Siyasət

Nazirlərin qapısında gözlədiyi adam: Ramiz Mehdiyevlə niyə hələ də ehtiyatla davranırlar?

Ramiz Mehdiyevlə bağlı yeni ittihamın məbləği açıqlanıb.
Tacxeber.com xəbər verir ki, Gununsesi.info-nun istintaqa dair əldə etdiyini bildirdiyi məlumata görə, Prezident Administrasiyasının keçmiş rəhbəri ayrı-ayrı dövlət vəzifəlilərindən və sahibkarlardan ümumilikdə 70 milyon manat rüşvət almaqda ittiham olunur. İstintaq davam etdiyindən məbləğin arta biləcəyi də bildirilir. Hələlik bu 70 milyon rəqəmini rəsmi istintaq orqanının ayrıca açıqlamasında görmürük və buna görə onu sübuta yetirilmiş fakt deyil, mediada yayılan istintaq məlumatı kimi qəbul etmək lazımdır.

70 milyon böyük puldur.
Amma Ramiz Mehdiyevin Azərbaycandakı keçmiş siyasi çəkisini nəzərə alanda başqa sual yaranır:
Cəmi 70 milyon?
Söhbət 24 ilə yaxın Prezident Administrasiyasının rəhbəri olmuş adamdan gedir. Azərbaycanın siyasi sistemində elə bir dövr olub ki, nazirin, komitə sədrinin, icra başçısının və başqa yüksək vəzifəlilərin siyasi taleyində Prezident Administrasiyasının və onun rəhbərinin böyük təsir imkanları vardı.

Ramiz Mehdiyevin real çəkisini isə bəlkə də onun vəzifədə olduğu illərdən çox, vəzifədən gedəndən sonra baş verənlər göstərir.
2019-cu ilin oktyabrında Prezident Administrasiyasından ayrıldı. İlham Əliyev ona Heydər Əliyev ordeni verərək AMEA prezidenti təyin etdi.
Adam artıq Prezident Administrasiyasının rəhbəri deyildi.

Amma yüksək dövlət məmurlarının yolu yenə onun rəhbərlik etdiyi Akademiyadan keçirdi.
17 yanvar 2020-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AMEA-da idi. Yanvarın 30-da kənd təsərrüfatı naziri İnam Kərimov orada görüş keçirirdi. Fevralın 3-də prezidentin köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov və yenə Sahil Babayev AMEA Rəyasət Heyətində Mehdiyevin iştirak etdiyi görüşdə idilər. AMEA-nın özünün 2020-ci ilin fevralında verdiyi məlumatda həmin dövrdə İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüş də ayrıca qeyd olunur.
Hələ bundan əvvəl — 28 dekabr 2019-cu ildə AMEA-nın Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Ümumi Yığıncağında baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, təhsil naziri Ceyhun Bayramov, SOCAR prezidenti Rövnəq Abdullayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsi iştirak edirdi.

Bu siyahı maraqlıdır. Çünki Ramiz Mehdiyev artıq Prezident Administrasiyasının rəhbəri deyildi.
Amma dövlət elitasının mühüm nümayəndələri yenə onun ətrafında görünürdülər.
Ramiz Mehdiyev kabinetini itirmişdi, amma çəkisini hələ tam itirməmişdi.
Hakimiyyət ev dustağı etdiyi Ramiz Mehdiyevlə niyə bu qədər ehtiyatlı davranır?
Ramiz Mehdiyev 88 yaşındadır. Sovet siyasi məktəbindən çıxıb. 1965-ci ildən komsomol aparatında çalışıb, sonra sovet nomenklaturasında yüksəlib. 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib.

Belə bir adamın nə bildiyi sualı onun nə qədər pulunun olduğu sualından bəlkə də daha önəmlidir.
Kim necə vəzifəyə gəlib?
Kim kimin himayəsində olub?
Hansı qərarın arxasında hansı maraq dayanıb?
Kim kimə nə söz verib?
Hakimiyyət daxilində hansı qarşıdurmalar yaşanıb?
Bunların nə qədərini Ramiz Mehdiyev bilir?
Çox güman ki, çoxunu.
Amma bundan bir addım irəli gedib “Ramiz Mehdiyevin əlində konkret filankəs haqqında kompromat var” demək üçün bizim sübutumuz yoxdur.
Sadəcə sovet siyasi sisteminin başqa bir xüsusiyyətini bilirik: məlumat toplamaq, dosye saxlamaq və insanları zəif nöqtələri vasitəsilə idarə etmək həmin siyasi mədəniyyətin mühüm alətlərindən idi. Ramiz Mehdiyev də məhz həmin məktəbdən çıxmış aparatçıdır.#
24 il sistemin mərkəzində oturmuş Ramiz Mehdiyev özü ilə nə qədər sirr aparıb?
Ramiz Mehdiyevin hakimiyyətlə açıq savaşa getməməsi üçün öz səbəbləri ola bilər. 88 yaşında adam yalnız özünü düşünmür. Ailəsi, övladları, nəvələri, yaxınlarının gələcəyi var.
Hakimiyyətin də qarşıdurmanı son həddə çatdırmamaq üçün öz hesabı ola bilər.
Bəlkə hər iki tərəf anlayır ki, oyunun qaydaları dəyişib, amma köhnə oyunun arxivi hələ yox olmayıb.

Ramiz Mehdiyev artıq əvvəlki Ramiz Mehdiyev deyil.
Nazirlər onun qəbuluna getmir.
Dövlət aparatının taleyini müəyyənləşdirən kabinetdə oturmur.

88 yaşı var.
Hakimiyyət bəlkə də hesab edir ki, zaman onsuz da öz işini görəcək və nəzarət olunan qarşıdurma nəzarətdən çıxmış müharibədən daha təhlükəsizdir.
Çünki Ramiz Mehdiyev hakimiyyətini itirib, yaddaşını yox…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Putin Ermənistana: İstəmirsinizsə, sabah gedərik

redaktor

Cənubi Qafqazda yeni geopolitik savaş: sülhün taleyi böyük güclərin əlində

redaktor

İranın zərbələri ABŞ-ın regionda istədiyi təhlükəsizlik arxitekturasını gücləndirə bilər

redaktor