30 C
Bakı
25 Avqust 2026 12:02
DünyaSiyasət

Qazaxıstan (Türküstan) seçim qarşısındadır

Ötən ayın 20-də yazdığım “Çin “Pax Silica”-ya qarşı “WAICO” ittifaqını yaradır” başlıqlı məqalədə hər iki ittifaqda təmsil olunan Qazaxıstanın “WAICO” ilə “Pax Silica” arasında seçim etməli olacağını vurğulamışdım.

Reuters agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti təxminən 35 ölkəyə məktub göndərərək Çinlə texnoloji qarşıdurmada mövqe tutmasını tələb edəcək. Dövlət Departamenti bu məktubla “World Artificial Intelligence Cooperation Organization”-da (Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı) iştirak edən dövlətlərə onların Vaşinqtonun rəhbərlik etdiyi “Pax Silica” süni intellekt koalisiyasına girişi məhdudlaşdıracağı haqqında xəbərdarlıq edəcək. Dövlət Departamentinin məktub göndərəcəyi dövlətlərin arasında ən çox diqqət çəkən ölkə Qazaxıstandır. Çünki, Qazaxıstan Dövlət Departamentinin məktub göndərəcəyi ölkələr arasında yeganə dövlətdir ki, həm Vaşinqtonun liderliyi ilə yaradılan “Pax Silica”-da, həm də Pekinin təşəbbüsü ilə yaradılan “WAICO”-da təmsil olunur.

Reuters-in məlumatına görə, Dövlət Departamentinin məktubunda belə ifadələr var: “Hər şeyin bir hissəsi olmaq heç nəyin bir hissəsi olmaq deməkdir. “Pax Silica” bəyannaməsini imzalamaq sadəcə üzvlük abunəlik deyil, həm də öhdəlikdir”.

Vaşinqtonda hesab edirlər ki, bir ölkənin Çinin təşəbbüsündə iştirakı onun texnologiya ekosistemində etibarlı tərəfdaş ola biləcəyini şübhə altına alır.
Çin rəsmiləri hesab edirlər ki, “bu cür hərəkətlər süni intellektin qlobal inkişafına mane olacaq və heç kimin maraqlarına xidmət etməyəcək”.

Qazaxıstan süni intellekt və yeni texnologiyalar sahəsində həm ABŞ, həm də Çin şirkətləri ilə nəhəng layihələr həyata keçirməyə başlayıb. NVIDIA və Firebird Aİ texnologiya şirkətləri ilə bağlanmış 10 milyard dollarlıq müqavilələr Qazaxıstanın Avrasiyanın rəqəmsal və hesablama mərkəzinə (data center) çevrilməsini təmin etməlidir. Layihə çərçivəsində NVIDA-nın qabaqcıl, o cümlədən GB300 və Vera Rubin də daxil olmaqla 100 000 (yüz min) çipinə əsaslanan bir klaster qurulması nəzərdə tutur. 125 MVt gücündə məlumat mərkəzinin kommersiya istismarı 2027-ci ilə planlaşdırılır.

Eyni zamanda Qazaxıstan Prezident Kasım-Jomart Tokayevin Şanxaya son səfəri zamanı Çinin aparıcı texnologiya şirkətləri ilə 15 milyard dollardan çox dəyərində 70-dən çox müqavilə imzalayıb. Belə bir şəraitdə Vaşinqton “Pax Silica” ilə “WAICO” arasında seçimdə israr edərsə Qazaxıstan çətin seçim qarşısında qalacaq. “WAICO”-nu seçən dövlətlərə qarşı Vaşinqtonun məhdudlaşdırıcı tədbirlər görəcəyini nəzərə alanda, Pekinin təşəbbüsünə qoşulan dövlətlər NVIDIA-nın ən qabaqçıl çiplərindən məhrum olacaqları kimi, ABŞ-ın texnologiya nəhəngləri ilə əməkdaşlq imkanını itirməklə yanaşı nəhəng sərmayə qaynaqlarına çıxışı da itirə bilərlər.

Halbuki, Qazaxıstanın NVIDIA və Firebird Aİ texnologiya şirkətləri həyata keçirməyə hədəflədiyi 125 MVt gücündə məlumat mərkəzinə Astana cəmi bir milyard dollar ayırmağı nəzərdə tutur. On milayrd dollarlıq layihənin həyata keçirməsini təmin edəcək sərmayəni Firebird AI şirkəti cəlb etməlidir. Aydın görünür ki, Vaşinqton məhdudlaşdırıcı tədbirlər görsə Firebird AI şirkəti bu öhdəlilərini yerinə yetirə bilmədiyi kimi, 125 MVt gücündə məlumat mərkəzinin inşaası üçün lazım olan NVIDA-nın qabaqcıl, o cümlədən GB300 və Vera Rubin də daxil olmaqla 100 000 (yüz min) çipinin təchizatını həyata keçirə bilməyəcək.

Qazaxıstanın “Pax Silica” ilə “WAICO” arasında seçimi Türküstanın (Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) seçimi üçün həlledici, Azərbaycanın seçimi üçün təsiredici olacaq. Hətta Qazaxıstanın seçiminin Türküstanın seçimi olacağını da söyləmək mümkündür. Bu Qazaxıstanın Türküstanın iqtisadi lokomotivi olması ilə yanaşı, süni intellekt və yeni texnologiyalar sahəsində bölgənin lideri olması ilə bağlıdır.

Qazaxıstanın “Pax Silica” ilə “WAICO” arasında seçimi zamanla onun siyasi mövqeyinə də təsir edəcək. “Pax Silica”-nı seçəcəyi halda Qazaxıstanın Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalması mümkünsüz hala gələcək. Qazaxıstanın bu təşkilatlardan çıxması Türküstanın Rusiya və Çindən uzaqlaşmasına imkan yaradaraq, bu çoğrafiyanın gerçək suverinliyinə qovuşmasına imkan verəcək.

ABŞ dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini, texnologiya üzrə ekspert Yakob Helberqin dediyi kimi, XX əsrdə iqtisadiyyat neft və polada əsaslandırsa, XXI əsrdə məlumat mərkəzlərinin gücünə və onların fəaliyyətini təmin edən minerallara bağlı olacaq. Buna görə, “Pax Silica” ilə “WAICO” arasında seçim xalqların taleyini müəyyən edəcək seçimdir. Bu NATO və Varşava Müqaviləsi Təşkilatı arasındakı seçimdən müqayisə olunmayacaq dərəcədə strateji seçimdir.

NATO və Varşava Müqaviləsi Təşkilatı hərbi birliklər idilər və onlara qoşulmadan da inkişaf etmək mümkün idi. Süni intellekt əsrində (bəlkə də min illiyində) “Pax Silica”-ya və ya “WAICO”-ya qoşulmadan inkişaf etmək bir yana, tərəfsiz qalmaq mümkün olmayacaq.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İran adlanan ölkədə, bir yumurtanın qiymətində görünən böyük iqtisadi böhran

redaktor

Zelenski: Rusiya Ukraynanın dəniz dəhlizini boğmağa çalışır

redaktor

“Troya atı-2”: ABŞ İranda 1 milyard dollarlıq planı niyə həyata keçirə bilmədi?

redaktor