Ötən gün Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani Suriyanın paytaxtı Dəməşqə getmiş və Suriya prezidenti Əhməd Əş-Şara ilə görüşmüşdü. Görüşdə PKK-nın Suriya qolunun nəzarəti altında fəaliyyət göstərən SDG-nin (Suriya Demokratik Gücləri) Suriyaya inteqrasiya məsələləri müzakirə olunmuşdu.
Görüşdə tərəflərin nə barədə razılığa gəlib gəlmədikləri bildirilmirdi. Ancaq bu gün Hesekedən (Heseke – Suriyanın şimalında bir şəhər) gələn məlumatlara görə, DSG artıq özünü buraxmaq barədə qərar qəbul edib. Razılaşmaya əsasən, DSG-nin silahlı qanadı əllərindəki silahları ilə bərabər Suriya Ordusuna qatılacaq, təşkilatın bu günə qədərki rəhbəri Məzlum Abdi isə siyasi partiya quracaq və deputatlıq mandatı uğrunda mübarizə aparacaq. Onun partiya fəaliyyətində nə qədər uğur qazanacağı belə, şübhəlidir. Çünki onun quracağı partiyaya səs verənlər təkcə öz xalqının nümayəndələri olmayacaq. Kürdlərlə yanaşı, ərəblər, türkmənlər və digər etnik azlıqlar da eyni hüquqlar çərçivəsində bu partiyaya səs verəcəklər. DSG-nin son 13 ildə digər etnik qruplara qarşı apardığı diskriminasiya siyasəti Suriyanın şimalında yaşayan ərəb və türkmənlərin bu təşkilata etimadsızlıq mühiti yaratmış, bir-birinin qanına susayacaq qədər düşmən olmasına yol açmışdır. Məhz bu səbəbdən də Şimali İraq əhalisinin böyük əksəriyyətinin DSG qüvvələrinə səs verəcəyi gözlənilmir. Görünən budur ki, kürd separatçıları ancaq Konstitusiya ilə onlara kvota kimi ayrılmış 4 deputatlıq yerinə iddia edə bilərlər.
DSG-nin nəzarətində olan bütün qurumlar isə Dəməşqə təhvil veriləcək.
Bütün bunlar Suriyanın şimalında fəaliyyət göstərən kürd separatçı qurumların artıq ləğv olunması, ölkənin suverenliyinin bərpa edilməsi anlamına gəlir. Yəqin ki, silahlı kürd qrupları PKK ilə bərabər İranla sərhəd bölgəsinə köçürüləcək və molla rejiminə qarşı müharibəyə qoşulacaq.
Maraqlıdır ki, kürd separatçılarının bütün tələblərinə baxmayaraq, qadın savaşçılardan təşəkkül tapan YPJ-nin (Qadın Qoruma Birlikləri) Suriya ordusuna inteqrasiyası Dəməşq tərəfindən qəbul olunmayıb. Onlara Daxili İşlər Nazirliyində antiterror şöbəsində müvəqqəti olaraq fəaliyyət göstərmələri təklif edilib. YPJ-nin isə bu təklifə isti baxmadığı bildirilir.
Qısası, Nəçirvan Bərzaninin bütün xahişlərinə baxmayaraq, Suriyanın şimalında kürd separatçılarının dominantlığı tarixə qovuşur.
