DünyaMuharibəSiyasət

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi, adı üstündə, öz “ənrabadi” açıqlamaları ilə Yaxın Şərqdə yeni müzakirələrə yol açıb. O, keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ-la İran İslamabad Sazişi çərçivəsində gələn həftə başa çatması gözlənilən 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər. İranın yüksək çinli rəsmiləri isə Reuters agentliyinə açıqlamalarında bu faktı inkar edərək atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmadığını bildiriblər. Mənbə Tehranın atəşkəsin başlaması üçün müəyyən bir tarixi qəbul etmədiyini vurğulayaraq əlavə edib ki, “uzadılacaq bir şey yoxdur”.

Maraqlıdır ki, adətən ABŞ-la münasibətlərin normallaşması istiqamətində bütün müsbət xəbərləri inkar yolunu tutan İran rəsmilərinin inadkarlığının xilafına beynəlxalq neft bazarından gələn məlumatlar nikbinlik üçün əsas yaradır. Məsələn, London qitələrarası birjasında (ICE) 1 barel Brent nefti bu gün də kritik səviyyə sayılan 90 ABŞ dollarında aşağı qiymətə – 84.20 dollara təklif olunub. Sirr deyil ki, beynəlxalq neft maqnatlarında İranla ABŞ arasında münasibətlərin normallaşmasına dair ümidlər olmasaydı, Brent markalı neftin qiyməti yəqin ki, 100 dolları keçərdi.

Digər tərəfdən, ABŞ-ın Enerji naziri Kris Rayt (Chris Wright) dünən X hesabından paylaşdığı bir açıqlamasında çox ciddi iddialar irəli sürüb. Raytin iddiasına görə, “ABŞ ordusunun və körfəz ölkələrinin əlaqələndirilmiş səyləri sayəsində” Hörmüz boğazından nəql olunan neftin gündəlik həcmi orta hesabla 9 milyon bareldir.

“Yeni təkmilləşdirilmiş boru kəmərləri və ixrac qurğuları vasitəsilə regiondan çıxan əlavə gündə 5-7 milyon barel ilə birlikdə ümumi neft axını hazırda gündə orta hesabla təxminən 15 milyon barel təşkil edir.

Təkcə bazar günü Ərəbistan körfəzi bölgəsindən 20 milyon bareldən çox neft çıxarılıb ki, bu da münaqişədən əvvəlki orta göstəricidən yüksəkdir”, – Rayt X paylaşımında bildirib.

Qısası, ABŞ-ın enerji nazirinin iddialarına inansaq, Fars körfəzi bölgəsindən daşınan neftin miqdarı müharibədən əvvəlki səviyyələri belə aşıb.

Ekspertlərin fikrincə, əgər bu rəqəmlər dəqiqdirsə, ABŞ-ın İranla başqa bir sülh müqaviləsi bağlamadan mühüm dəniz yolu ilə neft ticarətini asanlaşdırmağa müvəffəq olub və bu da İranın danışıqlarda Hörmüz boğazı kartından istifadə etmək inkanını itirdiyini göstərir.

Düzdür, dünyanın nüfuzlu neft mütəxəssisləri Kris Raytın sözlərinə şübhə ilə yanışır, onun, böyük ehtimalla “TOTAL [Hörmüz boğazı] axınları ilə Oman marşrutunu” qarışdırdığını düşünürlər. Obsidian Risk Advisors şirkətinin icraçı direktoru Brett Erikson “gündə 9 milyon barel nefti dəstəkləyən heç bir dəlil yoxdur”, – deyərək Raytın peşəkarlığını belə, şübhə altına alıb.

Fəqət, Kris Rayt Brett Eriksonun ağlına və hesablama qabiliyyətinə şübhə edəcəyi qədər xam birisi də deyil. O, nazir seçilməmişdən əvvəl Şimali Amerikada yerləşən və bazar kapitalı 2,7 milyard dollar olan neft mədən xidmətləri şirkəti Liberty Energy-nin baş direktoru vəzifəsində çalışırdı. Hər halda, bu qədər təcrübəyə malik birisi Hörmüz boğazı ilə Oman körfəzini qarışdıracaq qədər savadsız biri ola bilməz.

Üstəlik, ötən həftə sonu “Axios”a açıqlama verən ABŞ rəsmilərindən biri də “hər gecə Omanın ərazi suları yaxınlığındakı cənub marşrutu ilə Hörmüz boğazından təxminən 8 milyon barel neft keçdiyini” bəyan etmişdi. Adı açıqlanmayan bu rəsminin iddia etdiyi rəqəmlər də Raytın yayımladığı statistikanı təsdiqləyir.

Ən önəmlisi isə İrana sədaqəti ilə seçilən İraqda yaşananlardır. Məlumata görə, İraqın Baş naziri Əli Zeydi bu gün ölkədə fəaliyyət göstərən bütün proksi qüvvələrin əlindəki silahların dövlət nəzarəti altına alacaq qanun layihəsinin hazırlanması barədə əmr verib. İranla ABŞ arasında hər hansı razılaşma olmasaydı, Əli Zeydi belə bir əmr vermək cəsarəti göstərə bilməzdi.

Yuxarıdakı məlumatlar silsiləsindən çıxan ən önəmli nəticə budur: Hörmüz boğazı bir kart kimi artıq SEPAH-ın əlindən çıxıb. Rayta inansaq, Hörmüz kartının əldən çıxmasında ABŞ ordusu qədər körfəz ölkələrinin də “əlaqələndirilmiş səyləri”nin mühüm rolu olmuşdur. Bu qənaətin nə dərəcədə həqiqət olub-olmadığını yaxın günlərdə görəcəyik.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Oleksandrovka istiqamətindəki hücumunun uğurlu olduğunu bildirib

redaktor

Ox-yayla Parisə qədər: Napoleonun məğlubiyyətində türklərin undulan izi…

redaktor