“Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov Qəbələdə döyülüb. O, TikTok-da din və ateizm mövzularında mübahisəli çıxışları ilə tanınır.
Yayılan məlumatlara və onun hüquqşünasının açıqlamasına görə, Bağırovu dini məsələləri müzakirə etmək üçün görüşə dəvət ediblər. Görüş Qəbələdəki “Çay Bağı”nda baş tutub. Görüş zamanı ondan dini mövzuda videolarını dayandırması tələb olunub və bundan sonra ona fiziki zor tətbiq edilib. Hadisə ilə bağlı saxlanılanların olduğu və polis araşdırmasının davam etdiyi bildirilir.
Mən Məqsəd Bağırovun dini baxışlarını müdafiə etmək fikrində deyiləm. Onun dedikləri ilə razılaşmamaq, hətta bəzi fikirlərini savadsız, təhqiramiz və yanlış hesab etmək olar.
Amma burada daha vacib bir prinsip var.
İnsan düşüncəsinə zorla cavab vermək olmaz.
Kimsə “Allah yoxdur” deyirsə, “Allah var” deyən adamın yumruq atması arqument olmalıdır. Çünki Allahın varlığını kiməsə döyməklə sübut etmək mümkün deyil.
Əksinə, ateist bir insanı dini fikirlərinə görə döymək dinin arqumentini gücləndirmir, onu zəiflədir.
İslam tarixində böyük ilahiyyatçılar, filosoflar, fəqihlər əsrlərlə Allahın varlığı, iman, küfr, şübhə və ağıl haqqında mübahisə ediblər. Kitab yazıblar, dəlil gətiriblər, bir-birinə cavab veriblər. Fikir tarixinin mahiyyəti də budur.
İnsanın fikrini dəyişmək istəyirsənsə, onun başına-başına döymək yox, ağlına müraciət etməlisən.
Üstəlik, zorakılığın çox təhlükəli bir məntiqi var. Bu gün dindar ateisti “yanlış danışdığına” görə döyürsə, sabah sünni şiəni, şiə sünnini, bir məzhəb o birini, ateist də dindarı döyməyə özündə haqq görə bilər.
Onda fikir mübahisəsi bitir, küçə hökmü başlayır.
Din insanın vicdan məsələsidir. İman da zorla yaranmır.
Allahın yumruğa ehtiyacı yoxdur.
Yumruğa ehtiyacı olan arqument artıq arqument deyil…
