdi.
Əvvəlcədən çıxışının təyin ediləcək cəzaya təsirinin olmayacağını və bu çıxışının da tarix üçün, gələcəkdə indiki mövcud rejimi araşdıracaq araşdırıcılar üçün olduğunu bildirən Anar bəy ittihamın bütün iddialarını faktlarla darmadağın etdikdən sonra həbs edilməsinin əsil səbəblərini izah etdi. O, çıxışı zamanı bildirdi ki, bu, onun ikinci həbsidir və bu həbslərin aydınlıqla qaranlığın mübarizəsi də hesab etmək olar. Ölkəmizdə hələ 150 il öncə, “Əkinçi” ilə başlamış əhalinin maarifləndirilməsi prosesinin hər dəfə qara qüvvələr tərəfindən yarımçıq dayandırıldığını amma aydınların bu yoldan çəkinmədiyini bildirdi. Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin bu aydınlar sırasında olduğunu dedi. Bu yerdə hakim dözməyərək onun sözünü kəsdi və bu çıxışın işin mahiyyətinə aid olmadığını bildirdi. Prokuror isə Anar bəyin həbsinin Topçubaşovla hansı əlaqəsi olduğunu sorğuladı. Cavabında Anar bəy: “elə bu əlaqəni bilmədiyiniz üçün prokuror təyin edilmisiniz” cavabını verdi.
Onun bu sözlərindən sonra ittihamçı və hakimlər səslərini kəsdilər və Anar bəy çıxışıını davam etdirdi. Həbsinin dünyada və regionda baş verməkdə olan siyasi proseslərlə, seçki saxtakarlığlarını aşkarlaması ilə əlaqəli olduğunu tutarlı arqumentlərlə əsaslandıran Anar Məmmədli son olaraq “Yaşasın Azadlıq, Yayaşın Demokratiya!” söylədi.
Fasilə elan edən hakim 10-15 dəqiqə sonra yenidən salona daxil olaraq hökmü elan etdi. Anar Abdullayev 12 il, Anar Məmmədli isə 13 il müddətinə azadlıqdan məhrum edildilər…
